Böyük
dühanın işığında
Yaradıcı ziyalıların Abşeron rayon sakinləri
ilə görüşündə ulu öndərin tarixi xidmətlərindən
söz açıldı
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90
illiyi müxtəlif tədbirlərlə geniş qeyd edilir.
Mayın 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Xırdalan şəhərində yaradıcı
ziyalıların Abşeron rayon sakinləri ilə
görüşü də əlamətdar yubileyə həsr
olunmuşdu.
Görüşdə Abşeron
Rayon İcra Hakimiyyəti başçısının
müavini, ictimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri İradə Gülməmmədova,
nazirliyin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri
Çingiz Əlioğlu, İnformasiya və reklam sektorunun məsləhətçisi
Faiq Xudanlı, Milli Məclisin deputatları, ədəbiyyat,
elm və mədəniyyət işçiləri, rayon
ictimaiyyəti iştirak edirdi.
Əvvəlcə
iştirakçılar Heydər Əliyevin abidəsi
önünə tər güllər düzərək xatirəsinə
ehtiramlarını bildirdilər. Sonra qonaqlar Heydər Əliyev
Mərkəzinə baş çəkdilər. Yaradıcı
ziyalılar rayon Mədəniyyət evində yubileylə
bağlı keçirilən kitab bayramı çərçivəsində
təşkil olunmuş sərgi ilə də tanış
oldular.
İcra Hakimiyyəti
başçısının müavini İradə Gülməmmədova
iştirakçıları salamlayaraq tanınmış
ziyalıların dahi öndərin 90 illik yubileyi və
Abşeron rayonunun yaranmasının 50 illiyi ərəfəsində
sakinlərlə görüşünü yüksək qiymətləndirdi.
Tədbirin aparıcısı,
tanınmış şair Çingiz Əlioğlu siyasi və
dövlətçilik fəaliyyəti ilə Azərbaycanın
tarixində dərin iz qoymuş dahi rəhbərin yubileyi
münasibətilə ziyalılarla ictimaiyyətin bu cür
görüşlərini təqdirəlayiq hal
adlandırdı. Bildirdi ki, ulu öndər zəngin həyat və
fəaliyyəti ilə hər kəsə örnəkdir:
“Abşeron rayon sakinləri ilə görüşə gəlmiş
ziyalılar ulu öndərlə bağlı öz fikirlərini,
xatirə və təəssüratlarını
bölüşəcək, şeirlərini səsləndirəcəklər”.
Çingiz Əlioğlu rayonun yaranmasının 50 illiyi
münasibətilə təbriklərini də
çatdırdı.
Millət vəkili Hüseynbala Mirələmov
çıxışında Heydər Əliyevin xalqı
qarşısında misilsiz xidmətlərindən, yüksək
insani keyfiyyətlərindən söz açdı.
Vurğulandı ki, böyük liderin zəngin ömür
yolunun zirvələrini xronikal qaydada xatırlamaq olar. Amma
bunların hamısını etməklə biz onsuz da bəlli
olan fikir və mülahizələri təkrarlamış
olardıq. Ulu öndərin ömür yolu, onun şəxsi
keyfiyyətləri bütün məziyyətləri ilə
yetərincə məlumdur. Çünki Heydər Əliyev hər
zaman Azərbaycan xalqına bağlı olub və onun
ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər
söhbət onun siyasi portretindən gedirsə, bircə tezislə
kifayətlənmək olar. Heydər Əliyev ən mürəkkəb,
ziddiyyətli tarixi proseslərin gərdişindən
bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə
də təmkinini itirməyən və dünyadakı
geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirən
lider idi.
AMEA-nın müxbir üzvü, Milli
Məclisin Mədəniyyət komitəsinin sədri, professor
Nizami Cəfərov da fikirlərini bölüşdü:
“Bizim yazıçılarımız həmişə həqiqi
liderlərini sevib və hörmət ediblər. Heydər Əliyev
ideyalarından Azərbaycan bu gün də bəhrələnir,
sabah da bəhrələnəcək. Azərbaycanın tarixində
böyük ideyalar müəllifləri olub, böyük
siyasi xadimlər olub. Amma əsl lider, siyasi xadim odur ki, qalib gəlmiş
olsun. Heydər Əliyevin özünəqədərki siyasətçilərdən
fərqi odur ki, o xalqın tarixində qalib gəldi. Siyasətçinin
məğlub olması, xalqının məğlub olması
deməkdir. Nə qədər böyük layihələr,
ideyalar irəli sürülsə, nə qədər
böyük mətləblərdən danışılsa da, əgər
həyata keçmirsə, nə lider əsl lider olur, nə də
millət əsl millət. Xalq isə həmişə arzularla
yaşayır. Bu mənada böyük öndəri Şah
İsmayıl Xətai ilə müqayisə etmək olar. O, azərbaycançılıq
ideologiyasını formalaşdırdı. Bütün
dünyaya sübut elədi ki, azərbaycanlılar heç bir
xalqdan geri deyil. Yazıçılarımızın, şairlərimizin,
alimlərimizin Heydər Əliyevin xatirəsi
qarşısında, gördüyü işlər
qarşısında bir qiymətləndirmə borcları var.
Və bu borc bizim ziyalıların üzərindədir”.
Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
ümummilli liderin Azərbaycan mətbuatının
inkişafına göstərdiyi qayğıdan
danışdı. Qeyd olundu ki, ulu öndər mətbuatın
problemləri ilə daima maraqlanardı. Heydər Əliyev hər
zaman mətbuatın cəmiyyətə təsir
gücünü yüksək qiymətləndirir, mətbuat və
söz azadlığı, kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata
keçirirdi. Müstəqillik dövründə Azərbaycan
mətbuatı ilə bağlı ilk fərman da Heydər Əliyev
tərəfindən imzalanıb. Həmin fərmanla milli mətbuatımızın
125 illiyi təntənəli şəkildə qeyd olundu.
Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin
həlli ilə bağlı 10-dan çox sərəncam və
fərman imzalayıb”. Mətbuatla daim təmasda, jurnalistlərin
yanında olan, mətbuatla işləmək mədəniyyəti
nümunəsini göstərən Heydər Əliyev 2001-ci il
dekabrın 18-də ölkənin əsas kütləvi
informasiya vasitələri və jurnalist təşkilatlarının
rəhbərlərini qəbul etdi, bu sahədə mövcud
problemləri müzakirə etdi. Həmin görüşdən
sonra bir sıra məsələlər operativ həllini
tapdı. Dövlət başçısının mətbuata
bu cür dost münasibəti media mənsubları tərəfindən
də yüksək dəyərləndirildi. Heydər Əliyev
2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq
görüldü”.
Şairlərdən Elxan Zal
Qaraxanlı, Ramiz Məmmədzadə
çıxışlarında ulu öndərin Azərbaycan
xalqı qarşısındakı misilsiz xidmətlərindən
söhbət açaraq, vətən, torpaq haqqında şeirlərini
söylədilər.
Sonda incəsənət
ustalarının iştirakı ilə konsert proqramı təqdim
olundu. 2011-ci ildə keçirilən II Respublika muğam
müsabiqəsinin qalibi xanəndə Aytən Məhərrəmovanın,
“Avrasiya səsləri” müsabiqəsinin qalibləri Ədalət
Behbudovun (tar), Pərviz Fərhadovun (kamança) ifasında
musiqi nömrələri alqışlarla qarşılandı.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2013.- 3 may.- S. 5.