“Geniş baxış”ın
qalibi “Motivlər...” oldu
Mayın 29-da Nizami Kino Mərkəzində
Azərbaycan Prodüserlər
Gildiyasının elan
etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin yekunlarına
həsr olunmuş tədbir keçirildi.
Tədbiri “Azərbaycanfilm” kinostudiyasının
direktoru və Prodüserlər Gildiyasının
sədri Müşfiq
Hətəmov açaraq
müsabiqə haqqında
məlumat verdi.
Bildirildi
ki, bu ilin
yanvarında elan edilən müsabiqə ölkəmizdə prodüser
kinosunun inkişafı
istiqamətində atılan
addımdır. Bu,
2012-ci ildə respublikanın
14 aparıcı prodakşn
və studiyasının
iştirakı ilə
təsis edilən Azərbaycan Prodüserlər
Gildiyasının layihəsidir.
Müsabiqənin özəlliyi ondadır
ki, Azərbaycanda ilk dəfə olaraq qalib ssenarini prodüserlərin özləri
seçir. Ən əsası
isə odur ki, Prodüserlər Gildiyası tərəfindən
müsabiqənin qalibinə
film çəkilişi üçün
gərəkən imkanlar
yaradılacaq.
Nəticələrdən
razı qaldığını
vurğulayan Müşfiq
Hətəmov ümidvar
olduğunu bildirdi ki, müsabiqə kinematoqrafiya sahəsində
mühüm yer tutan "prodüser kinosu" anlayışını
ölkəmizdə tətbiq
etməyə zəmin
olacaq. Müsabiqəyə təqdim olunan
ssenarilər Prodüserlər
Gildiyasının üzvləri
və mütəxəssislər
tərəfindən araşdırılaraq
qiymətləndirilib. Yekun rəyə əsasən, “Adari Films” prodakşn şirkətindən
İradə Bağırzadənin
“Motivlər...” layihəsi
qalib elan olunub: “Bu layihə 6 rejissorun çəkəcəyi
6 qısametrajlı filmdən
ibarət kinoalmanaxdır.
Layihə çərçivəsində
əlavə olaraq daha iki qısametrajlı
filmin çəkilişi
də nəzərdə
tutulur”.
Sovet İttifaqının dağılmasından sonra
digər respublikalarda olduğu kimi, Azərbaycanda da kino sahəsində böhranın yaşandığını
xatırladan M.Hətəmov
son illər ölkəmizdə
kinoya dövlət tərəfindən böyük
diqqət və qayğı göstərildiyini
vurğuladı. Onun
sözlərinə görə,
belə problem yaşayan bir çox ölkələr
xarici şirkətlərlə
əlaqələr quraraq
vəziyyətdən çıxa
bilirlər: “İran kino sənayesində də vəziyyət xarici mütəxəssislərlə
əlaqələr yaradana
kimi pis idi. Biz də
artıq bir sıra xarici ölkə şirkətləri
ilə əlaqələr
qurmağa başlamışıq.
Mədəniyyət və Turizm
Nazirliyinin kinonun inkişafına önəm
verməsi, bu sahəyə göstərdiyi
qayğı da kinomuzun gələcək uğurları üçün
zəmin yaradır”.
Sonra “Azərbaycanfilm” kinostudiyasının
beynəlxalq əlaqələr
üzrə mütəxəssisi
Orxan Hüseynov “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan “Motivlər...”
layihəsini ərsəyə
gətirəcək rejissor
komandası haqqında
məlumat verdi.
Bildirdi ki, filmləri çəkmək
üçün rejissor
heyəti xaricdə yaşayan və kino təhsili alan azərbaycanlı
gənclər arasından
seçilib. Film üzərində
işləyəcək komandaya
Teymur İsmayılov,
Anar Abbasov, Cəfər Axundzadə, Rüfət Həsənov,
Vüqar İslamzadə,
Elmar İmanov kimi gənc və istedadlı kino mütəxəssisləri
daxildir: “Onlar xaricdə kino təhsili almış, dəfələrlə müxtəlif
müsabiqələrdə iştirak
edib beynəlxalq mükafatlara layiq görülmüş, nüfuzlu
yerlərdə çalışmış
gənclərdir”.
N.İxtiyarqızı
Mədəniyyət.- 2013.- 31 may.-
S. 12.