Mədəniyyət və turizm nazirinin müavini Yevlax və Mingəçevirə səfər edib

 

   Ulu öndərin yubileyinə həsr olunmuş elmi-metodiki konfrans

  

   Aprelin 25-də Yevlax şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-metodiki konfrans keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, millət vəkili İlham Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı yolunda tarixi xidmətlərindən söz açıblar.

   Nazir müavini Nazim Səmədov çıxışında dahi rəhbərin mədəniyyət və turizm sahələrinin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, nazirliyin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

   Tədbirdən sonra Nazim Səmədov Yevlax rayonunun turizm potensialı və tarix-mədəniyyət yerləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.

  

   Mingəçevir Turizm Kollecində görüş

 

   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivi və tələbələri ilə görüşüb. Kollecin direktoru, professor Əyyub Əyyubov təhsil müəssisəsinin fəaliyyəti, təhsilin səviyyəsi, maddi-texniki bazası haqqında məlumat verib.

   Bildirilib ki, hazırda kollecdə 13 ixtisas üzrə 2400 tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 200 nəfərlik pedaqoji heyət məşğul olur. Tədrisin təşkilində müasir informasiya kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Tələbələrdən ibarət bədii özfəaliyyət kollektivi və tələbə-idmançılar kollecin və şəhərin tədbirlərində daim iştirak edirlər. Hazırda kollecin məzunları Mingəçevir, Şəki, Zaqatala, Qəbələ, Balakən, İsmayıllı, Naftalan, Şamaxının mehmanxana, hotel və kurort komplekslərində çalışırlar.

   Nazim Səmədov kollecin tədris proqramları ilə maraqlanıb, Heydər Əliyev adına İdeoloji Mərkəzlə tanış olub, kimya-fizika laboratoriyasına, ümumtəhsil və ixtisas fənləri üzrə kabinetlərə, kompyuter və test otaqlarına və kitabxanaya, idman meydançasına baxıb.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 7.