Kamandanışdıran...
Başqalarının yalnız
çaldığını gül-gül gülləndirib,
dil-dil dilləndirən Habil Kaman!
Haqqında söz açdığım bu möcüzəvi bəndə 1918-ci il doğumlu Cümhuriyyətimizdən düz 9 il sonra dünyaya gəlib. Bu möhtəşəm bayram səbəbilə qəzetimizin bir sayı çıxmadığından ayın 31-də oxuyacağınız yazını da belə arın-arxayın yarımbaşlıqla başlayıram:
Ötüb-keçmiş notlardan...
Yuxarıdakı xronologiya qat-qarışını yüngültməkçün daha illər ilə işim yox. Amma ay-gün ilə - tarixən tarın “züytutan”ı hesab olunmuş kamançamızı “filiallıq əsarətindən” azad etmiş ilk və hələlik son mogikanla Şərqdə ilk demokratik respublikanı doğum adaşı etmiş mayın 28-i ilə bağlı bir balaca gəziş-gərdişim olacaq. Özü də bir az “Zabul”, bir gəz də elə “Habil segahı” üstdə...
Yazı qəhrəmanımın, ifa cəngavərimizin “ismi-şərif tərifi”nə feli sifət tərkibilə başladım, tarix-təqdimilə əlaqədar müdhiş repressiya zimistanımızdan on qış öncəki adi bir ilə, mübarək demokratiya baharımızdan doqquz yaz sonrakı aya, günə toxundum. Vurğulayım ki, bu kimi təşbehlər, fikirlər bu an zikr etdiklərimin dəyərlərilə müqayisədə bir heçnə-puçna. Bunların hamısı hələ yazılmamış, bəstələnməmiş, lentə alınmamış xəyali “Habil Kaman dəstgahı”na nisbətdə qıp-qısa bir mahnı hesab etdiyim bu yazıya bir nəqaratayağı mahna...
Bəli, kamandanışdıran... Yüz belə yazı-pozuya sığışmayan bu sənətkar səksən altı il bundan irəli Ağdaşın Üçqovaq kəndində doğulub, yetmiş doqquz il bundan öncə həmin rayon mərkəzindəki musiqi məktəbinə getdiyi günlərdən başlamışdı bu işə. “Quruca ağac”a dilöyrətmənliyə. Elə özünün də can-cüssəcə qupquru - “bir sümük, bir dəri” olduğu vaxtlardan qol qoymuşdu - sonralar könül elmləri doktoru, qəlblər professoru, duyğular akademiki edəcəyi bir botanika cisminə ibtidai sinif müəllimliyi etməyə...
O illərdə onu tanıyanlardan hansı birinin ağlına gələrmiş ki, gün axşamacan tükü-tükə (praktik oxucularçün - tükü simə) sürtə-sürtə məşq edən bu “sehrbaz uşaq” bir vaxtlar fəth edib təm-təkcə dayanacağı zirvəni səsləyirmiş. O kəslərdən hansı birisi kəsdirə bilərmiş ki, bu “yaman dalaşqan”, “barmaqları ucunda oynayan”, dolanışıq üçün hərdən qarpız-“qardalı” (qarğıdalı) satsa da, məhəlli oyunlarda heç vaxt “mən kimnənəm” kimi suallarla aşağılanmayıb, “kim mənnəndi” nidalarıyla liderlənən, hər söz-bezi, atmacanı göydə tutub, cavabını güllə kimi atan “titul”larıyla böyüyən bu tifil gəlib-gəlib “Korifey Habil Kaman” olacaq, çalıb-çalıb - böyük musiqi mədəniyyəti tariximizdə əbədi “virtuoz azman” adıyla qalacaq?..
Salam, Bakı!
Təkcə paytaxtımızın adını yazmağım yalnız yığcamlıq xatirinədir. Əslində, düz altmış bir il əvvəl (hələ yalnız güman etdiyim) deyilmiş o salamın obyekti bütün Azərbaycan, Yaxın Şərq və “uzaq” dünya imiş. Habil nə yeniyetmə ikən festivala, nə gəncliyində ara-sıra gəzməyə, nə də 1952-ci ildə birdəfəlik gəldiyi bu paytaxta belə bir kəlam deməyib. Nə Ağdaşa “xudafiz” deyib, nə Bakıya salam. Elə bu məqam onun mömin valideynlərinin ruhlarından “segahi” bir haşiyə: “balam, bəs niyə?..”
Bu qısa sualın cavabı uzun. Onun çaldığı “Çahargah”ın gahları, “Şur”un cürləri sanı çox, uzun. “Heyratı”nın “heyrət ey büt”ləri, “Rast”ın saqi “tost”ları qədər füzün. “Segah”ın “zabul”uyca dolğun, “Mirzə Hüseyn”iycə coşğun, “yetim”iycə məhzun...
“Balam, bəs niyə?” nədi, ay rəhmətliklər?! Siz ondan ruhlaşıb-danışın ki, bu insafsız oğlunuz altmış ildir bu “xalxı odsuz-ojaxsız” yandırıb-yaxır. Camaatın üstünə şimşək təki çaxıb, ildırım yağır. Kaman qaşlarını çatıb, əlindəki kəmanə-oxu dizindəki kamana qoyub, sol sinələrimizi atəşə tutub, qırır bizi. Siz onu yetirib-bitirən dövrlərədək başımız sir-siyasət imperatorlarından az çəkmişdimi ki, bu da sənət imperatoru?!
Qınamayın oğlunuzu. Bakıya gələnədək yalnız sizin, o vaxtdansa bütün xalqın oğlunu. Belə bir vərə-vird eləyin ki, o vaxt bura salamsız düşmüş bu kişi neçə illərdi xalqın sevgi-məhəbbət dolu salam-kalamını almağa macal tapa bilmir. Telefon zənglərini, məktubları, tərif-tərifləri layiqincə cavablandırmağa tamarzıdır. Bəzən, həddən ziyadə sürəkli alqışlara layiq-qarşılıq çala bilməyən əlinə və bu incə-mincə duyğunu şairanə ifadə edə bilməyən dilinə acığı da tutub; “Bəxtiyar kimi söz çala bilsəydim, özümü dünyanın bəxtiyarı sayardım!” - deyib. Əlbəttə, söhbət ona da şeir həsr etmiş Vahabzadə Bəxtiyardan gedir. Hər ikisi xeyli gənc imiş o şeirlə bu deyimi deyəndə. Maraqlıdır ki, o şeirdə də yuxarıdakı “bəs” ədatlı “niyə” sualı var:
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Onun atəşinə od
şan-şan olur,
Bu səsin oduna
alışır su da.
Ağac hər atəşə
alışan olur,
Bəs niyə
alışmır belə bir oda?
İndi də bir tədqiqati
haşiyə: Habil Əliyev haqda - deməli,
kamançaçı barədə az
şeir yazılmayıb. Kamançanın özünə
dair isə... Bəs niyə? Yazımın
başlanğıcında dedim axı, - Habil bu aləti “əsarəti-tar”dan
qurtarıb, onu ayrıca bir ev-eşik edib.
Bəyəm (artıq çalağan qonşumuzun da sahib
çıxmaq istədiyi) bu halalımıza da Müşfiqanə
bir “Oxu!..” möhürü vurub,
nişanlamaq olmazmı?..
Bakıya kamança ilə əlbir
gələn Habil Asəf Zeynallı adına
musiqi məktəbində onunla tamam-kamal dilbir olmağa
başladı. Hələ tellərini yan darayan bu
oğlanın külçə istedadı, hər ənənəvi,
köhnə xala yeni beçə bal qatmaq bacarığı
Qurban Pirimov, Xan Şuşinski, Soltan Hacıbəyov kimi
ustadları heyran qoydu.
Onun bir sınaq-ifasına qulaq asan
Şəmsi Bədəlbəyli, Səid Rüstəmov və
Niyazi ikinci kurs tələbəsi olan Habili M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası kimi ciddi bir sənət məbədində
işə götürürlər. Bənzərsiz bənzərlər
- Seyid və Xan Şuşinskilər, Həqiqət Rzayeva,
Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva,
Şövkət Ələkbərova, Sara Qədimova, Mütəllim
Mütəllimov kimi ifa nəhəngləri məhz Habilin
müşayiətçiliyi üstündə cəngi-Ərəbzəngi
“davası” açırlar. Sənətinin
dadı adından da tez çıxır - “Kaman
oğlan”ın. Sonra... toy-düyünlər.
“Düyün” sözünü elə-belədən işlətmədim;
valideynlər olurmuş ki, madarının
ağrı-acısını ovutmaq üçün onu
aparıb kamanına dil dedirdirmişlər...
Hələ ona “toy tutan” toy
sifarişləri! Bu məsələdə “fil -
üstündə bülbül” deyimini xatırlamaya bilmirəm.
Belə ki, adətən xanəndəni “öz dəstəsi”
ilə toya dəvət edirlər, bu ecazkar sazəndəni isə
öz istədiyi xanəndə ilə
çağırırdılar. Özü
də ən azı bir-iki ay öncədən “beh”ləyərək.
Baməzə dostlarından biri bu növbə
basırığını “Habilin qəbulu”
adlandırıbmış. Öz söyləməsinə
görə, günlərin bir günü bir hərif
sifarişçi (bəy özü) toy günündən bircə
gün qabaq gəlir ki, bəs, Habil əmi, bütün
hazırlıqları görmüşəm, qoçlar,
cöngələr kəsilib, plovlar dəmə qoyulub,
qalır bir sənə xəbər etməyim. Sabah səhər
tezdən olursuz bizdə! Nəfəsi də yumorla gedib-gələn
Habil “əmi” də çox ciddi şəkildə soruşur
ki, qardaşoğlu, yəni doğurdan hər şey
hazırdır, bəy rəsmi surətdə buyurur: “bəli!”. “Əmi” “qardaşoğlu”nun bu “tədbirliliyindən”
arxayın düşüb, “əminliklə” dillənir:
“Qardaşoğlu, sən gəl belə elə. Bu saat get bir
kamança al, təcili qayıt kəndinizə, bu gecə
çalmaq işinə də hazırlaş, sabah öz toyunda
elə özün çal”.
“İnsafsız”ın “vəfasız”lığı...
Yuxarıda-axarıda
adlarını çəkdiyim ifa dədə-nənələrini,
o sayaq nur məşhurları şur ilə müşayiətçilikdən,
xalqın toy mərasimlərini rövnəqləşdirməkdən
uzaqlaşdığından yana belə
yazdım bu sözləri. Mahiyyətcə sevgi, vurğunluq mənası
daşısa da, bir az yana-yana yazdım. Bir qədər də - nə gizlətməli,
yaşına görə belə yazdım. Yəni,
iraq-iraq, nə vaxtsa...
Yaxşı, yaxın
keçmişimizdə dünyasını dəyişən
korifeylərimizi efirdə-ekranda bu Kaman Dədə
“ağı”layırdı, bəs onun özünü?.. Bu canlı sənətin cənnət yolunu kim sızlayıb-qutlayacaq? Vay səni, gidi
dünya! Gör sən necə bir müdrik ustad da yetiribsən
ki, onun Haqqa tapınma səviyyəsindən,
müxlis-müdriklik mərtəbəsindən arxayın olub,
sağlığında nekroloq yazmaq cəsarətində
bulunuram! Neynim axı, ey əsrimizin Habil çağı! Dahi
Fikrət Əmirovun cismani ölüm gününün
sabahısı bu ecazkarın televiziyada
sızlayıb-bozladığı bədii sənət
ağısını o günədək eşitmişdinmi və
ya gələcəklərdə eşidə biləcəksənmi,
Azərbaycan qulağı?! Hansı ki, o anlar böyrümdə
xəyallara dalmış bir dostumun qulağına
pıçıldadım: “...görəsən bu
barmaqları... nəsə edib (o vaxt “kəsib” demişdim)
muzeydə əbədi saxlamaq olarmı?” O dostum (jurnalist
Əlipənah Bayramov) isə daha real reaksiya verdi.
Dedi, “Səttar Bəhlulzadənin barmaqları təbiət,
Habilinki isə səs tabloları yaradır...”
Hə, onun “vəfasız”lığından
danışırdım, axı. Lətifəsi öz
ev-eşiyini Vətən bilənlərdən iraq,
bu cılxa türk-müsəlman balası yavaş-yavaş
özümüzünkülərdən, milli həndəvər-hasarımızdan
uzaqlaşdı. Əlində doğma
kamança, namında “virtuoz”, “fenomen”, “korifey” kimi yad adlar
yamanca uzaqlaşdı. Amerika, Fransa, Yaponiya, İtaliya,
Almaniya, İngiltərə, İsveçrə, Hindistan,
Yunanıstan, İran, Pakistan, Misir, Hollandiya, Suriya - sayagəlməz
neçə-neçə ölkələr. Bunların ilk
beşində çıxan muğam və xalq
mahnılarından ibarət kompakt diskləri isə tamam
alayı bir sənət olayı!
Fəxrimizin fəxarətləri...
Öncə (və məqsədyöncə)
bir fikir; elə sənətkarlar var ki, bütün təhər-tövrlərilə
xalqın özünə bənzəyirlər. Habil Əliyev də onlardan biri. Hökumət
(bir vaxtlar “partiya və hökumət”), dövlət hər kəsdən
irəli, hamıdan yuxarı olsa da, nədənsə, onları
bunlarla hallandırmaq olmur. Tutalım, “Habil
və hökumət” kimi tərkiblər adama çatmır.
Elə bu baxımdan 1964-cü ildə aldığı “Əməkdar
artist”, 1978-də təltif olunduğu “Xalq artisti” adları
xalqın onu sirab etdiyi rəğbət-məhəbbət
mükafatları ilə müqayisəyə gəlmir. Son
iyirmi ildə dövlət başçılarının onu
necə sevgiylə dindirmələri, nə kimi
qayğılarla əhatələmələri isə tamam
başqa məsələ! Adlı şair, rəssam, heykəltəraş
və xalça ustalarımızın onun adına,
surətinə, şərəfinə həsr etdiyi söz və
təsviri sənət nümunələri də o cümlədən.
Hələ haqqında neçə-neçə kitab,
filmoqrafiya, bəstə nümunələri, saysız mətbu
yazıları və... məxsusi qəlb sətirlərini
demirəm - ki, bunlardan beş-on kəlmə də -
Bəndənizdən:
Nə sızlarsan, nə bozlarsan,
aman kaman! Habil Kaman əlində ərzi-Zaman kaman! “Lalın
dilini anası bilər” deyiblər, bu Ata anadan da yaxşı
bilir ki! Milyon yaşlı bu səslər, bu
üyültülər, qımıltılar bu sürətlə
necə uçub, bu tezlikdə vecə gəlir ki?!
“Habil” adlı doğma isim, dördcə sim və balaca bir
him... Bəyəm bunlar başqalarında yoxmu, qadam?..
Söz, hikmət Dədəmiz
deyib “gəlimli-gedimli dünya, son ucu ölümlü
dünya”. Bu Dədə sənətkar isə hər
çalanda o deyimə belə bir ərzi-əlavə edir:
çalımlı-qalımlı dünya...
Tahir
Abbaslı
Mədəniyyət.- 2013.- 31 may.-
S. 13.