Kinorejissor Kamil Rüstəmbəyovun
xatirə gecəsi
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin 90 illik yubileyi ilə
əlaqədar silsilə tədbirlər davam edir.
Mayın 2-də təhsil
ocağının ədəbi iş və ekran
dramaturgiyası kafedrasının təşəbbüsü
ilə universitetin ilk məzunlarından biri, kinorejissor Kamil
Rüstəmbəyovun xatirəsinə həsr edilmiş tədbir
keçirilib.
Sənətşünaslıq
fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə
doktoru, dosent Vəfa Əliyev kinorejissorun çoxşaxəli
yaradıcılığından söhbət açıb.
Sonra ədəbi
yaradıcılıq və ekran dramaturgiyası
kafedrasının müdiri, professor Aqşin Babayevin görkəmli
sənətkarın həyat və
yaradıcılığı ilə bağlı məruzəsi
dinlənilib. Bildirilib ki, uzun müddət televiziya və kino
sahəsində işləmiş Kamil Rüstəmbəyov
rejissor məktəbinin fədailərindən biridir. Onun
yaradıcılığı yetişməkdə olan
yaradıcı nəsil arasında təbliğ
olunmalıdır.
Kino rejissoru və operatoru
kafedrasının professoru, Xalq artisti Tofiq İsmayılov,
kinoşünaslıq kafedrasının müdiri, professor Aydın
Dadaşov, kinoşünaslıq kafedrasının dosenti, Əməkdar
incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar
incəsənət xadimi Ayaz Salayev, aktyor sənəti
fakültəsinin dekanı Ötkəm İskəndərov,
televiziya rejissoru kafedrasının müdiri Oqtay Babazadə
çıxış edərək Kamil Rüstəmbəyov
haqqında xatirələrini bölüşüblər. Qeyd
olunub ki, “Axırıncı aşırım”, “Dağlarda
döyüş”, “Dərviş Parisi partladır” və s.
filmləri ilə tamaşaçıların xatirəsində
dərin iz qoymuş kinorejissorun bu il 90 illiyi tamam olur və bu
tədbir də həmin yubileyə hazırlıqdır.
Sonda sənətkarın
qızı Aygün Rüstəmbəyova tədbirin təşkilatçılarına
təşəkkürünü bildirib.
Mədəniyyət.-
2013.- 3 may.- S. 4.