Bakıda Milli Tolerantlıq
Mərkəzinin təqdimat
mərasimi
Mayın 29-da Bakı Biznes
Mərkəzində II Dünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) tərəfindən Milli Tolerantlıq Mərkəzinin təqdimat
mərasimi keçirildi.
Mərasimdə forumun yüksək
səviyyəli qonaqları,
bir sıra beynəlxalq təşkilatların
rəhbərləri, dövlət
və hökumət nümayəndələri, millət
vəkilləri, ölkəmizdə
akkreditə olmuş diplomatlar iştirak edirdilər.
İlk olaraq tədbir
iştirakçılarına ölkəmizdə müxtəlif
dinlərin yaranması
və təşəkkülü,
tarixən mövcud olmuş tolerantlıq mühitindən bəhs edən “Azərbaycan - tolerantlıq məkanı”
adlı qısametrajlı
film təqdim olundu.
Dinlərarası
dialoqa töhfə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov
mərkəzin yaradılmasının
məqsədi və gələcək fəaliyyəti
barədə məlumat
verdi. Bildirdi
ki, Azərbaycandakı
tolerantlıq mühiti
dinlər arasında qarşılıqlı hörmətin
hökm sürdüyünü
göstərir: “Mərkəzin
əsas məqsədi
milli və beynəlxalq səviyyədə
tolerantlığın inkişaf
etdirilməsidir. İş
prosesində dini icmalara dəstək veriləcək, dinlər arasında körpü ola biləcək
layihələr icra olunacaq, müxtəlif mədəni layihələr
dəstəklənəcək. Gənclərin potensialından
da yararlanmağın faydalı ola
biləcəyini düşünürük.
Beynəlxalq təcrübədən, mədəniyyət və
incəsənət faktorundan
istifadə etməklə
yeni yaradıcı ideyalara diqqət artırılacaq. Azərbaycanda mövcud olan tolerantlıq mühiti digər ölkələr
üçün müsbət
nümunədir. Mərkəz nəinki ölkə daxilində, həm də qlobal səviyyədə dinlərarası
dialoqun qurulmasında rol oynayacaq”.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev iştirakçıları
salamlayaraq Azərbaycan
paytaxtının müxtəlif
mədəniyyətlər, dinlər arasında körpü ola
biləcək növbəti
mötəbər tədbirə
ev sahibliyi etdiyini vurğuladı: “Forumun təşkilində
məqsədimiz dünya
xalqlarını bir-birinə
hörmət etməyə,
anlamağa çağırmaqdır.
Böyük fəxr hissi
ilə deyə bilərik ki, 5 qitədən 96 ölkənin
nümayəndələri bu
tədbirdə iştirak
edir. Forum çərçivəsində müxtəlif mövzularda
işçi sessiyalar,
təqdimatlar, müzakirələr
keçiriləcək. Mən sizlərin hər birini bu forumda
fəal olmağa çağırıram”.
Mədəniyyətin
dinlərarası dialoqda
mühüm amil olduğuna diqqət çəkən nazir Milli Tolerantlıq Mərkəzinin yaradılmasını
əlamətdar hadisə
adlandırdı: “Belə
bir mərkəzin yaradılması çox müsbət təşəbbüsdür
və xoş niyyətdən xəbər
verir. Bu təqdimatın
Azərbaycanda keçirilməsi
də təsadüfi deyil. Çünki ölkəmiz tarixən
tolerantlığa önəm
verib, müxtəlif dinlər arasında qarşılıqlı hörmətə
nail olub. İnanıram ki, mərkəzin fəaliyyəti də dinlər və mədəniyyətlərarası dialoqa əvəzsiz töhfə verəcək”.
Tolerantlıq müxtəlifliyə hörmətdir
Tədbirdə
çıxış edən
BMT-nin Sivilizasiyalar Alyansının ali
nümayəndəsi Nasir
Əbdüləziz əl-Naser
bildirdi ki, bu təşəbbüs Azərbaycanda dinlərarası
münasibətlərin daha
da möhkəmlənməsində
mühüm rol oynayacaq: “Bu gün dünyanın müxtəlif
ölkələrində silahlı
münaqişələr var. Bunun əsas səbəbi isə tolerantlığın olmaması,
dini və mədəni müxtəlifliyə
qarşı dözümsüzlükdür.
Yeganə həll yolu
isə ortaq səylə tolerantlığı
inkişaf etdirmək,
birgə yaşamaq ideyasını təbliğ
etməkdir. Tolerantlıq müxtəlifliyə hörmətdir,
fərqli rəy və davranışları
qəbul edə bilmək qabiliyyətidir”.
Qonaq mədəniyyət və
din amilinin münaqişələrin
həllində əhəmiyyətli
vasitə ola
biləcəyini xüsusi
vurğuladı: “Bütün
yaş qrupları, xalqlar, millətlər, icmalar arasında dözümlülük aşılanmalıdır.
İnsanları qeyri-tolerantlığın təhlükələri barədə
xəbərdar etmək
lazımdır. Təhsil və
maarifləndirmənin bu
prosesdə xüsusi əhəmiyyəti var. Tolerantlığın
Azərbaycan modeli artıq mövcuddur.
Bu mərkəzi yaratmaqla siz bir daha sübut
etdiniz ki, ölkənizdə tolerant cəmiyyət
var. BMT-nin Sivilizasiyalar
Alyansı müxtəlif
mədəniyyətlər arasında
daha sıx əlaqələrin yaradılmasına
çalışır. Bu iş dörd əsas sahə - təhsil, gənclik, media və miqrasiya üzrə aparılır.
Etiraf edək ki, qeyri-tolerantlıq
bəzən siyasilər
tərəfindən qəsdən
həyata keçirilir.
Buna görə də birgə təşəbbüslərə, ortaq fəaliyyətə ehtiyac var. İnsanlar dərk etməlidir ki, dünyanın gözəlliyi onun müxtəlifliyindədir”.
Mərkəz ortaq dəyərləri ehtiva edir
İSESCO-nun baş
direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri
çıxışında ölkəmizdə belə
bir mərkəzin yaradılmasını “vaxtında
atılmış addım”
adlandırdı: “Mən
dəfələrlə Azərbaycanda
olmuşam, mədəni
və dini dözümlülük bütün
dünya üçün
örnək bir modeldir. Milli Tolerantlıq Mərkəzi
hamımızın bölüşdüyü
ortaq dəyəri ehtiva edir. Bu isə bizim
birgə əməkdaşlığımızı
gücləndirir. Belə bir
mərkəzi yaratmaqla
gözəl bir missiyanı həyata keçirmiş oluruq.
İSESCO mərkəzlə
əməkdaşlıq edəcək,
bu sahədə öz köməyini əsirgəməyəcək”.
Sonra UNESCO-nun baş direktoru
İrina Bokovanın təbrik məktubu oxundu. Məktubda mərkəzin dinlərarası
və mədəniyyətlərarası
dialoqa töhfə verəcəyi ifadə olunurdu.
Digər çıxışçılar
da mərkəzin fəaliyyətində uğurlar
arzuladılar. Bildirildi ki,
qurum beynəlxalq təcrübədən yararlanaraq
tədricən instituta
da çevrilə bilər.
İlk təqdimatlar maraqla qarşılandı
Çıxışlardan sonra mərkəzin
“Azərbaycan - tolerantlıq
məkanı” adlı
ilk layihəsi təqdim
olundu. Dünya şöhrətli azərbaycanlı fotoqraf
Reza Deqatinin lentə aldığı fotolarda ölkəmizin dini və tarixi abidələri, tolerantlıq
mühitini əks etdirən görüntülər
yer alıb. “Mən dünyanın
əksər dövlətlərində
olmuşam, ancaq heç bir ölkədə Azərbaycanda
olduğu qədər
tolerantlıq görməmişəm”,
- deyə müəllif
təəssüratını ifadə etdi. Tədbirdə “Hörmət naminə
birləş” adlı
layihənin də təqdimatı keçirildi.
Sonda Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
İSESCO və BMT-nin
Azərbaycan nümayəndəliyi
ilə əməkdaşlığına
dair memorandumlar imzalandı.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 31 may.-
S. 11.