Dünya azərbaycanlı cazmeni alqışlayır

 

   Məşhur cazmen, Amerikada yaşayan soydaşımız Əminə Fiqarova bu ölkədə xeyli müddət davam edən turnesindən sonra Bakıya gəlib. Qısa müddətdə doğma şəhərdə olan musiqiçi ilə görüşüb yaradıcılıq fəaliyyəti, gələcək planları barədə danışmasını xahiş etdik.

  

   - Bu il də mən “Sekstet” (altılıq) adlı qrupumla çıxışlarımızı davam etdirdik. Ötən il mənim 12-ci diskim çıxdı. Disk belə də adlanırdı: 12. Bu rəqəmlə bağlı həyatımın başqa anları da var. Və diskə də 12 əsərim yazılıb. Həmin əsərlər bizim Nyu-Yorkdakı yeni həyatımıza həsr olunub. Nyu-Yorkun gündüz həyatı, onun okeanı, metrosu, enerjisi, istirahəti burda öz əksini tapıb. Builki turnemizibu proqrama həsr etdik. Konsertlərimiz, proqramlarımız maraqla izlənilib. Böyük populyarlıq qazanmışıq. Dünyanın məşhur səhnələrində, festivallarında çıxışlarımız çox olub. Amma bu dəfə bizi tamam başqa səhnələrə dəvət etdilər.

   - Maraqlıdır, hansı səhnələrə?

   - Elə bizim üçün də maraqlı oldu. Bizi Amerikanın müxtəlif ştatlarından universitetlər dəvət etdilər. Amerikada ayrıca musiqi akademiyaları yoxdur. Musiqi fakültələri universitetlərdə fəaliyyət göstərir və böyük orkestrləri var. Onlar bizimlə görüşə əməlli-başlı hazırlaşmışdılar. Adətən belə yerlərdə konsertimiz olurustad dərsləri keçirik. Amma bu dəfə onlar mənim əsərlərimi aranjiman etmişdilər. Bu, mənim üçün çox maraqlı idi. Və nəticə çox gözəl oldu. Tələbələr sonda bizə çoxlu məktub verdilər. Onlar çox xoşbəxt idilər və əlaqələri davam etdirmək istəyirdilər. Builki turne birona görə yaddaqalan oldu ki, mən həm də bəstəkar kimi çox populyarlıq qazandım. Əlbəttə, bu anları yaşamaq çox xoşdur.

   - Hansı şəhərlərdə oldunuz?

   - İlk konsertimiz Nyu-Yorkda oldu. Sonra Kentukki ştatının Louisville şəhərinə getdik. Bu şəhərin universiteti caz üzrə ən tanınmış universitetlərdən biridir. Orada üç gün tələbələrə öz kompozisiyalarımdan dərs dedim. Sonra konsertimiz oldu. Növbəti səfərimiz Ohayo ştatına idi. Oradan Missisipi ştatının Hədizburq şəhərinə getdik. Sonra dünyada cazın vətəni kimi tanınan caz festivalları üçün böyük səhnə olan Nyu-Orlean şəhərinə yollandıq. Orada da caz musiqisi tədris olunan bir neçə universitet var. Yenə dərslərim oldu caz-klubda konsert verdik. Növbəti dayanacağımız Luiziana ştatının Baton Ruc (Baton Rouge) şəhəri oldu. Burada birinci dəfə idi ki, konsert verirdik. Buna baxmayaraq salon dolu idi. Sonra vaxtilə Bill Klintonun qubernator olduğu Arkanzas ştatına gəldik. Bura da ilk səfərimiz idi. Tamaşaçılar bizi çox gözəl qarşıladılar. Konsertdən sonra onlarla söhbət edəndə bildirdilər ki, bizi festivallardan tanıyırlar radioda hər gün dinləyirlər. Kolorado ştatındaCaz cəmiyyətifəaliyyət göstərir. Əvvəllər orada olmuşdum. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Səhnə çox yüksək bir yerdə qurulmuşdu. Nəfəs almaq çətin idi, sanki havamız çatmırdı. Amma gözəl yerlərdir. Konsertdən sonra Corc Vaşinqton adına universitetə getdik. Tələbələrlə görüşlərimiz çox maraqlı keçdi, əvvəlcə ustad dərsləri, sonda çıxışımız oldu. Nəhayət, gəldik öz şəhərimizə - Nyu-Yorka. Şəhərin ən böyük salonlarından olan Linkoln mərkəzində konsert verdik. Mərkəz akustik musiqi - balet, opera, caz üçün nəzərdə tutulub. Bu konsert çox uğurla keçdi.

   Martın sonunda Qətər dövlətinə getdik. Ötən ilin oktyabrında orada böyük caz mərkəzi açılıb. Bizi ora dəvət etmişdilər. Dəvət olunan hər bir musiqiçi caz mərkəzində 2-3 həftə konsert verir. Bizim 14 konsertimiz oldu. Missiyamız Amerika cazını orada nümayiş etdirmək idi. Üç-dörd konsertdən sonra Qətər Musiqi Akademiyasında, beynəlmiləl məktəbdə ustad dərslərimiz oldu. Tələbələr üçün , bizim üçün çox maraqlı idi.

   - Amerikanın cazı duyan, sevən dinləyicilərindən sonra Qətər dinləyiciləri... Fərq çoxdurmu?

   - Dinləyicilər bütün dünyada müxtəlifdir. Düzünü desəm, Amerikada konsert vermək daha ürəyimizcədir. Onlar cazı çox dinləyirlər. Radiolarda caza geniş yer verilir. Ştatlarda dinləyici başqadır, Nyu-Yorkda başqa. Tamaşaçı var, incə cazı sevir, eləsi da var ki, ritmik cazı xoşlayır. Kimə necə təsir edirsə, elə reaksiya verir.

   - Bundan sonra hansı ölkələrin tamaşaçılarını sevindirəcəksiniz? Yolunuz haradır?

   - Planlarımız çoxdur. Əvvəlcə Avropa ölkələrində, sonra Cənubi Afrikada, daha sonra Çikaqoda, Nyu-Yorkda konsertlərimiz olacaq. Avqust ayında bütün Amerika boyu turneyə çıxacağıq. Bizi həmişə gözləyirlər.

   Amerika cazın vətənidir. Ən yaxşı caz ifaçıları oradadır. Onların cərgəsində olmaq çox xoşdur. Bunun üçün həmişə məşq etmək, çalışmaq, formada olmaq lazımdır. Ətrafımızda inanılmaz dərəcədə çox musiqiçi var. Onları dinləmək, konsertlərində olmaq çox vacibdir. Xüsusilə Nyu-Yorkda sənət adamları həmkarlarına çox dayaq dururlar. Bir-birini təbliğ edirlər. Mənim konsertim olanda, yeni kompozisiyam təqdim ediləndə onlar dünyanın hər yerində olan dostlarına xəbər verirlər. Biz onlar üçün belə edirik. Bu həm dostluq, həm peşə həmrəyliyidir. Ona görə Amerika həyatından çox məmnunam.

  

 

   Sədaqət Yusifqızı

 

   Mədəniyyə.t- 2013.- 3 may.- S. 11.