“Heydər
Əliyev və muzeylərimiz”
Ulu
öndərin rəhbərliyi dövründə
respublikamızda muzey işində yeni mərhələnin əsası
qoyulub
Aprelin 30-da Muzey Mərkəzində
“Heydər Əliyev və muzeylərimiz” mövzusunda konfrans
keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzinin təşkil etdiyi tədbir
ümummilli liderin 90 illik yubileyinə həsr olunmuşdu.
Əvvəlcə
iştirakçılar ulu öndər Heydər Əliyevin
muzey işi sahəsində göstərdiyi əvəzsiz xidmətləri
əks etdirən fotoşəkillərdən ibarət slayda
baxdılar.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva ulu öndərin
müstəqil Azərbaycanın inkişafı naminə
gördüyü işlərdən söz açdı.
Bildirdi ki, zəngin və mənalı həyat
yaşamış Heydər Əliyevin fəaliyyəti hər
kəs üçün örnəkdir. Məhz onun qətiyyəti,
əzmkarlığı sayəsində Azərbaycan dövlət
müstəqilliyini qoruyub saxladı və inkişaf etdi. O, hər
zaman özünü əsl öndər, milli lider kimi təsdiq
etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu ölkənin,
xalqın mənafeyinə yönəltməyi bacaran nadir şəxsiyyətlərdən
idi.
Nazir müavini vurğuladı ki,
Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə
mədəniyyət və incəsənətə xüsusi
diqqət və qayğı göstərirdi. Dahi rəhbər
həmişə bu sahədə çalışanlara dayaq
olur, mədəniyyət, o cümlədən, muzey
işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi:
“Məhz onun rəhbərliyi dövründə
respublikamızda muzey işində yeni mərhələnin əsası
qoyuldu. Azərbaycanın bir çox incəsənət xadimlərinin
xatirə muzeyləri yaradıldı. Ulu öndərin muzey
şəbəkəsinin inkişafı, fəaliyyətdə
olan muzey fondlarının zənginləşməsi, yeni muzeylərin
yaradılması sahəsində tarixi rolu danılmazdır.
1980-ci illərdə bölgələrin bir çoxunda onun
qayğısı sayəsində tarix-diyarşünaslıq
muzeyləri yaradıldı”.
Azərbaycanda muzeylərin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində görülən işlərdən
danışan nazir müavini respublikamızda 250-dək muzeyin
fəaliyyət göstərdiyini bildirdi. Son illər yeni muzeylərin
yaradılması, bir çox muzeylərdə əsaslı bərpa
və yenidənqurma işlərinin aparılması və digər
tədbirlər bu sahəyə göstərilən diqqət və
qayğının nəticəsidir: “Müstəqillik
dövründə ölkəmizdə 50-dən çox yeni
muzey açılıb, onlarla muzey binası əsaslı bərpa
və yenidənqurma işlərindən sonra istifadəyə
verilib. Ötən dövrdə ölkədə muzey
işinin dünya standartları səviyyəsində
qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi,
müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,
mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsi
sahəsində önəmli işlər görülüb”.
Qeyd olundu ki, Prezident İlham Əliyev
tərəfindən 2007-ci ildə imzalanan “Azərbaycanda muzey
işinin yaxşılaşdırılması haqqında” sərəncam,
habelə 22 may 2009-cu il tarixli sərəncamla təsdiq olunan
«Azərbaycanın regionlarında fəaliyyət göstərən
muzeylərin müasir standartlara uyğun təmirinə, yeni
avadanlıq və zəruri eksponatlarla təchizatına dair
xüsusi Tədbirlər Planı» ölkə rəhbərliyi
səviyyəsində bu sahənin daim diqqət mərkəzində
saxlanıldığını göstərir. Bütün
bunlar, eyni zamanda müasir qloballaşma şəraitində bu
sahədə olan yeniliklərin, dünya təcrübəsinin
tətbiq edilməsi muzeylərin inkişafı
üçün yeni imkanlar açıb.
Vurğulandı ki, son illər
ölkəmizin muzeylərinin əlaqələri genişlənir,
muzey işi sahəsində müxtəlif beynəlxalq
müqavilələr imzalanır. Azərbaycanın muzey
mütəxəssisləri bir çox beynəlxalq konfrans,
simpozium, seminar-treninqlərdə iştirak edirlər. Muzeylər
vasitəsilə Azərbaycanın mədəniyyəti, tarixi
geniş təbliğ edilir.
Konfransda Milli Azərbaycan Tarixi
Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor
Röya Tağıyeva və başqaları
çıxış edərək ulu öndərin muzey sahəsinin
inkişafında tarixi rolundan danışdılar, xatirələrini
bölüşdülər. Qeyd olundu ki, ümummilli liderin Azərbaycan
mədəniyyətinin, incəsənətinin qorunması,
inkişafı və gələcək nəsillərə
çatdırılması istiqamətində
gördüyü böyük işlər bu gün ölkə
başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 1 may.- S. 4.