Azərbaycanla UNESCO arasında saziş
imzalandı
Təşkilatın qeyri-maddi mədəni
irs üzrə
Hökumətlərarası Komitəsinin 10-cu sessiyası
Bakıda keçiriləcək
Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ilə UNESCO-nun baş direktoru İrina Bokova arasında görüş
keçirildi.
Azərbaycanın qurumla sıx
əlaqələr qurduğunu
qeyd edən nazir bu əməkdaşlıq
çərçivəsində bir neçə tədbirin, birgə layihələrin həyata
keçirildiyini vurğuladı.
Bildirildi ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs
nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi də ölkəmizin təşkilatla
səmərəli əməkdaşlığının
nəticəsidir.
Nazir ölkəmizin UNESCO ilə əməkdaşlığının
inkişafında təşkilatın
xoşməramlı səfiri,
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın böyük
rolu olduğunu vurğuladı.
Qobustan Dövlət Tarix-Bədii Qoruğunun yeni muzeyinin fəaliyyətə başladığını
xatırladan nazir qeyd etdi ki,
Qobustanın tarixi abidə olaraq UNESCO tərəfindən bəşəriyyətin
maddi irs
siyahısına salınması
bu işdə bir irəliləyiş yaratdı: “Bu əməkdaşlığa
müsbət yanaşdığınıza
görə sizə öz minnətdarlığımı
bildirirəm”.
Bu ilin dekabrında UNESCO-nun qeyri-maddi
mədəni irs üzrə Hökumətlərarası Komitəsinin
10-cu sessiyasının Bakıda
keçiriləcəyini deyən
Əbülfəs Qarayev
bu mühüm tədbirə ciddi hazırlıq görüldüyünü,
işçi qrupun artıq fəaliyyətə
başladığını bildirdi: “Əminəm ki, Azərbaycan bu yubiley iclasının
təşkili işinin
öhdəsindən gələcək”.
Nazir Azərbaycanın mədəni irsinə göstərdiyi diqqətə
və Hökumətlərarası
Komitənin 10-cu sessiyasının
keçirilməsini Azərbaycana
etibar etdiyinə görə UNESCO-nun baş
direktoruna təşəkkürünü
bildirdi.
İrina Bokova isə öz növbəsində
UNESCO ilə Azərbaycan
arasında əməkdaşlığın
konkret nəticələrinə
diqqət çəkdi:
“Mən çox sevinirəm ki, siz Qobustanda yeni muzey tikmisiniz.
Təəssüf ki, vaxt azlığına görə
mən bu muzeyə gedə bilməyəcəyəm. Lakin deyim ki, belə
muzeyin yaradılması
mədəni irsin qorunmasına xidmət edir”.
Baş direktor Azərbaycanın qeyri-maddi mədəni irs üzrə
Hökumətlərarası Komitənin 10-cu sessiyasına
ev sahibliyi etmək qərarını
ölkənin UNESCO-nun dəyərlərini
bölüşdüyünün və dəstəklədiyinin
göstəricisi olduğunu
bildirdi: “Belə tədbirlər vasitəsilə
biz bir-birimizin mədəniyyətini,
tarixini daha yaxından öyrənirik.
Əməkdaşlığa görə sizə
bir daha minnətdarlığımı bildirirəm və buna şadam”.
UNESCO-nun baş direktoru rəhbərlik etdiyi təşkilatın bundan sonra da Azərbaycana
öz dəstəyini
əsirgəməyəcəyini vurğuladı.
Sonra Azərbaycan və
UNESCO arasında qeyri-maddi
mədəni irsin mühafizəsinə dair Hökumətlərarası Komitənin
10-cu sessiyasının Bakıda
keçirilməsi ilə
bağlı saziş imzalandı. Sənədə UNESCO-nun baş direktoru İrina Bokova və Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev imza atdılar.
Sazişdə bu
ilin dekabr ayında
Bakıda keçiriləcək tədbirlə bağlı bütün təşkilati məsələlər
əksini tapıb.
Mədəniyyət.- 2013.- 31 may.-
S. 3.