Regionlarda turizm məhsulunun hazırlanması
perspektivləri
Turizm İnstitutunda bu mövzuda keçirilən treninqlər
başa çatdı
Aprelin 26-da Azərbaycan Turizm İnstitutunda rayon (şəhər) mədəniyyət
və turizm şöbələrinin (idarələrinin)
müdirləri və
turizm informasiya mərkəzlərinin rəhbərləri
üçün təşkil
olunan seminar-treninqlərin
yekun tədbiri keçirildi. “Regionlarda
turizm məhsulunun hazırlanması perspektivləri»
adlı seminar-treninqlər
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, treninqlərin birinci mərhələsi bu il fevralın 4-dən 8-dək reallaşıb.
“Turizm siyasəti, planlaşdırılması və
idarəçiliyi” adlı
seminarda 25 rayonun mədəniyyət və
turizm şöbəsinin
müdiri və 6 regional
turizm informasiya mərkəzinin direktoru iştirak edib: «Azərbaycan dövləti
regionlarda turizmin inkişafına çox böyük önəm verir. Bu, Mədəniyyət
və Turizm Nazirliyinin fəaliyyətinin
prioritet istiqamətlərindən
biridir. Bakıda və regionlarda
yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq
şəbəkəyə daxil
olan hotellər və turizm obyektləri açılır.
Bu istiqamətdə inkişafa
nail olmaq üçün
rayon mədəniyyət və
turizm şöbələrinin
üzərinə böyük
iş düşür.
Təəssüflər olsun ki, şöbələr bir çox hallarda öz işlərini təkcə mədəniyyət
sahəsində fəaliyyət
göstərməklə bitmiş
hesab edir. Amma onlar eyni zamanda
turizm sahəsində də baş verən yenilikləri tətbiq etməyi bacarmalıdır. Mədəniyyət
və turizm şöbələri regionlarda
mədəniyyət müəssisələrinin
turizm firmaları ilə yaxın əməkdaşlıq etməsinə
nail olmalıdır».
ATİ-nin rektoru Cəfər Cəfərov deyilənlərə
əlavə olaraq bildirdi ki, Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycanda hər iki sahənin
inkişafına cavabdeh
bir qurum olduğu üçün
rayon şöbələri də bu sahələrin
bir-biri ilə əlaqəli fəaliyyətini
təmin etməlidir:
«İnkişaf etmiş
ölkələrin təhsil
mütəxəssislərinin araşdırmaları da göstərir ki, ilk tədris ilində tələbələrə verilən
təhsil sonrakı illərdə artıq köhnəlir. Demək istədiyim odur
ki, hansı sahədə fəaliyyət
göstərməyimizdən asılı olmayaraq biliklərimizi vaxtaşırı
olaraq yeniləməliyik.
Çünki elm, texnika inkişaf
edir. Yeni informasiya-kommunikasiya vasitələri insanların
istifadəsinə verilir.
Biz də bunlardan
istifadə etməyi bacarmalıyıq».
Rektor bildirdi ki, indiyədək
keçirilən seminarlar
dövlətin turizm siyasəti, Dünya Turizm Təşkilatının
Azərbaycanla əməkdaşlığı,
ölkəmizin iqtisadiyyatında
turizmin yeri və rolu, regionların
inkişafına turizmin
təsiri, turizm-rekreasiya
zonalarının yaradılması,
bununla bağlı qarşıda duran vəzifələr, ölkəmizdəki
ayrı-ayrı turizm məkanlarının marketinqi,
dünyada reklam olunması, kənd-yaşıl
turizminin inkişaf yolları və s. mövzuları əhatə
edib: “Növbəti mərhələdə təlimlər
təkmilləşmə kursları
ilə əvəz olunacaq. Turizm sahəsində baş
verən yenilikləri
bu kurslar vasitəsilə mədəniyyət
və turizm şöbələrinə çatdırmağa
çalışacağıq».
Sonra iştirakçılara kurslarda iştirak etmələri ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Turizm İnstitutunun birgə sertifikatları təqdim olundu. Sertifikat alan 27 nəfərdən
21-i mədəniyyət və
turizm şöbəsinin,
6 nəfər isə turizm-informasiya mərkəzinin
müdiridir.
* * *
Seminarla bağlı mütəxəssis
və iştirakçı
rəyini də öyrəndik. Azərbaycan Turizm
İnstitutunun Təlim
Mərkəzinin metodisti
Fikriyyə Quliyeva əvvəlki treninqdən
fərqli olaraq bu dəfə bir qədər fərqli format seçdiklərini
bildirdi. Onun sözlərinə görə,
iştirakçıların istəyini nəzərə
alaraq treninqləri həm auditoriyada, həm də əyani şəkildə
davam etdiriblər: «Məsələn, tarixi-mədəni
turizm mövzusunda keçirilən təlimlərdə
iştirakçıların “Qala” etnoqrafik muzey-kompleksinə, "Atəşgah
məbədi" Tarix-Memarlıq
Qoruğuna səfərləri
təşkil olundu. Hotellərdə standartlaşma və
sertifikatlaşma mövzusu
ilə bağlı iştirakçılar «Abşeron
Mariott» və «Hilton Bakı» mehmanxanalarında
oldular”.
Göygöl
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Şərqiyyə
Hümbətova treninqlərin
əhəmiyyətindən danışaraq bildirdi ki, mövzular çox maraqlı məqamları əhatə
edib: «Seminarlarda elə mövzulara toxunulurdu ki, bunlar mənim üçün yenilik idi. Turizmin təşkili, xidmət,
dünya turizmi, turistlərə tarixi-mədəni
abidələrin təqdim
edilməsi, onları bölgələrə necə
cəlb etmək istiqamətində verilən
məlumatları maraqla
dinlədik. Bir neçə
gün ərzində həm bölgələrimizin
turizm imkanlarının
tanıdılması ilə
bağlı, eyni zamanda da bu
sahədə olan biliklərin sistemləşdirilməsi
istiqamətində aldığımız
məlumatlar, hesab edirəm ki, gələcək fəaliyyətimizdə
bizə çox kömək edəcək».
Şöbə
müdiri Mədəniyyət
və Turizm Nazirliyinin «Xalq yaradıcılığı paytaxtları”
proqramı çərçivəsində
Göygölün 2013-cü ildə “Sənətkarlıq
paytaxtı” elan olunduğunu, bu münasibətlə rayonda
tədbirlərə start verildiyini
də qeyd etdi: «Tədbirlərimiz ilboyu davam edəcək.
Əsasən sənətkarların əl işlərindən
ibarət sərgilərin
təşkilinə böyük
üstünlük verəcəyik».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 1 may.- S. 7.