“Qara Qarayev adına festival istənilən Avropa
şəhərinə şərəf gətirə bilər”
Rusiyanın “Vedomosti” qəzetinin 25 aprel 2013-cü il tarixli sayında bu il aprelin 14-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı haqqında məqalə dərc olunub.
“Qara Qarayev adına beşinci beynəlxalq festival dünya səviyyəli hadisə oldu” başlıqlı məqalədə müəllif festival günlərində müasir musiqinin tanınmış avropalı sənətçilər tərəfindən ifa olunduğunu vurğulayır. Xatırladaq ki, musiqi bayramında Rusiya, Ukrayna, Hollandiya, Fransa, Almaniya və İspaniyanın kollektiv və solistləri iştirak edirdi.
Festivalın açılış konsertindən bəhs edən müəllif yazır: “Azərbaycan musiqisinin dahi klassikinin səhnədə ucalan portreti sanki sınayıcı nəzərlərlə orkestri süzürdü. Əvəzsiz Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrinin üzvləri böyük səylə Dmitri Şostakoviçin “Doqquzuncu simfoniya”sını, Qara Qarayevin “Quasi uno Conserto”sunu və Xəyyam Mirzəzadənin “Triptix”ini ifa etdilər. Filarmoniyanın əzəmətli zalında keçirilən açılışda proqramın ana ideyası açıqlandı: nəsillərarası dialoq, dövrlərarası əlaqə, bəstəkarlıq məktəbi ənənəsinin ardıcıllığı”.
Müəllif qeyd edir ki, Qara Qarayev adına ilk üç festival ötən əsrdə - 80-ci illərin sonu - 90-cı illərin əvvəlində təşkil olunmuşdu. Sonra uzun fasilə yarandı və festival 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə bərpa olundu. Festivala dahi bəstəkarın oğlu, professor Fərəc Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə yenidən həyat verildi: “Beşinci festival öz proqramına görə əvvəlkilərlə müqayisədə şedevr sayılmalıdır. Bəstəkar, istedadlı sənət adamı Fərəc Qarayev festival üçün elə bir proqram qurmuşdu ki, hansısa irad tutmaq mümkün deyildi. Proqrama sadəcə festival xətrinə, ötəri olaraq hazırlanan heç bir konsert salınmamışdı. Həmişə dəbdə olan Salvatore Şarrino, Mixael Jarrel, Filip Manuri, Lui Andrissen, Con Adams kimi müəlliflər seçilmişdi. Bu görkəmli bəstəkarlarının əsərlərini elə onların özləri qədər peşəkarlar - Zalsburq və Lütsern kimi nüfuzlu festivalların tez-tez qonağı olan musiqiçilər - Fransadan “Accroce Note”, Hollandiyanın “Asko/Şönberq” ansamblı və başqaları ifa edirdi”.
Məqalədə vurğulanır ki, Bakı festivalı Zalsburq (Avstriya) və Lütsern (İsveçrə) festivallarından geri qalmırdı: “Məsələn, Asko/ Schönberg ansamblı Şarrinonun “İntroduziono all’ascuro” əsərini məharətlə - çox sakit və kövrək, həlim harmoniya ilə ifa etdi. Ürək döyüntüləri ilə səslənən, eyni zamanda, impulsları azaldan skripkaların səsi insanın daxilini titrədirdi. İkinci hissədə Andrissenin “Gümüş” əsəri, fleytanın müşayiəti ilə ritmik güclü enerji ilə Con Adamsın “Kamera simfoniyasının oğlu” əsəri ifa olundu.
“Asko/ Schönberg”
ansamblının ikinci konserti
bütövlükdə Fərəc Qarayevin
musiqisinə həsr edilmişdi. Onun Aleksandr Skryabinin “Doqquzuncu fortepiano sonatası” və Klod
Debüssinin “Buludlar”ına etdiyi mükəmməl aranjirovka
ansamblın tembr incəliklərini
qabarıq göstərə bilirdi. Sonda isə “İst es genug” (“Bu, kifayətdir”) pyes-performansı
ifa edildi. Bu, müəllifin əsərlərindən
fraqmentləri özündə
cəmləşdirən bir
pyes idi. Finalda musiqiçilər - kədərli
izdiham kontrabası çiyninə alaraq zala enir və
foyeni dolanaraq musiqi bəstələməkdən
yorulmuş bəstəkarın
“dəfnini” canlandırdı”.
Məqalə müəllifi daha sonra yazır: “Festivalın qəhrəmanı
Rauf Abdullayev oldu. Onun rəhbərliyi ilə
musiqiçilərin Lusiano
Berionun səkkiz səs və orkestr üçün simfoniyasını ifa etməsi festivalın bağlanışının zirvəsi
idi. Maler, Ravel, Bethoven, Debüssi
və Schonberqdən səslənən ifalar zalda böyük təlatüm yaradırdı.
XX əsrin ikinci
yarısına aid və
müasir musiqilərin
bu dərəcədə
akademik və keyfiyyətli səslənməsinə
Bakıda heç də tez-tez təsadüf edilmir.
Bu baxımdan Qara Qarayev adına
festival istənilən Avropa
şəhərinə şərəf
gətirə bilər”.
Mədəniyyət.-
2013.- 1 may.- S. 6.