Praqada Azərbaycana həsr edilmiş sərgi keçiriləcək
Mədəniyyət və turizm
naziri çexiyalı həmkarı ilə
görüşdü
Mayın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Çexiya Respublikasının mədəniyyət naziri xanım Alyona Xanakova ilə görüşdü.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən söz açıldı, bu istiqamətdə əməkdaşlığa geniş imkanlar olduğu vurğulandı.
Yaxın günlərdə Praqada Azərbaycana həsr edilmiş sərgi keçiriləcəyini deyən çexiyalı nazir Əbülfəs Qarayevi həmin tədbirə dəvət etdi. Qeyd olundu ki, sərgidə Azərbaycanın tarixinə, mədəniyyətinə həsr edilmiş əsərlər nümayiş etdiriləcək.
Alyona Xanakova iki ölkə arasında mövcud turizm əlaqələrindən də danışdı. Onun sözlərinə görə, il ərzində minlərlə Azərbaycan vətəndaşı Çexiyaya istirahət etməyə gedir: «Ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi qarşılıqlı turist səfərlərini də intensivləşdirəcək».
Nazir Əbülfəs Qarayev sərgiyə dəvətə görə çexiyalı həmkarına təşəkkür etdi və bildirdi ki, Azərbaycanla bağlı analoji sərgi bir müddət əvvəl Serbiyada da təşkil edilib: «Artıq bu sahədə mövcud təcrübəmizdən daha geniş istifadə etmək istəyirik. Çünki belə tədbirlər bizə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı barədə təbliğat üçün əlverişli imkan yaradır. Biz Çexiyada da Azərbaycanla bağlı sərginin yüksək səviyyədə keçirilməsini və tariximizin, mədəniyyətimizin geniş təbliğ olunmasını istəyirik».
Son vaxtlar Çexiyanın bütün sahələr üzrə yüksək nailiyyətlər əldə etdiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, bu özünü xüsusilə turizm sahəsində daha qabarıq göstərir. Nazir bildirdi ki, ölkələr arasında qarşılıqlı əməkdaşlıq xalqları və cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırır.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 31 may.-
S. 7.