İslam ölkələrinin gənc
ifaçıları Bakıda yarışdılar
Festival-müsabiqədə
ilk yerləri Azərbaycan təmsilçiləri qazanıblar
Aprelin 26-da Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında İslam dünyası gənc
klassik musiqi ifaçılarının II Beynəlxalq festival-müsabiqəsi
qaliblərinin mükafatlandırılma mərasimi olub.
İki gün davam edən
festival-müsabiqə İSESCO-nun, Azərbaycan Gənclər
və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı və
“Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı
ilə reallaşıb.
Mərasimdə
çıxış edən gənclər və idman nazirinin
müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu
Novruzov son illər ölkəmizdə müxtəlif beynəlxalq
mədəniyyət layihələrinin həyata
keçirildiyini nəzərə çatdırıb,
festival-müsabiqənin əhəmiyyətini
vurğulayıblar.
“Kainat” Gənclik Mərkəzinin
direktoru Rahib Rəsulzadə və beynəlxalq tərkibli
münsiflər heyətinin sədri Nərminə Quliyeva
bildiriblər ki, yarışma iki yaş qrupunda (15 yaşadək
və 15-20 yaş arası) fortepiano və orkestr alətləri
nominasiyaları üzrə keçirilib.
Böyük yaş qrupu üzrə
1-ci yerə azərbaycanlı ifaçılar Firəngiz
Abdullayeva (orkestr) və Züleyxa Usubova (fortepiano), 2-ci yerə
Güzel Bayzakova (Qazaxıstan) və Nigar Qəhrəmanova
(orqan, Azərbaycan), 3-cü yerə azərbaycanlı
iştirakçılar Kamil Həsənov, Rahib İsgəndərov
(duet) və Yusif Yusifli layiq görülüb.
Kiçik yaş qrupu üzrə
1-ci yerə Orxan Hüseynov və Rəşid Behbudov (Azərbaycan),
2-ci yerə Kamilla Nurmatova (Özbəkistan) və Leyla Zeynalova
(Azərbaycan), 3-cü yerə Yelena Abdullayeva (Dağıstan)
və Diana Amanbayeva (Özbəkistan) sahib olublar. “Qran-pri” isə
azərbaycanlı ifaçı Elgün Ağazadəyə
verilib. Daha üç iştirakçıya BMA-nın və
təşkilat komitəsinin xüsusi mükafatları təqdim
olunub.
Festival-müsabiqədə Azərbaycan,
Türkiyə, Dağıstan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Misir, Küveyt və Mərakeşdən
40-dan çox gənc iştirak edib. Sonda qaliblərin
iştirakı ilə qala-konsert təqdim olunub.
Mədəniyyət.-
2013.- 1 may.- S. 10.