23 nömrəli musiqi məktəbi təmir və bərpadan sonra istifadəyə verildi
Mayın 27-də Bakıdakı Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin əsaslı təmir və bərpadan sonra açılışı olub. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Açılışı bildirən qırmızı lent kəsildikdən sonra sinif otaqlarına baxış keçirilib. 33 sinif otağından ibarət olan məktəbdə 86 müəllim 326 şagirdin musiqi sahəsində təhsili ilə məşğul olacaq.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin kollektivini təbrik edərək son illər uşaq incəsənət və musiqi məktəblərinin əsaslı təmir-bərpası və yenidən qurulması sahəsində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, nazirlik tərəfindən Bakı şəhərində və regionlarda bir çox musiqi və incəsənət məktəbləri yenidən qurulub, müasir avadanlıqla təchiz edilib.
Qeyd edək ki, 1976-cı ildə yaradılan Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbinin özünəməxsus təhsil ənənələri var. 2011-ci ildə təhsil ocağına 11 illik musiqi məktəbi statusu verilib. Məktəbin peşəkar müəllim kollektivi gənc musiqiçilər nəslinin yetişməsində bilik və bacarığını əsirgəmir.
Bu gün ölkəmizin hər tərəfində böyük inkişaf getdiyini vurğulayan nazir qeyd edib ki, biz regionda Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin - yenidənqurmanın, yeni təfəkkürün, gələcəyə nikbin baxışın nümunələrinin şahidi oluruq. Son illər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr mədəniyyətimizin inkişafına, dünyada daha geniş tanınmasına töhfədir. Mədəniyyət və Turizm Nazirliyi də yaradıcı gənclərə daim diqqət və qayğı göstərir. Son aylar musiqi məktəblərinin 12 istedadlı şagirdi müxtəlif beynəlxalq səviyyəli müsabiqələrə göndərilib.
Musiqi məktəbinin direktoru Afət Qəmbərova mərasimdə çıxış edərək təhsil ocağında yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib, kollektivin bundan sonra daha əzmlə çalışacağını, daha yaxşı nəticələr göstərəcəyini söyləyib.
Sonda
musiqi məktəbinin müəllim və
şagird kollektivinin
ifasında konsert proqramı təqdim edilib.
Mədəniyyət.- 2013.- 31 may.-
S. 12.