Azərbaycan-Özbəkistan dostluğu uşaqların gözü ilə

 

   Aprelin 26-da ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "Azərbaycan Özbəkistan uşaqlarının gözü ilə, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi keçirilib.

  

   Mədəniyyət Mərkəzinin, Özbəkistanın "Fond Forum", "Yangi Avlod" Forumu və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş sərgi ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevbu ölkədə səfərdə olan "Neftçi" futbol klubunun veteran futbolçuları da tanış olublar.

   Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Özbəkistana gətirilmiş 50 rəsm və Özbəkistanın "Yangi Avlod" Forumunun təqdimatında özbək uşaqlarının 50 əl işi, habelə Azərbaycan milli ornamentləri ilə bəzədilmiş suvenirlər maraqla qarşılanıb.

   Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan haqqında özbək, Özbəkistan haqqında isə azərbaycanlı uşaqların düşüncələrini rənglərin dili ilə ictimaiyyətə çatdırmaqdır. Özbəkistan uşaqları rəsmlərində Azərbaycanın abidələrinə, füsunkar təbiətinə daha çox müraciət ediblər.

   Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uşaq təxəyyülünün əks olunduğu tabloları istedad, sevgidostluq nişanəsi kimi xarakterizə edib. Qeyd olunub ki, sərgidə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilmiş rəsmlər gələcək münasibətlərimizin daha yüksək səviyyədə olacağına dəlalət edir.

   Özbəkistanın "Yangi Avlod" Forumu və Azərbaycan Dövlət Rəsm Qalereyası Mədəniyyət Mərkəzinin diplomları ilə təltif edilib. Mərkəzin direktoru təşkilati dəstəyə görə Azərbaycanın Özbəkistandakı səfirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

   Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və Özbəkistanın "Yangi Avlod" Forumunun direktoru Baxadur Zuridinov balaca istedadların əl işlərini yüksək qiymətləndirərək, sərginin Azərbaycan və Özbəkistan arasındakı dostluğun göstəricisi olduğunu qeyd ediblər.

   "Yangi Avlod" Forumu tərəfindən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinə çəkilmiş miniatür hədiyyə olunub. Sonda ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş "Azərbaycan motivləri" filmi nümayiş etdirilib.

 

 

    Mədəniyyət.- 2013.- 1 may.- S. 6.