İşıqlı sənət yolunda

 

   Azərbaycan musiqi mədəniyyətinin inkişafında musiqişünasların müstəsna rolu var. Haqqında söhbət açacağımız Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva da milli musiqişünaslıq məktəbinin layiqli nümayəndələrindən biridir. Onun elmi, istedadı ilə bərabər gözəl insani keyfiyyətləri də layiqli musiqişünas olmağına zəmin yaradır.

  

   Bu yerdə unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun bir kəlamını xatırlatmaq istərdim. O deyirdi ki, yaxşı sənətkar olmaq, yaxşı insan olmaqdan başlayır. Həcər xanım da məhz o yaxşılardan biridir. İncə qəlbli, səmimi, mehriban insan, sədaqətli ömür-gün yoldaşı, fədakar ana, elinə-obasına bağlı, öz sənətinə ciddi yanaşan layiqli vətəndaş - Həcər xanımı bir musiqişünas kimi dəyərləndirən məhz bu cəhətləridir. Çünki o, saf bir mühitdə böyüyüb, boya-başa çatmış, əsl şəxsiyyətlərdən həyat və sənət dərsi almışdır.

   132 saylı məktəbin 8-ci sinfindən sonra Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirən bu yeniyetmə qızın formalaşmasında onun düşdüyü mühitin müsbət təsirləri çox olub. Əslində bu mühit onun yalnız sənət deyil, həyat yolunun da başlanğıcı olub. Çünki ömür-gün yoldaşı Elxan Babayevlə də onların tanışlığı məhz Bülbül adına orta ixtisas musiqi məktəbində oxuduğu illərə təsadüf edir. Bu təsadüfdən doğan zərurət isə odur ki, gələcəkdə Həcər və Elxan Babayevlər həm sənət, həm də həyat yollarında birgə addımlayacaqlar. Onları birləşdirən həm biri-birilərinə, həm də musiqiyə olan sevgidir. Elə bu sevgidən doğulan AynurAytac da özlərini musiqi sənətinə həsr edirlər. Beləliklə, Babayevlər ailəsinin hər bir üzvü Azərbaycan musiqişünaslığında öz sözünü deməyə çalışır.

   Həcər Babayevanın yaradıcılığında bir neçə istiqamət öz əksini tapır. O, daim axtarışda olan musiqişünas, tələbkar müəllim, radio-televiziya verilişlərinin müəllifi və aparıcısı, yalnız respublikamızda deyil, başqa ölkələrdə də milliprofessional musiqimizin təbliğatçısı kimi yorulmadan çalışıb və bu gün də fəaliyyətini davam etdirir.

   40 ildir ki, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bu təşkilatın işində o, daim yaxından iştirak etmiş, hazırda isə idarə heyətinin üzvü və musiqişünaslıq bölməsinin sədridir. Bir vaxtlar Bəstəkarlar İttifaqının təşəbbüsü ilə Azərbaycan Televiziyasının təqdim etdiyi «Xəqani 27» jurnalının da ilk müəllifi və aparıcısı məhz Həcər xanım olmuşdur. Bu verilişlərdə o, Bəstəkarlar İttifaqının fəaliyyəti, bəstəkarların, ifaçıların yaradıcılığı haqqında söhbət açar, sənətsevərlər də bundan bəhrələnərdilər. Onun bu təbliğatçılıq işinə «Aşkarlıq» televiziya verilişinin müəllifi və aparıcısı kimi xidmətləri də daxildir. Həmin verilişdə o, musiqimizdə mövcud olan problemlərdən, eləcə də Bakının və digər bölgələrimizin musiqi ocaqlarındakı çatışmazlıqlardan söhbət açaraq onların həllinə çalışardı. Ümumiyyətlə, Həcər xanımın Azərbaycan televiziyaradiosu ilə əməkdaşlığı sayəsində «Bəstəkarların otağında», «Musiqi aləmində», «Musiqi haqqında söhbətlər» adlı verilişlərində də tamaşaçı və dinləyicilər musiqi sənəti haqqında maraqlı fikirlər eşidir, geniş məlumat əldə edirdilər. Təəssüf ki, o verilişlərin əksəriyyəti lent yaddaşından silinib. Bu mənada Həcər xanımın Şuşada Bülbülün ev-muzeyində çəkilən son verilişinin qorunub saxlanmaması bizim hər birimizdə böyük təəssüf hissi yaradır. Çünki belə yadigarları qorumaq elə tariximizi qorumaq deməkdir.

   Həcər Babayevanın musiqişünas kimi elmi axtarışları da çox maraqlı sahə - Azərbaycan musiqisində bayatı janrı ilə bağlıdır. Alim bu mövzunu İraq-Türkmən xoyratları ilə də əlaqələndirərək onların fərqli və oxşar təhlilini verməyə çalışmışdır. Bu məqsədlə çoxlu sayda xoyrat musiqi nümunələrini toplayıb, nota köçürüb. Onu bu istiqamətdə işləməyə sövq edən və bu iki janra maraq yaradan 1985-1988-ci illərdə həyat yoldaşı - unudulmaz musiqişünas Elxan Babayevlə Bağdadda işləmələri olub. 1993-1997-ci illərdə isə Həcər xanım görkəmli alim, ictimai xadim İhsan Doğramacının dəvəti ilə Türkiyənin Bilkənd Universitetində dərs demişdir.

   Milliprofessional musiqimizi yüksək vətəndaşlıq mövqeyindən təbliğ edən professor Həcər Babayevanın pedaqoji fəaliyyəti də təqdirəlayiqdir. O, 30 ildən çox A.Zeynallı adına Musiqi Texnikumunda (indiki Musiqi Kolleci) və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) solfecioharmoniya fənlərini tədris edib. Hazırda BMA-nın musiqi nəzəriyyəsi kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

   Ümumiyyətlə, Həcər xanım musiqi təhsilinə xüsusi diqqət yetirən musiqişünasdır. Bu istiqamətdə Təhsil Nazirliyinin həyata keçirdiyi bir sıra layihələrdə onun mühüm xidmətləri var. Alimin musiqi ilə bağlı ən dəyərli fikirləri onun məqalələrində, oçerklərində, monoqrafiyalarında, müxtəlif konfranslardakı çıxışlarında öz əksini tapır. Odur ki, musiqi sənətindən bəhs olunan mənbələr içərisində Həcər Babayevanın da payı var. Onun yaradıcılığında unudulmaz bəstəkarımız Vasif Adıgözəlova həsr olunan monoqrafiyası, «Sənsiz səninlə» kitabı da xüsusi əhəmiyyət kəsb edir.

   Bir qədər «Sənsiz-səninlə» kitabı üzərində dayanmağı özümə mənəvi borc sayıram. Çünki bu kitab musiqişünas-alimbizim unudulmaz müəllimimiz Elxan Babayevin xatirəsinə ithaf edilib. Həcər xanımın kövrək fikirlərini oxucularımıza da təqdim edirik: «Mən bu kitabı yazmalıyam. Elxanın dünyasını onu tanıyanlara, tanımayanlara da çatdırmalıyam. Bu mənim Elxanın ruhu qarşısında olan son borcumdur».

   Bu fikirlərə təsadüfi müraciət etmədik. Həcər xanım bununla öz sədaqətliliyini, məğrurluğunu isbat etmiş, həm də Azərbaycan musiqişünaslığında özünəməxsus xidmətləri olan, muğam sənətimizə dair dəyərli mənbələr yaradan bir alimin həyat və yaradıcılıq yolunu işıqlandırmışdır. Biz də çalışdıq ki, bu məqalədə Həcər xanımın həyat və yaradıcılıq yolunu işıqlandıraq. Əminik ki, Həcər xanımın bundan sonrakı yaradıcılıq yolu da işıqlı olaraq onun həyatına uğurlar gətirəcək.

  

 

   Səadət Təhmirazqızı,

   sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 12.