“Əsas
məqsədimiz yeni kino təfəkkürünü
yaratmaqdır”
Müşfiq Hətəmov: “Azərbaycafilm”də
elə bir kino industriyası qurmaq istəyirik ki,
özümüzdən başqa xarici şirkətlər də
ölkəmizə gələrək burada film çəkə
bilsinlər”
Bu il 115
yaşı tamam olacaq Azərbaycan kinosunun tarixində ilk
dövlət qurumu ötən əsrin 20-ci illərində
yaradılıb. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi
(I Dövlət kinofabriki) təşkil edilib. Sonrakı
illərdə bir neçə dəfə adını dəyişən
qurum 1961-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyası adlanır. Ötən müddətdə
kinomuzun salnaməsi burada yazılıb, milli
filmoqrafiyamızın ən gözəl nümunələri
burada lentə alınıb. 90-cı illərin əvvəlində
respublikamızın yaşadığı
ağır böhrandan, mədəniyyətimizin digər sahələri
kimi, kino təsərrüfatımız da öz nəsibini
aldı. Artıq bu çətin dövrlər arxada qalıb,
dövlətin diqqət və qayğısı sayəsində
Azərbaycan kinosu yeni inkişaf mərhələsinə
qədəm qoyub. Filmlərimiz beynəlxalq arenaya, festival və
müsabiqələrə çıxır. Bu gün müxtəlif
özəl kinoşirkətlər, studiyalar da uğurla fəaliyyət
göstərir. Lakin milli kinomuzun flaqmanı yenə zəngin tarixə
malik "Azərbaycanfilm"dir.
Həmsöhbətimiz C.Cabbarlı
adına “Azərbaycanfilm"
kinostudiyasının direktoru Müşfiq Hətəmovdur. Bir ilə yaxındır ki, bu vəzifədə
çalışır. Ona ilk
sualımız da ötən müddətdə görülən
işlər, kinostudiyanın fəaliyyəti barədə
oldu.
- Müşfiq müəllim, kino sənayemizin
yenidən qurulmasında başlıca xətt, istiqamət nədən
ibarətdir?
- Əsas məqsədimiz
yeni kino təfəkkürünü yaratmaqdır. Müasir zamanda yeni maddi-texniki baza ilə
yanaşı, yeni zövq, yeni düşüncə də
vacib məsələlərdən biridir. Elə
bu səbəbdən də kinoda düzgün işlək
mexanizm qurmağa çalışırıq. Qarşımızda belə suallar var - biz bu yolda
hansı prosesləri keçməliyik və hansı işləri
görə bildik?
- Hansı işləri görə
bildiniz?
- Bildiyiniz kimi, kinostudiyada 2008-ci ildən
tamamlanmamış bir neçə film var idi. Bir il müddətində biz yeddi filmi tamamladıq
və bir neçəsi də tamamlanmaq üzrədir. Bundan sonra düzgün istehsal mexanizmi qurmaq
üçün bir çox addımlar atdıq ki, nəticəsi
özünü doğrultmaqdadır. Azərbaycan
özü kino üçün başdan-başa böyük
meydandır. Qoruqlarımız, etnoqrafik məkanlarımız,
tarixi yerlərimiz, qədim şəhərlərimiz var. Biz
bunlardan düzgün istifadə edə bilsək, bu, kinonun
inkişafı üçün əvəzsiz töhfə
olar. Qeyd etdiyim kimi, əsas olanı düzgün iş
mexanizminin qurulmasıdır. Bunun
üçün də müvafiq hüquqi bazanın
hazırlanması başlıca məsələlərdən
biridir.
- Kinostudiyanın yenidən
qurulması ilə bağlı layihələşmə prosesi
nə yerdədir?
- Bu proses artıq başlayıb. Burada da əsas məqsəd elə bir kino
industriyası qurmaqdan ibarətdir ki, özümüzdən
başqa xarici şirkətlər də ölkəmizə gələrək
burada film çəkə bilsinlər. Hazırda
Fransa şirkəti ilə bərabər kinostudiyanın layihələşmə
prosesi gedir. Layihələndirmə işlərinin
2013-2014-cü illərdə başa çatması gözlənilir.
Çalışacağıq ki, “Azərbaycanfilm”
kinostudiyası müasir və gözəl kino şəhərciyinə
çevrilsin. Burada yaradılacaq mərkəz
müasir avadanlıqlarla təchiz olunacaq. Həmçinin
mehmanxana, kino zalları, kino muzeyi, texniki kadrların
hazırlanması üçün laboratoriyalar və s. fəaliyyət
göstərəcək. Bilirsiniz ki, neçə
illərdir, televiziyalar “Azərbaycanfilm”dən getmişdilər.
Artıq bu gün İctimai Televiziya
kinostudiyanın pavilyonunda öz seriallarını çəkir.
Hazırda ölkənin bir sıra teleşirkətləri
ilə əməkdaşlıq edirik.
- Bəs kinoprokat sahəsini necə
inkişaf etdirməyi düşünürsünüz?
- Avropa Şurasının nəzdində
Kinonun İnkişaf Fondu fəaliyyət göstərir. Fondun dünya ölkələrində kinonun
inkişafında öz yeri var. Qonşu ölkələrdən
Rusiya və Gürcüstan artıq həmin fondun üzvləridirlər.
Mədəniyyət və Turizm Nazirliyi həmin fonda üzv olmaq üçün müraciət
edib. Artıq bizə cavab məktubu da gəlib.
Hazırda üzv olmaq üçün
lazımı sənədlər hazırlanır. Bu fonda üzv olmaqla filmlərimizin keyfiyyətli
çəkilişinə nail ola biləcəyik. Bu yaxınlarda Mədəniyyət və Turizm
Nazirliyinə müraciət edərək “Kino haqqında”
qanunda bəzi dəyişikliklər etmək təklifini də
irəli sürmüşük. Nazirlər
Kabinetində və İqtisadi İnkişaf Nazirliyində
bizim hazırladığımız təkliflər paketinə
baxılır. İstəyirik ki, kinodan əldə olunan
gəlirlər müvəqqəti olaraq - beş
il müddətinə vergilərdən azad edilsin. Təklifimiz müsbət qarşılanarsa, bu, Azərbaycan
kinosunun inkişafına öz töhfəsini verəcək və
ölkəmizə üz tutan xarici kino şirkətlərinin
sayını artıracaqdır.
Prokatla bağlı
onu deyim ki, “Azərbaycanfilm”in 90 illiyi ilə əlaqədar
böyük bir kinoprokat layihəmiz həyata keçiriləcək.
Hələlik bu barədə geniş məlumat
vermək istəməzdim, amma onu bildirim ki, artıq nazirlikdə
bu işlə bağlı müşavirə keçirilib.
Bilirsiniz ki, prokat əsas məsələdir və
biz bu işi qurmaqla kinomuza stimul verəcəyik. Yerli prokatın qurulmasında böyük bir
addım atılacaq. Həmçinin
respublikamız ilk dəfə olaraq Xalq yazıçısı
Elçinin eyniadlı əsəri əsasında çəkilmiş
“Mahmud və Məryəm” filmi ilə dünya prokatına
çıxa bildi. Azərbaycan və
Türkiyə kinematoqrafçılarının birgə əməyinin
məhsulu olan ekran əsəri artıq Avropanın 8 dövləti,
Yaponiya və Amerikada prokata çıxarılıb. Bu ilk addım və böyük uğurdur.
- Digər layihələr barədə
nə deyə bilərsiniz?
- Ötən bir ildə
kinostudiyanın saytı yaradılıb, müxtəlif
kiçik layihələr də həyata keçirilib. Kinostudiyanın 100 min şəkildən ibarət
olan foto arxivi rəqəmsal sistemə
köçürülüb. Bütün
bu və ya digər işləri Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı” çərçivəsində
reallaşdırırıq. Dövlət
Proqramında Azərbaycan kinosunun inkişafı ilə
bağlı nəzərdə tutulmuş məsələlərin
həlli istiqamətində Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən çox ciddi işlər
görülməkdədir.
- Ötən il
çəkilişi başa çatan filmlər nə vaxt təqdim
olunacaq?
- Ötən il çəkilən
filmlərdən “Dərvişin qeydləri”, “Qisas almadan
ölmə” və bir neçə digər filmin təqdimatını
avqust ayının sonuna qədər həyata keçirməyi
planlaşdırırıq. Bu yaxınlarda isə
“Mahmud və “Məryəm”in təqdimatı Azərbaycanda
keçiriləcək.
- Hazırda hansı filmlər
istehsalata buraxılıb?
- Bədii film olaraq hələlik
rejissor Fikrət Əliyevin “Polkovnikin xəzinəsi” filminə
hazırlıq işləri gedir və bundan əlavə,
qısametrajlı digər filmlər də istehsalata
buraxılıb.
- Kinostudiya kənardan necə
görünürdü və rəhbər olandan sonra onu necə
görürsünüz?
- Rəhbər olandan sonra
gördüm ki, kino istehsalatını düzgün qurmaq
lazımdır. Bu əsasdır. Kino elə bir sahədir ki, əsas işin
düzgün qurulması və kadr potensialının
artırılmasıdır. Xaricdə təhsil
almış gəncləri cəlb edirik, bu məqsədlə
kinostudiyada beynəlxalq əlaqələr şöbəsi fəaliyyətə
başlayıb. Mən son illərdə
ölkəmizdə çəkilən filmlər haqqında
xarici ekspertlərdən (Almaniya və Amerika) rəy
almışam, o cümlədən bir neçə ssenarini də
xarici ekspertlərə vermişəm. Bunların
bir qismində plagiat var, bəziləri isə çox müsbət
qarşılanıb. Öz kino
mühitimizi saxlamaq şərti ilə
çalışırıq ki, dünya kinosuna inteqrasiya edə
bilək. Böyük texniki bazaya malik olan
kino istehsal edən şirkətlərlə əməkdaşlıq
edib onların nümayəndəliyini Bakıda açmağa
çalışırıq. Kinostudiyanın
təmirindən sonra gələn hər bir yeni texnika üzrə
kadrlarımız da hazırlanacaq. Kadr məsələsində
Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi
düşünürük. Kino
üç əsas komponentdən ibarətdir - texnika, kadr,
mexanizm. Bunların üçü bir yerdə
cəmlənəndə nəticə gözəl
alınır.
- Siz həm də Azərbaycan
Prodüserlər Gildiyasına rəhbərlik edirsiniz. Bu qurumu yaratmaqda məqsədiniz nədən ibarətdir?
- Azərbaycanda olan kino mütəxəssislərinin
hamısının bir yerə cəmlənməsi
üçün Prodüserlər Gildiyasını təsis
etdik. Qurumda respublikanın aparıcı 18
şirkəti cəmlənib. Bilirsiniz ki,
hazırda dünyada əsas sözü prodüser filmləri
deyir. Bunların bir-birinə olan köməyi
nəticəsində artıq Gürcüstan və İrandan
mütəxəssislərin gətirilməsi
dayandırılmış və öz kadr
potensialımızdan düzgün istifadə edilməyə
başlanmışdır. Bundan sonra
müsabiqə elan etdik. Müsabiqəyə
görə Azərbaycanda ilk dəfə olaraq prodüserlər
özləri ssenarini seçəcək. Kimin
imkanı hansı maliyyəyə çatırsa, öz cibinə
uyğun olan filmi çəkəcək. Bu
da gələcəkdə özəl sahənin
inkişafına böyük kömək göstərəcək.
Eyni zamanda ekspert qrupu da dəvət olunacaq və filmin sinopsis
variantından artıq ilk proqnozları verməyə nail
olacağıq. Çünki maliyyənin hara sərf
ediləcəyi bilinməlidir. Film
uğurlu alınacaq, yoxsa çəkilib bir kənara qoyulacaq,
qəbul etdiyimiz ssenarilər əvvəlkilərdən fərqli
olaraq necə çəkiləcək, hansı keyfiyyətlərə
malik olacaq və bunun yayımı necə olacaqdır - kimi
suallara cavab tapacağıq. Digər
işimiz isə beynəlxalq kino şirkətləri ilə
birlikdə müştərək filmlərin çəkilməsidir.
Bu yöndə də danışıqlar gedir və
inşallah 2014-cü ilə qədər bu layihəni də həyata
keçirəcəyik və inanıram ki, bu işlər Azərbaycan
kinosunun dünyada tanınmasında mühüm rol oynayacaq.
- Müsahibəyə görə təşəkkür
edirik.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 3 may.- S. 7.