Bakı mədəniyyətlərarası
dialoqun paytaxtıdır
Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda işə başlayan II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirildi.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, UNESCO-nun mədəniyyətlərarası dialoq departamentinin rəhbəri Katerina Stenau və Dünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Əmir Əbdül Qafarın iştirakı ilə baş tutan tədbiri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Dünya Forumunun mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğuladı.
Forum yeni ideya və fikirlərə təkan verəcək
Bildirildi ki, iyunun 1-dək davam edəcək Forumun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi nüfuzlu beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləridir: “Forum ölkəmizdə keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu sessiyalarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında mövcud olan münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək. Forum günlərində paytaxtımıza təşrif buyurmuş nümayəndə heyətləri Azərbaycanı daha yaxından tanımaq imkanı da əldə edəcək».
Nazir qeyd etdi ki, iki il əvvəl Bakıda keçirilən I Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində işçi qrup yaradılıb və ötən müddətdə qrupa daxil olan şəxslər bir çox xarici ölkələrdə müxtəlif görüşlər keçirib, müzakirələr aparıblar. İkinci Forumun gündəliyinin formalaşmasında həmin görüş və müzakirələrin nəticələri də nəzərə alınıb.
Sonra konfrans iştirakçılarını təqdim edən nazir Forumun gündəliyi haqqında məlumat verdi. Bildirildi ki, iyunun 1-dək davam edəcək Forumda ümumilikdə 20-dən çox tədbir, o cümlədən müxtəlif mövzularda plenar sessiyalar, 10-dək işçi sessiya gerçəkləşəcək. Forumun zəngin mədəni tədbirlər proqramı da var.
Mətbuat konfransında çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser böyük tarixi keçmişə və mədəni irsə malik Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı, Dünya Forumuna himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.
Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq bunun son səfər olmayacağına əminliyini bildirdi: «Ölkənizin gözəlliyi məni valeh edib».
“Məqsədimiz sülh və tolerantlığı hər yerdə yaymaqdır”
Təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açan Nasir Əbdüləziz əl-Naser qeyd etdi ki, Bakı Forumu ilə «Mədəni müxtəliflik üçün bir şey et» qlobal kampaniyasına start verilir: «Kampaniyanın əsas məqsədi qlobal sülhü, tolerantlığı inkişaf etdirmək və hər yerdə yaymaqdır».
Bakıya növbəti səfərindən məmnunluğunu bildirən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri paytaxtımızın günbəgün gözəlləşməsini xüsusi vurğuladı. O, tədbirin əhəmiyyətini qeyd etdi və dünyada baş verən zorakılıqları, dini ayrı-seçkilikləri pislədi. İSESCO-nun baş direktoru vətəni Suriyadakı vəziyyətə də toxundu: «Orada vəziyyət çox gərgindir. Ümid edirəm ki, sonda hər şey yaxşı olacaq. Suriya xalqı müqəddəratını özü müəyyən etməlidir. Biz üçüncü tərəfin ora müdaxilə etməsini istəmirik. O ki qaldı Azərbaycana, burada müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması başqaları üçün nümunədir. Dini siyasətə qatmaq düzgün deyil. İnsanların etiqad azadlığı olmalıdır. Bu baxımdan Azərbaycan digərləri üçün model ola bilər. Mən 2005-ci ildən mütəmadi olaraq ölkənizə səfər edirəm. Buradakı inkişaf, insanların mədəni səviyyəsi, bir-birilərinin etiqadına hörməti məni çox təsirləndirir».
Qonaq Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin mədəni inkişafı, rifahı, dünyada tanınması, həmçinin mədəniyyətlərarası dialoq, mədəniyyətlərin yaxınlaşması istiqamətində gördükləri işləri yüksək dəyərləndirdi.
Azərbaycanın təcrübəsi digər ölkələr tərəfindən öyrənilməlidir
Forumun Bakıda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən UNESCO-nun mədəniyyətlərarası dialoq departamentinin rəhbəri Katerina Stenau sülh və inkişafla mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik arasında əlaqələrdən danışdı. Xanım Stenau xüsusi olaraq vurğuladı ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə mənsub insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir: «Bu isə ölkənin inkişafında vacib amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir. Hazırda Avropada maliyyə böhranı səbəbindən inkişaf dayanıb, digər ölkələr isə inkişafını davam etdirir. İnsanların mədəni inkişafını isə heç nə dayandıra bilməz. Bakıda keçirilən Forum bu inkişafa və müxtəlifliyə yardım edir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər».
İnsanlar arasında anlaşmanın yaranmasında turizmin mühüm rolu var
Dünya Turizm Təşkilatının (DTT) Yaxın və Orta Şərq üzrə regional direktoru Əmir Əbdül Qafar bildirdi ki, turizmin inkişafı üçün sülh, əmin-amanlıq, insanlar arasında qarşılıqlı hörmət kimi amillər vacibdir: «Turizmin inkişafında iqtisadi göstəricilər çox böyük rol oynayır. Bəzi ölkələrdə turizm ümumi daxili məhsulun 5 faizini təşkil edir. Forum çərçivəsində turizmin mədəniyyətlərarası dialoqun yaranmasında və insanlar arasında sülhün və əmin-amanlığın bərqərar olmasında rolunu araşdıracağıq. İnanıram ki, insanlar arasında qarşılıqlı anlaşmanın yaranmasında və dünyada sülhün bərqərar olmasında turizmin rolu hələ öyrənilir. Biz bu sahədə səylərimizi davam etdiririk. Turizm sadəcə dünya ölkələrinin sərhədlərindən bir milyard insanın keçməsi deyil. Burada daha çox insanlar prosesə qoşulurlar. Ölkələr arasında turizmin qarşılıqlı inkişafı artıq dünya səviyyəsində çox prioritet bir məsələyə çevrilib».
Forumun tolerantlığın inkişaf etdirilməsi baxımından da vacibliyinə toxunan DTT təmsilçisi tədbirin işinə uğurlar arzuladı.
Sonda iştirakçılar jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 31 may.-
S. 4.