Qəlblərdə
yaşayan sənətkar
Xalqımızın tərəqqi
və səadəti üçün yaşayan bir çox
görkəmli şəxsiyyətlər vardır ki, onları
hər gün xatırlamaq bizim borcumuzdur. Belə şəxsiyyətlərdən
biri Məmməd Səid Ordubadidir.
Uzun və məzmunlu bir
ömür sürmüş, həyatın bütün məşəqqət
və iztirablarını, sevinc və fərəhlərini
görmüş bir sənətkar, bir insan kimi öz
xalqının dərin hörmətini qazanmış
böyük ədibimizin vəfatından 63 il keçir. O, 78
il yaşamışdır. Yarım əsrdən artıq bir ədəbi
fəaliyyət sərvətinə malik olan bu qocaman ədib
öz qəlbi, duyğuları, həyata olan tükənməz
həvəs və ehtirası ilə 78 yaşında da gənc
idi. Çünki öz taleyini xalqın taleyinə
bağlayan, xalqın səadəti uğrunda düşünən,
çalışan insanlar qocalmır.
Ordubadinin
yaradıcılığından, onun həyatından
danışmaq - yarım əsrdən artıq mürəkkəb
bir dövrün mübarizələrlə dolu səhifələrini
vərəqləmək deməkdir. O, xalqın tarixini dərindən
bilən yazıçılarımızdan idi. Çap
olunmamış məqalələrinin birində tarixi
mövzularda roman və dram yazmasını belə izah edir: “Azərbaycan
xalqının tarixi irsini üzə çıxarmaq
lazımdır. Çünki yeni nəslə
özünün kim olduğunu göstərməklə onun vətənpərvərlik
duyğularını inkişaf etdirmək mümkün
olacaqdır”.
Yazıçı tariximizi təhrif edənlərə, milli qəhrəmanlarımızı xalqdan gizlədənlərə qarşı amansız idi : “Bizə öz keçmişimizi unutduran, qəhrəmanları öz xalqından gizlədən, bəzən xalqın namuslu oğullarını bir quldur və bir qaçaq kimi göstərən, bir xalqın qəhrəmanlıq tarixini şübhələr altında qoymaq üçün qəhrəmanların qəbir daşlarını belə sındıran xain əllər, gündə birinin vicdanına satılan qələmlər və birtərəfli yazılan tənqidlər, baxın, Azərbaycan xalqına qarşı nə kimi haqsızlığı rəva görmüşdür”.
Ordubadini bir yazıçı kimi xalqın qəhrəmanlıq tarixini yaratmaq düşündürürdü. Ədib tarixi romanlarda, o cümlədən “Dumanlı Təbriz” əsərində məqsədinə müəyyən dərəcədə nail olmuş, gənc nəslə sözünü deyə bilmişdir. 1905-1911-ci illərdə İranda baş verən inqilabi hərəkatda Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərdi. Xalq qəhrəmanı Səttarxan və onun silahdaşları irtica qüvvələrinə, Qacar mütləqiyyətinə, rus çarizminə qarşı yenilməz bir qüvvə ilə vuruşurdu.
Dramaturq Təbriz inqilabında şəxsən iştirak etdiyindən milli-azadlıq hərəkatının spesifikasını, Cənubi Azərbaycanın etiraz, üsyan, inqilablarla dolu olan möhtəşəm bir dövrünü yaxşı bilirdi. Bu əsəri yazmaqla Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının təməlini qoymuşdur.
Ədibin son tarixi
romanı “Qılınc
və qələm”dir.
Romanda XII əsr Azərbaycanı bütün
güclü və zəif cəhətləri
ilə, dövrün siyasi şəraiti, əxlaq və məişət normaları,
adət ən-ənənələri
əlvan boyalarla verilmişdir. XII əsr
Azərbaycan xalqının
tarixində mürəkkəb
və eyni zamanda çox maraqlı və əhəmiyyətli hadisələrlə
zəngin dövrlərdən
biridir. Bu milli mədəniyyətimizin
tarixində elə bir inkişaf mərhələsidir ki, Xaqani, Məhsəti, Nizami kimi simaları
yetişdirib. Bu dövr haqlı olaraq intibah dövrü adlanır.
Ümumiyyətlə, “Qılınc və
qələm” əsəri
ədəbiyyatımızda qədim dövrə həsr edilmiş ilk tarixi romandır.
Bədii yaradıcılıq prosesində dərin düşüncələrə dalan, filosofa çevrilən sənətkar
həm də xəyala, fantaziyaya qapılmağı bacarmalıdır.
Xəyal
və fantaziyanın köməyi ilə adı, hətta bəzən quru cansıxıcı görünən
faktlar, hadisələr
bədii materiala çevrilir. Bu xüsusiyyət bədii fikrin fövqünə qalxan böyük romançının zəngin
irsi timsalında daha qabarıq aşkarlanır.
Tədqiqatçıların hesablamalarına görə,
ədib irili-xırdalı
altı mindən çox əsər yazmışdır. Müxtəlif
janrda və mövzuda əsərləri:
lirik, yumoristik, satirik şeirləri, poemaları, hekayə və oçerkləri, povest və romanları, dramları, musiqili komediya və opera üçün
yazdığı librettoları,
Aleksandr Puşkindən,
Demyan Bendnıdan etdiyi tərcümələri,
siyasi, ictimai və ədəbi məqalələri ilə
Ordubadi ədəbiyyatımızın
xəzinəsini zənginləşdirmiş,
xalqımız üçün
qiymətli irs qoyub getmişdir. Bu zəngin və
misilsiz bədii irsin içərisində
Ordubadinin tarixi romanları daha çox fərqlənir.
Onlar xalqımızın qədim
zamanlardan başlamış
müasir dövrədək
azadlıq uğrunda apardığı mübarizənin
bədii salnaməsidir.
Azərbaycan xalqının qabaqcıl
milli ənənələrini,
onun işıqlı gələcək haqqındakı
arzularını dərin
məhəbbət və
hissiyyatla əks etdirmək - budur yazıçının tarixi
romanlarının əsas
məzmunu və qayəsi. Əgər
bu gün də “Dumanlı Təbriz”, “Qılınc və qələm, “Döyüşən səhər”,
“Gizli Bakı”, “Dünya dəyişir” romanları həvəslə
oxunursa, deməli, Ordubadi öz yüksək fikirləri və nəcib duyğuları ilə sabahın oxucularının
qəlbinə yol tapa bilmişdir. Bu romanlar milyonlarca
oxucunun sevimli kitablarına çevrilmişdir
və ədəbiyyatımızın
xəzinəsinə böyük
hədiyyədir. Xalqımızın sevimli yazıçısı
Məmməd Səid Ordubadinin əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.
Lalə Abas-zadə,
M.S.Ordubadinin xatirə
muzeyinin direktoru
Mədəniyyət.- 2013.- 1 may.- S. 15.