Folklorumuzun cəfakeş hamisi
Ötən əsrin 30-cu illərində tüğyan edən repressiya dalğasının qurbanları arasında yüzlərlə görkəmli elm və mədəniyyət xadimimiz olub. Onlardan bir də görkəmli dilçi, ədəbiyyatşünas və folklorşünas alim Vəli Xulufludur.
Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluflu kəndində anadan olub. İbtidai təhsilini (1905-1907) mollaxanada aldıqdan sonra “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyur. Təhsilini müvəffəqiyyətlə başa vuraraq elə həmin məktəbdə işləməyə (1913) başlayır. Bir müddət sonra (1917) Gəncə Müəllimlər İnstitutuna daxil olur. Azərbaycanın sovetləşməsindən sonra Gəncədə qəza Partiya Komitəsinin katibi (1920-1922) vəzifəsində işləyir. Ancaq çox çəkmir, partiya sıralarından çıxarılır. Əli heç yerə çatmayan Vəli Xuluflu sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinə verir və burada təhsilini davam (1922-1927) etdirir.
Eyni zamanda yeni yaradılan əlifba komitəsində təlimatçı kimi işə düzəlir. Paralel olaraq “Bakı fəhləsi” nəşriyyatı və “Azərnəşr”in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edir. 1927-ci ildə partiya üzvlüyünə bərpa edilir. Daha sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsinə (1929-1932) irəli çəkilir. Bu elm ocağının yenidən təşkili zamanı isə Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilir.
Hələ erkən çağlardan folklora ülvi tellərlə bağlanan Vəli Xuluflu fəaliyyətinin ilk günlərindən şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrinə qayğı ilə yanaşır. İnstitut bağlandıqdan sonra (1933) bir müddət Mərkəzi Arxiv İdarəsinin müdiri, 1936-cı ildən isə SSRİ EA-nın Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini vəzifəsində çalışır.
Vəli Xuluflu Azərbaycanda yeni əlifba ideyasının fəal tərəfdarlarından olub. Alimin ideya silahdaşı Xalid Səid Xocayevin yazdığına görə, o, latın qrafikasına-əlifbasına keçməyə əməli işi ilə yardım edir. “Yeni türk əlifbası ilə yazı qaydaları” (1925) adlı kitabıyla dilçi alim kimi diqqəti cəlb edir. O, harada işləməsindən asılı olmayaraq, bütün səylərini Azərbaycan xalqının mədəni həyatının yüksəlişinə, savadlanmasına və maariflənməsinə həsr edir. “Koroğlu” (1927), “İmla lüğəti” (1929), “Tapmacalar” (1929), “Panislamizm, imperializm və ruhaniyyət” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “Səlcuq dövlətinin tarixi quruluşuna dair” (1930) və s. kitablarını yazır.
Vəli Xuluflu aşıq yaradıcılığının vurğunu olub, “Koroğlu” dastanını toplayıb nəşr etdirib. O yazırdı ki, aşıq yaradıcılığı elin ruhudur, lazım olanda qılıncdan da kəsərlidir.
Görkəmli alim Azərbaycan folklorşünaslığına, dilçilik, ədəbiyyatşünaslıq və tarix elminə, bütövlükdə mədəniyyətimizə daha böyük töhfələr verə bilərdi. Lakin 1937-ci il repressiyası ondan da yan keçmir. Maraqlıdır ki, ona qarşı istifadə olunan bəhanələrdən biri tərtib etdiyi “Tapmacalar” kitabı olub. Onu sorğu-suala tutanlar kitabdakı tapmacalarda da sətiraltı məna arayırdılar. “Hamını bəzər, özü lüt gəzər” tapmacasında sətiraltı məna tapan müstəntiq: “Siz bununla demək istəyirsiniz ki, sovet adamları hamını geyindirir, özü lüt gəzir!” - deyə ona irad tutub.
Beləliklə, Vəli Xuluflunun əksinqilabçı, millətçi təşkilatın üzvü olmasına dair arayış tərtib edilir və o, həbs olunur. Evində axtarış aparılır, saxta sənədlər tərtib olunur. Məhkəmənin qərarı ilə Vəli Xuluflu ən ağır cəzaya məhkum edilir və 13 oktyabr 1937-ci ildə güllələnir. Bundan sonra alimin həyat yoldaşı Fatma Xuluflu da 8 illik həbs cəzasına məhkum olunur.
1957-ci ildə Fatma Əli qızı Xuluflu barəsində cinayət işi xətm olunur. Fatma xanımın müraciətindən sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə Vəli Xuluflu haqqında 12.10.1937-ci il tarixli qərar da ləğv edilir və işə xitam verilir.
Vəli Xuluflunun harada dəfn olunduğu bilinmir. Lakin cəfakeş alimin
ülvi əməlləri
qədirbilən xalqının
qəlbində əbədiləşib,
Bakı küçələrindən
birinə onun adı verilib. Doğulub, boya-başa çatdığı
Şəmkir rayonunda mərkəzi küçələrdən
biri, orta məktəb və mədəniyyət evi onun adını daşıyır.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 31 may.-
S. 14.