Mədəni
müxtəliflik dünyanın zənginliyidir
II
Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
daha bir tədbir mayın 29-da Dənizkənarı Milli Parkda
gerçəkləşdi.
Burada Dünya Mədəni Müxtəliflik Günü (21 may) münasibətilə “Mədəni müxtəliflik üçün bir şey et” qlobal kampaniyasına həsr olunmuş mərasim keçirildi. Qeyd edək ki, əlamətdar gün BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, 30-dan çox ölkədən təmsilçilər iştirak edirdilər.
Tədbiri amerikalı qonaq Kristofer Dekki açaraq iştirakçıların mədəni müxtəliflik, sevgi, dostluq, bərabərlik, dialoq naminə bir araya gəldiklərini dedi. Qeyd etdi ki, bu cür layihələrin məqsədi müxtəliflikləri ilə zəngin olan dünyada birlikdə sülh şəraitində yaşamağa nail olmaqdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı: “Bu gün Azərbaycan üçün çox əlamətdar gündür. Çünki dünyada may ayının 21-də qeyd olunan Mədəni Müxtəliflik Gününün əsas təntənəsi məhz Bakıda, Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində gerçəkləşir. Biz artıq ikinci dəfədir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda mədəniyyətlərarası dialoqa həsr olunmuş forum keçiririk. İnanırıq ki, Bakı Forumu dünyada bütün qitələri birləşdirən hadisəyə çevriləcək. Biz Azərbaycanın tolerantlığı, sülhü, dostluğu tərənnüm edən bir ölkə olduğunu bütün dünyaya nümayiş etdirməyə nail olmalıyıq”.
Nazir “Mədəni müxtəliflik üçün bir şey et” qlobal kampaniyasında qalib layihələrin müəlliflərini təbrik etdi.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser “Müxtəliflik üçün bir şey et” kampaniyasına dünya üzrə milyonlarla gəncin cəlb olunduğunu diqqətə çatdırdı: “Son bir neçə həftə ərzində yüzdən artıq tədbir həyata keçirilib. 21 May - Mədəni Müxtəliflik Günü insanları bir yerə yığır, onlara bir-birini başa düşməyi, dialoq qurmağı aşılayır. Belə bir layihənin növbəti dəfə Bakıda həyata keçirilməsi də sizin ölkənin xalqlar, millətlər arasında dostluq, sülh və dialoqda necə maraqlı olmasını sübut edir”.
Çıxışlardan sonra dünyanın hər bir qitəsindən olan nümayəndələr “Mədəni müxtəliflik üçün bir şey et” qlobal kampaniyasında iştirak etdikləri layihələr barədə məlumat verdilər. Nigeriya, Tasmaniya və digər ölkələrin təmsilçiləri layihələri və ölkələri barədə danışdılar.
Sonda Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında konsert proqramı təqdim edildi. Gənclər havaya çin lampaları buraxdılar. Tədbir “Salnamə” studiyasının lentə aldığı “Sarı gəlin” musiqili sənədli filminin nümayişi ilə yekunlaşdı.
Nigar
İxtiyarqızı
Mədəniyyət.- 2013.- 31 may.-
S. 11.