Azərbaycan mədəniyyətlərarası dialoqa töhfə verir

 

Mərakeşin mədəniyyət naziri Azərbaycanın bu sahədə təcrübəsindən yararlanmaq istədiklərini bildirib

  

   Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Mərakeşin mədəniyyət naziri Məhəmməd Amini Səbuhi arasında görüş keçirilib.

  

   Söhbət zamanı iki ölkə arasında mədəni sahədə əməkdaşlıq və inkişaf perspektivləri müzakirə olunub.

   Mərakeşin mədəniyyət nazirini ölkəmizdə görməkdən məmnunluq duyduğunu deyən Əbülfəs Qarayev bildirib ki, bu cür səfərlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir, əməkdaşlıq üçün yeni imkanların müzakirəsi üçün mühüm zəmin yaradır.

   Mərakeşli nazir isə öz növbəsində Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, bu mötəbər tədbir Azərbaycanın mədəniyyətlərin yaxınlaşmasına göstərdiyi diqqətin göstəricisidir: "Mərakeş hesab edir ki, mədəniyyətlərarası dialoq digər mədəniyyətlərə yoldurbu cür tədbirlərin keçirilməsi çox vacibdir. Başqa mədəniyyətlərlə tanış olmaq müxtəlif xalqlar üçün önəm kəsb edir. O cümlədən Azərbaycan mədəniyyəti ilə də tanış olmaq Mərakeş üçün çox əhəmiyyətlidir”.

   Mərakeşli nazir həmçinin ölkəsinin Azərbaycanın mədəniyyət sahəsində təcrübəsindən yararlanmaq istədiyini diqqətə çatdırıb. Qeyd edib ki, iki ölkə arasında mədəni sahədə əlaqələri genişləndirmək imkanları böyükdür.

   Məhəmməd Amini Səbuhi azərbaycanlı həmkarını Mərakeşə səfərə dəvət edib. Əbülfəs Qarayev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, növbəti dəfə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilən zaman dost ölkəyə səfər edəcək. Görüşdə həmçinin Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə növbəti fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.

 

Mədəniyyət.- 2013.- 31 may.- S. 7.