Azərbaycan
kitabı beynəlxalq sərgilərdə
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə ölkəmiz aprel ayında üç kitab sərgisində
uğurla təmsil olunub
Son illər Azərbaycanın beynəlxalq
kitab sərgilərində iştirakı ənənə
halını alıb. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə nüfuzlu sərgilərdə
təqdim olunan çap məhsullarımız ölkəmizin
kitab mədəniyyətini, nəşriyyat və poliqrafiya sahəsində
əldə edilən uğurları nümayiş etdirir. Beynəlxalq
sərgilərdə iştirak həmçinin bu sahədə
böyük nailiyyətlər qazanmış ölkələrlə
təcrübə mübadiləsinə də imkan verir.
Xəbər verdiyimiz kimi, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə kitablarımız aprel ayında London, Budapeşt və
Kişineuda sərgilənib. Səfər təəssüratlarını
öyrənmək üçün sərgi iştirakçıları
ilə həmsöhbət olduq.
Növbəti dəfə Londonda
Aprelin 15-dən 17-dək Londonda
keçirilən beynəlxalq kitab sərgisində nazirliyin Nəşriyyat,
reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat
sektorunun müdiri Çingiz Əlioğlu, İnformasiya və
reklam sektorunun baş məsləhətçisi Aslan Cəfərov
iştirak ediblər. 1971-ci ildən etibarən ənənəvi
olaraq təşkil olunan sərgidə Avropanın
aparıcı nəşriyyatları, müxtəlif təşkilatlar
iştirak edir.
Səfər təəssüratını
bizimlə bölüşən sektor müdiri Çingiz Əlioğlu
bildirdi ki, kitablarımız bu dəfə də yüksək
səviyyədə təqdim olunub: “Azərbaycan hər il
dünyanın nüfuzlu kitab sərgilərində iştirak
edir və bu coğrafiya genişlənməkdədir. Nazirlik hər
il təşəbbüs göstərir ki, özəl nəşriyyatlar,
müxtəlif poliqrafiya müəssisələri bu cür sərgilərdə
təmsil olunsun, əməkdaşlıq imkanlarını
genişləndirsinlər. Bu mənada həm nazirliyin, həm
də nəşriyyatların artıq beynəlxalq kitab sərgilərində
iştirak təcrübəsi formalaşıb. Qazanılan təcrübə
ildən-ilə təkmilləşir və biz sərgilərdə
həmişəkindən daha yaxşı iştirak etməyə
çalışırıq”.
Azərbaycanın Böyük
Britaniyadakı səfirliyinin dəstəyini xüsusi
vurğulayan sektor müdiri bildirdi ki, sərgidə
dünyanın 100-dən çox ölkəsindən 500-dən
artıq nəşriyyat və müəssisə iştirak
edib: “İcarəyə götürdüyümüz 24
kvadratmetrlik sahədə ölkəmizin tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, turizm imkanlarına, Qarabağa dair 115
adda 200 nüsxədən çox kitab və digər çap
məhsulları nümayiş olunurdu. Maraqlananlara ölkəmizin
mədəniyyəti və tarixi haqqında ətraflı məlumat
verildi, kitablar hədiyyə olundu. Sərgiyə gələn
kitab həvəskarları Azərbaycan elmi, ədəbiyyatı,
tanınmış insanları, nəşriyyatların
poliqrafik imkanları ilə maraqlanırdılar. Bilirsiniz ki, bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyidir. Ulu öndərin həyat və fəaliyyətinə,
Azərbaycanın çiçəklənməsi
və inkişafı naminə apardığı
mübarizəni əks
etdirən çoxsaylı
kitablar da aparmışdıq. Bu nəşrlərdə ölkəmizin
keçdiyi tarixi inkişaf yolu, qarşılaşdığı çətinliklər, əldə
etdiyi nailiyyətlər
də əksini tapıb. Müxtəlif dillərə tərcümə
olunan kitablarımız
ölkəmizin zəngin
incəsənətinin, tarixinin
və mədəniyyətinin
dünyada tanıdılmasında
böyük rol oynayır”.
Sektor müdiri tədbir zamanı keçirdikləri
görüşlərdə müxtəlif ölkələrin
nəşriyyatlarını bu il keçiriləcək III Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət
etdiklərini də nəzərə çatdırdı.
Macarıstanda milli nəşrlərimiz beş dildə təqdim olundu
Azərbaycan aprelin 18-dən 21-dək Macarıstanın paytaxtı
Budapeştdə ənənəvi
beynəlxalq kitab sərgi-yarmarkasında da təmsil olunub. Bu il sayca
20-ci dəfə gerçəkləşən
kitab bayramında dünyanın 20-yə yaxın
ölkəsinin 100-dən artıq
nəşriyyatı öz
çap məhsullarını
nümayiş etdirib.
Sərgi çərçivəsində Azərbaycan xalqının
ümummilli liderinin 90
illik yubileyi ilə bağlı “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir”
çoxcildliyinin təqdimatı
və “Müstəqillik
illərində (1993-2013) Azərbaycanda
kitab sənətinin inkişafı” adlı
panel təşkil olunub.
Təqdimat mərasimində
ölkəmizin Macarıstandakı
səfiri Vilayət Quliyev, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat,
reklamın təşkili
və informasiya şöbəsinin müdiri
Vaqif Bəhmənli, “Azərnəşr”in direktoru
Azər Mustafazadə,
azərbaycanlı tələbələr,
diasporumuzun təmsilçiləri,
yerli ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri
Vaqif Bəhmənli
son illər Azərbaycanın
nəşr işi sahəsində qazandığı
uğurlardan söz açıb. Qeyd olunub ki, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün
istiqamətləri kimi,
bu sahə də ulu öndərin
müdrik tövsiyələri
əsasında inkişaf
etdirilib, müstəqillik
illərində Azərbaycanda
güclü poliqrafik baza yaradılıb və azad çap
siyasəti həyata keçirilməkdədir.
Sərgi çərçivəsində müxtəlif ölkələrin
nümayəndələri ilə
görüşlər keçirilib,
gələcək əməkdaşlıq
imkanları müzakirə
olunub, onlara bu il keçiriləcək III Bakı
Beynəlxalq Kitab Sərgi Yarmarkası haqqında məlumat verilib. Çin, Səudiyyə Ərəbistanı,
Türkiyə və İsrail dövlətlərindən
olan nümayəndələr
Bakı sərgisində
iştirak etmək niyyətlərini bildiriblər.
Nazirliyin İnformasiya və reklam sektorunun məsləhətçisi Faiq
Xudanlı səfər
təəssüratından danışaraq bildirdi ki, sərgi-yarmarkada ölkəmizin müxtəlif
nəşriyyatlarının təxminən 200 adda 500-dən
çox kitab və müxtəlif çap məhsulları nümayiş etdirilib: “Onların arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar, klassik və müasir Azərbaycan yazıçılarının
əsərləri, respublikamızın
tarixi yerlərinə,
turist marşrutlarına
dair kitab, albom və bukletlər,
Dağlıq Qarabağ
və digər işğal olunmuş ərazilər barəsində
Azərbaycan və xarici dillərdə ədəbiyyat yer almışdı. Ölkəmizlə
bağlı guşədə
yer alan
Azərbaycan, ingilis, rus, macar, rumın
dillərində çap
məhsulları, xüsusilə
turistik bukletlər,
CD-lər ziyarətçilərin
marağına səbəb
oldu. Görkəmli ədiblərdən Nizami Gəncəvi, Xurşudbanu
Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadənin son illərdə
çap olunmuş kitabları, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş
nəşrlər iştirakçıların
diqqətini cəlb etdi”.
Uşaq və gənclər üçün
nəşrlər Moldova sərgisində
Aprelin 18-dən 22-dək isə Azərbaycan kitabı Moldovanın paytaxtı Kişineu şəhərində
Uşaq və Gənclərin XVII Beynəlxalq
Kitab Sərgisində nümayiş olunub. Tədbirdə nazirliyin Nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin
Kitabxana sektorunun aparıcı məsləhətçisi
Əfsun Əhmədov
və F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının əməkdaşı
Asim Məmmədov iştirak edib.
Moldovadakı səfirliyimiz tərəfindən
MoldExpo salonunda icarəyə götürülmüş
sahədə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
göndərilmiş təxminən
30 nəşriyyatın 200-ə yaxın kitab və müxtəlif nəşr məhsulları
sərgilənib. Ə.Əhmədovun
sözlərinə görə,
iştirakçılar tərəfindən
Azərbaycan bölməsinə
xüsusi maraq olub: “Tədbirin üçüncü günü
sərgi iştirakçılarının
və qonaqların Azərbaycanla tanışlıq
mərasimi keçirildi.
Mərasimdə Azərbaycanda kitabxana-informasiya
sahəsində görülən
işlərdən, uşaq
və gənclər arasında mütaliənin
artırılması məsələlərindən
söhbət açıldı.
Bundan başqa, Moldovanın
"Prut" nəşriyyatı ilə 2-5 yaş arasında uşaqlar üçün Azərbaycan
dilində nəşr
məhsullarının çap
olunması barədə
əməkdaşlıq məsələləri
müzakirə edildi”.
Azərbaycan bölməsində yazıçılarımızdan
Cəlil Məmmədquluzadə,
Abdulla Şaiq, İlyas
Tapdıq, Solmaz Amanova, Sevinc Nuruqızı, Gülzar İbrahimova və başqalarının müəllifi
olduqları kitablar, habelə, xarici ədiblərin - Çarlz
Dikkens, Daniel Defo,
Ernest Heminquey, Harriyet Biçer-Stou, Aleksandr Belyayev, Etel Lilian Voyniç və digərlərinin Azərbaycan dilinə tərcümə edilmiş
əsərlələri, “Sehrli
dünya”, F.Köçərli
adına Respublika Uşaq Kitabxanası tərəfindən nəşr
edilən “Göy qurşağı” uşaq
jurnalları və digər çap məhsulları nümayiş
olunub.
Qeyd edək ki, sərgi çərçivəsində
bir neçə nominasiya üzrə müsabiqələr keçirilib.
Azərbaycanın “Beşik”
nəşriyyatı tərəfindən
rus dilində nəşr olunmuş “Pətğ skazok” kitabı “Ən yaxşı poliqrafiya” nominasiyası üzrə
diploma layiq görülüb.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 1 may.- S. 9.