Dost ölkələrə səyahət

 

   Respublika Uşaq Kitabxanası müxtəlif xalqların mədəni irsini tanıdan müsabiqə keçirir

  

   Aprelin 26-da Dövlət Mahnı Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adəti ilə” adlı müsabiqənin açılış mərasimi keçirildi.

  

   Tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev və uşaqlar” adlı videoslaydı izlədilər. Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi rəngarəng çıxışı ilə iştirakçıları salamladı.

   Müsabiqənin münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək müsabiqəyə qatılan səkkiz uşaq evi və internat məktəblərinin şagirdlərinə uğurlar arzuladı. Qeyd olundu ki, bu tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bütün uşaqlara hədiyyə edilir: “Müsabiqənin keçirilməsində məqsəd uşaqları dünya xalqlarının mədəniyyəti, adət-ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, xalqlar arasında dostluq əlaqələrini möhkəmləndirmək, onlara tolerantlıq hisslərini aşılamaqdır”.

   Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra Sumqayıt şəhər 2 saylı internat məktəbi Türkiyəyə, “SOS” uşaq kəndi Yaponiyaya, Zəngilan qaçqın məktəbinin şagirdləri Böyük Britaniyaya, A.Makarenko adına internat tipli gimnaziya isə Gürcüstana dair təqdimatla çıxış etdi. Altı nominasiya üzrə nəzərdə tutulan təqdimata müvafiq ölkəyə aid slaydlar, milli rəqsin, milli geyimin, kitab sərgisinin, milli gəlinciklərin və ya applikasiyanın, nağıl qəhrəmanlarının nümayişi daxil idi.

   Tədbirdə müsabiqənin münsiflər heyətinə daxil olan Bakı Xoreoqrafiya Məktəbinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçiləri, həmçinin səkkiz dövlətin (Yaponiya, Böyük Britaniya, Türkiyə, Hindistan, Rusiya, ABŞ, Gürcüstan, Koreya Respublikası) Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edirdilər.

   Aprelin 30-da müsabiqə iştirakçılarının daha dörd ölkə (Hindistan, Rusiya, ABŞ, Koreya Respublikası) ilə bağlı təqdimatları oldu. Müsabiqənin nəticələri isə mayın 2-də keçiriləcək yekun tədbirdə elan olunacaq.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 10.