Bakıya qardaş şəhərdə Azərbaycan sərgisi

 

   Xəzərdən Qaron sahillərinə sənət telləri

  

   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində tədbirlər davam edir. Azərbaycanı Fransanın regionlarında yaxından tanıtmaq məqsədilə həyata keçirilən layihənin növbəti tədbiri aprelin 27-29-da Bordo şəhərində təşkil olunub.

   Fransanın ən gözəl şəhərlərindən olan Bordo 1986-cı ildən Bakı ilə qardaşlaşıb. Bu baxımdan Bordoda gerçəkləşən “Azərbaycan günləri” xüsusilə əlamətdar idi. Ölkənin cənub-qərbində tarixi Akiten vilayətinin və hazırda Jeron departamentinin mərkəzi olan Bordo Qaron çayının sahilində yerləşir. Gözəlliyi və füsunkarlığı ilə hər kəsi heyran edən şəhər dünyada ilk növbədə məşhur şərabları ilə tanınır. Eyni zamanda, arxitekturası, mədəniyyət ocaqları ilə də tərifəlayiq şəhərdir. Bordonun məşhur Femina Teatrı bu dəfə Azərbaycan mədəniyyətinin bənzərsiz nümunələrinə şahidlik edib.

   Açılışda Bordo şəhər merinin birinci müavini Didye Kazabon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Heydər Əliyev Fondunun həyata keçirdiyi layihəni yüksək qiymətləndiriblər. Hər zaman olduğu kimi, incəsənət ustalarımız Azərbaycan mədəniyyətinin, musiqisinin nə qədər zirvələrdə olduğunu bir daha nümayiş etdiriblər. Xalq artisti Yeganə Axundovanın rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Fuad İbrahimovun dirijorluğu ilə yüksək ifaçılıq məharəti göstəriblər.

   Janr müxtəlifliyinin, zəngin improvizasiyaların bol olduğu bu konsert proqramı diqqəti bir daha Azərbaycana yönəldib. Konsertə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Bayram rəqsi” ilə yekun vurulub.

   “Gözəl sərgidən sonra möhtəşəm konsertə baxmaq çox təsirləndiricidir. Bu həqiqətən də Azərbaycanın Fransaya və Bordo şəhərinə etdiyi qeyri-adi və gözəl bir hədiyyədir” - deyə Bordo şəhər merinin birinci müavini Didye Kazabon təəssüratını bölüşüb.

   Qeyd edək ki, Bordo Fransanın ötən ilin oktyabrından etibarən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin təqdim olunduğu sayca 11-ci şəhəridir.

 

 

    Mədəniyyət.- 2013.- 1 may.- S. 16.