Ali Eşq dili
Yalnız
könüllərə çaxan sənət şimşəyi,
ürəklərə axan məhəbbət seli
Əlbəttə, Məhəmməd
Füzuli!..
Başdan-başa Eşqi-Ali. Bəşərin
yaranışından bəri ayrı-ayrı “ikilik”lərdə
cilvələnən bir hissin küll-vəsfkarı. Beş
yüz ildir - elə əzəldən bir “ustadı”,
“bünyadı” olmamış bu “əql tədbiri” aləminin
qələm hökmdarı. Bu məktəbsiz-mədrəsəsiz
qəlb “elm”inin könül alimi. “Gəl, sanma Füzuli dərdini
asan, ey təbib!”, “Fələklər yandı ahimdən,
muradım şəmi yanmazmı?” kimi fikirlər mütəfəkkiri...
Bu ustadlar ustadı bütün
yaradıcılığı boyu ali dərd öyüb, kədər
çağlayıb. Cavabını hər kəsdən
yaxşı bildiyi suallar qoyub, hamıdan gözəl heyran
qaldığı heyrətlər yaradıb. Amma
özünü heç bir özgədən ayırmayıb,
“qələm əlində” ola-ola, - şəxsini heç bir
bəndədən yuxarı yazmayıb. Eşq yolunda nə qədər
bəlalar çəkib, di gəl bircə kərə yar
qarasına bircə para qınaq çıxıbmı dilindən?
Əksinə, ”Ya rəb, bəlayi-eşq ilə qıl
aşina məni” - deyib. Özü də “rəbbini rəncidə”
edənlərdən olmayıb. Eşqin “ah quyuları”nda
nağılların “yandım, çəkin”inə,
dastanların “səbəbkarı dara çəkin”inə
işarət etməyib. Hər “dərdü-möhnəti”, hər
müşkülü “dırnaqım ilən”
aşırıb. Hamısını da böylə bir xitab ilə:
“Ey Füzuli!”
Bu xitabın özü də bir
şeir, qəzəl tutumunda, ey oxucu! Və elə mən də
bu səsləniş havasında.
Ey Füzuli, sənin -
“Xəlqə ağzın sirrini hər
dəm qılır izharı söz,
Bu nə sirdir kim, hər ləhzə
yoxdan olur var, söz?..” -
fikrindən sonra, yoxdan var olmur
axı, söz!..
Bu hesabla
Sənin sidqin nə qədər artmış olur, ustad?! Bunun qədər-miqdarını hesablamaqçün media, ədəbiyyat,
dil institutları kontingentlərinin, sözün
başına oyun açan bəzi ədib-ədəbiyyat agentlərinin,
böyük isimlərin
baş hərflərini
kiçik, saqqız-paraşokları
isə böyük hərflərlə yazan
TV-çilərin cəmi
statistikası bəs edərmi? Hələ bu “...hər
ləhzə yoxdan olur var” rəmzini
necə bəzmi-həzm
etməli? Yəni doğrudanmı,
Sən bu möcüzələri yazmağa
başlamazdan beş-on
ləhzə öncə
bu sözlər yerli-dibli yox imiş? Yəni, necə, - bütün
bunlar birdən-birə,
lapdan var olublar?
Görəsən,
bu iki misra
da yoxdan var olubmu ki:
“Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm - Məcnunun
ancaq adı var”?
Aşiqliyi də istedad
adlandırmaq ayrıca
bir möcüzə deyilmi, ey sənət
Möcüzəsi?!
Əcəba (və əstəğfürullah),
sanki haqdan gələn:
“Gər dersə Füzuli “gözəllərdə vəfa
var”,
Aldanma ki, şair sözü,
əlbəttə, yalandır”
kimi
sözlər necə
“yoxdan var” ola bilər?
Ey “rindü-şeyda”, “hər
işi xəlqə rüsva”! Sənin “Sorsalar, bu nə sevdadır” ehtimalın həmişə
tətikdə olan bir atəş lüləsi deyilmi? Və “bu nə
məntiqi-sevdadır” deyə
sorasıların xatirinə,
helmi yanaşma ilə “elmi anlaşma”nı qatıb-qarışdırmamaq da
mümkünmü? Deyirsən; “Aldanma
ki, şair sözü, əlbəttə,
yalandır”. Deməli, nə?
Gözəllərdə vəfa yoxdur?
Buna necə inanmalı?
Axı bu “yoxdur”un özünü
də “yalançı”
şair deyir! Beləliklə, gözəllərdə
vəfa var və yoxdur, yoxdur və var, var və
yoxdur... Bu nə məntiq sillagizmi, nə həndəsi silsilə, ədəbi-əbədi
zəlzələ?!.
Səndə sözlər nazənin ədalı, fikirlər bülbüli-şeyda sədalı,
mətləb-məramlar ecazi-laübalı!
Hələ vurğu-durğu
işarələri! Onların hamısı
öz yerindədir - təqtilərə münasib,
ritmlərə müntəzirdir.
Sual işarələri
isə... Bunların bir yarısı
incə-mincə gəlin
kimi, bir parası bığ yeri yenicə tərləmiş oğlan
sayaq, “çiçəyi
burnunda qız” misallı. “İnanarmı,
inanmazmı?”, “Usanarmı,
usanmazmı?”, “Məni
bimar sanmazmı?”, “Muradım şəmi yanmazmı?”.
Sənin bu “eşq balası
eşq” timsallı şeirinin əvvəlində
verdiyin sualı mən “qəsdən” axıra saldım (bir az da
Sənin müasir əziz-xələfin Şəhriyarın
“Gözəllərin axıra
qalmışıydı” misrasının
təsiri səbəbindən).
Deyirəm, gör, Səni
candan usandıran, verdiyi cəfadan isə usanmayan o gözəl Səndə bu qədər hicr simptomları yaratmasaydı, bu atom-misralar yaranardımı?
Gəl, Sənin “Mənə
tən eyləyən qafil, Səni görgəc utanmazmı” nəzmini də nəsrə çəkək.
Bəli, bütün saili-qafillər, “eybicu” ətrafın Sənə tənə edir ki, bu yaşda,
bu başda, bu nam-nişanda adamsan, nə var, nolub, hansısa
bir Yardan ötrü bu qədər ahu-zar edərlərmi?! Başqa aşiqlər bu
tənələri necə
qarşılardı, nə
cavablar verərdilər,
görəsən? Sənsə;
“Səni görgəc
utanmazmı?..” Sən ki bu
bir kitablıq kommentarini üç kəlmədə, on doqquz
hərfdə bu cür şərhi-bəyan
edə bilmisən, dünyanın bütün
əğyar hərifləri,
huri-ədəbiyyatşünasları yığıla, Səni nəinki Azərbaycan, Turan, Şərq şeriyyətinin, heç
dünya poeziyasının
da baş kürsüsündən, “Birinci”lik
nominasiyasından endirə
bilməz, ey Xocam, ey Ucam!
Çünki Sən bu mətləbi heç kimin ifadə edə bilməyəcəyi yığcamlıqda,
İlahi mübhəmlikdə,
ali məhrəmlikdə
deyə bilmisən. Sən, bütün başqalarından
fərqli olaraq, nida ilə utandırılasılara
bir suallıq möhlət verib, barışıq yeri qoymusan. Sən məsələyə hamıdan
- bütün didaktiklərdən,
patetiklərdən fərqli
baxaraq, tutalım, “əgər tənəçilər
mənim yarımın
necə gözəl, hədsiz cazibədar, füsunkar, işvəkar,
can alan, “qan salan”, filan-filan olduğunu bilsəydilər,
mənə - niyə bu qədər qəm eləyirsən, hicrdən nəm çəkirsən, bizi şahid tutuban, özünü şəhid
edirsən, - deməzdilər”
kimi təbiət təsvirləri, cəmiyyət
təfsirləri işlətməmisən.
Üçcə kəlmə
ilə - bəşərin
əzəli və əbədi atributu olan aşiq-məşuq, sevgi-məhəbbət dramındakı
tənə, dedi-qodu səhnəsini gözəlliyin
qələbəsilə, özünün
qalibliyinlə qapatmısan:
“Səni görgəc
utanmazmı?”!..
“Nalədəndir ney kimi...
...avazeyi-eşqim
bülənd, Nalə
tərkin qılmazam, ney tək kəsilsəm
bənd-bənd”!
Mənim özümün də bu misralara əşhədi-heyrətim
var, ancaq Bəxtiyar Vahabzadə - Xudu Məmmədov - Nurəddin Rza - Zeynal Məmmədov - Şahmar Əkbərzadədən
ibarət o vaxtkı “milli beşlik” nam-nişanlı kişilərin
iyirmi yeddi il bundan əvvəl
Ağdamın Abdal-Gülablı
sanatoriyasındakı növbəti
“Füzuli söhbətləri”ndə
edilən bir heyrəti xatırlatmağı
daha yey hesab edirəm.
Məclis arəstə, söhbət
ahəstə, həmsöhbətlər
“Füzuliyi-xəstə”. Ətraf meşədə bülbüllər
oxuyur və bu dəfə Qədir Rüstəmovun da iştirak etdiyi məclis başdan-başa Füzuli
qoxuyur. Mənsə, bu Gülüstan
şair haqda bədahətən (və
başdan-başa məlahətən!)
deyilən sözləri,
fikirləri gülləyib,
yaddaşıma köçürürəm.
“Gələndə “Məhəmməd”
gəldin dünyaya, Gedəndə “Füzuli” getdi dedilər”, “Sənət göylərində
üzür Füzuli,
Sənət göylərindən
öz qələmiylə
Al-əlvan çiçəklər
üzür Füzuli”
misralarını söyləyib,
üzünü müəllifə
tutan Nurəddin: “Bəxtiyar müəllim, sən bizim bu Eşq mücəssəməmiz
haqda çox yaxşı misralar yazmısan, amma, təəssüf, çox
az yazmısan...”. Bəxtiyar: “Əksinə,
Nurəddin həkim, çox yazmışam, amma yaxşı yaza bilməmişəm. Əgər bircə dəfə mənim də başıma Füzuli eşqi vursaydı, mən də ona layiq
bir şey yaza bilərdim!”.
Xudu: “Bu doyulmaz şairin hər misrası gəlin köçəsi
qızlarımızçün cehizlikdir, bəy ərənlərimizə pak
sevgilər aşılayan
mənəvi dərslikdir,
qocalar-qarılar üçün
bu dünya behiştliyidir...”
Bayaqdan üzündə “şeytani”
bir təbəssüm
gəzən Şahmar:
“Ay Xudu müəllim,
ay sirri-Xuda, sənin bu “cehizlik”, “dərslik” qənaətlərinə
cınqılı bir əlavəm var... - Xudu müəllimin gülümsəyərək səsləndirdiyi
“hə, yenə sonbeşiyimizin xatakarlığı
tutub” replikasından sonra, Şahmar sözünə davam edir: - Yəni bu yan-yörəmizdəki
cavan-comrullara elə gəlməsin ki, Füzuli babaları da, başqaları kimi, yalnız öyüd-nəsihət verən,
“müsbət qəhrəmanlıq”
təlqin edən, dünyəvi eşqi, əda-qidalarının çoxusu
gizlin, azısı aşkar olan sevgi-məhəbbəti yarlara
yasaqlayandır. Yox, “Leyli və Məcnun”dakı
bir səhnəni bir az nəsr, bir az nəzmlə ifadə edirəm: məktəbdə onlar səf-səf düzülüb
edəndə sərəfraz,
qızlar oğlanlara satanda işvəvü-naz,
oğlanlar necə səbr pişə qılsın və gər səbri olsa, nişə qılsın?!”
Hamı dərin ehtiram, klassik abır-həya ilə gülümsünür,
dəruni feyz anları yaşanır və nəhayət, öz aralarında “beşliyin filosofu” adlandırdıqları Zeynal:
“Görəsən... Füzuli
zərif cinsin nümayəndəsi olsaymış
da, bu əndazəli
eşqə duruş gətirə, o dünyaya bu sayaq əxlaq,
dözüm, həya bakirəliyilə köçə
bilərdi?..”
Ey Füzuli!
O vaxtkı o sual kiminsə kimdənsə cavab gözlədiyi suallardan deyildi. O sual Sənin indiyəqədərki
və innənsonrakı
milyonlarla, milyardlarla “fəqir” oxucularından birinin Sənə dair növbəti heyrətlərindən biri
idi.
Ey “ah”ı da hisslərin
gözəlinə, aşiqliyin
qəzəlinə sevirmiş
qeyri-əfsanəvi, var
olmuş və olası Məcnun! Bizi və bütün
gələcəklərin oxucularını
yeni-yeni irfan-idrak tilsimlərinin açılımına
doğru aparan, beş yüz on doqquzuncu ad gününü
qutladığımız ulu
və əbədi olu babamız, bütün fələklər
də şahiddir ki, Sənin muradının şamı
bütün alovlardan gur yanır və dünya durduqca da yanacaq!..
Tahir Əhmədalılar
Mədəniyyət.-
2013.- 1 may.- S. 13.