Kamal əzəmətindən
pay alan rollar
“Faciəvilik
insanın əzəmi iztirabı, yaxud əzəmətli
insanın həlakı deməkdir”
Yuri
Borev
Dramatik rollar ustası, poetik ruhunun,
kamil düşüncəsinin, mənəvi zənginliyinin ahəngindən
yaratdığı rollara öz əzəmətindən, qismətindən
pay verən görkəmli sənətkar, Xalq artisti Kamal
Xudaverdiyevin 75 illik yubileyi tamam olur. Ekran və səhnə
personajlarının hər birinə böyük məsuliyyətlə
yanaşan, ömrünə yazılmış illərini
yaradıcılığında qram-qram əridən aktyorun bənzərsiz,
unudulmaz sənətini artıq 5 ildir ki, onsuz seyr edirik.
Milli mədəniyyətimizin
inkişafında xüsusi xidməti olan Kamal Xudaverdiyevin sənət
dünyası hər birimiz üçün dəyərlidir.
Kamal müəllimin səhnə
yaraşığı verən xarici
görünüşü, şax qaməti, əzəməti,
daxili məğrurluğunu ifadə edən bariton səsi teatr
və kino sənəti üçün bir tapıntı,
örnək timsallı şəxsiyyəti isə ətrafındakılara
nümunə idi. Onun səhnəni lərzəyə
salan, tamaşaçını diqqətlə dinləməyə
vadar edən, böyük şövq və coşqu dolu
möhtəşəm yaradıcılığı
orijinallığına görə seçilir, personajları
həmsöhbətimizə çevrilirdi. Kamal
müəllim tamaşaçısı ilə gülməyi,
dərdləşməyi, həmfikir olmağı, səhnədə
onlarla canlı ünsiyyət qurmağı bacarırdı.
Sənətdə və
həyatda müsbət cəhətlərinə görə
hörmət qazanan Kamal Xudaverdiyevin ziyalı, ağayana cəhətləri
sələflərindən gəlirdi. Babası
Hacı Məmmədhəsən bəy vaxtilə Bakıda
neft mədənlərinin sahibi idi. Kamal
müəllimin doğulub boya-başa çatdığı,
hazırda isə 10 ailənin yaşadığı bina onun
ata-baba mülkü olub. Bakıda sovet
hakimiyyəti qurulandan sonra onların da var-dövlətlərini
əllərindən alırlar. Atasına
isə 13 kvadratmetrlik mənzil verirlər. 1938-ci il mayın 3-də o mənzildə Kamal anadan
olur. Övladının sevincini doyunca yaşamayan atası
Ağahüseyn kişi bir il sonra dünyasını
dəyişir, körpənin üç yaşı olanda
müharibə başlayır. Onsuz da güzəranı
ağır olan ailənin ildən-ilə dərdi artır, qəminə
qəm calanırdı. Kamal böyüdükcə
qayğıları da onunla böyüyür,
uşaqlığını, gəncliyini əlindən alan maneələr çoxalırdı.
İstəklərini
heç cürə gerçəkləşdirə, həyat
sevincini dada bilməyən yeniyetmə gəncin daxilində bir
üsyan, bir hayqırtı var idi. O, sönük, boz
dünyasına rəng qatmağa, həyatın əlində
aciz qalmamağa çalışırdı. Buna
görə də hələ məktəbdə oxuya-oxuya
işləyir, ailəni dolandırmaqda anasına kömək
edirdi. Bir müddət qazanc əldə etmək
üçün Qazaxıstana işləməyə gedir.
Qayıdanda zavodda çilingər işləyir.
Əmək fəaliyyətinə
erkən yaşlarından başlayan gənc artıq həyatın
sərt və amansız üzünü dəfələrlə
görmüş, bununla belə həyata və insanlara olan
sevgisini qorumağa, məğrur şəxsiyyətini məişət
problemləri qarşısında
cılızlaşdırmamağa
çalışırdı.
Boy-buxununa,
yaraşığına, mərdliyinə görə
çoxlarının həsəd apardığı poetik
ruhlu gənc doğma yurdunu, Bakını çox sevərdi.
Onun bu şəhərdə dərdinə
sığal çəkəcək bir Xəzəri, xəyallarını
gerçəkləşdirəcək bir teatrı vardı.
Həyatın girdabına kiçik
yaşlarından atılan Kamal artıq səhərləri
işdə, axşamları evin bir küncündə qəzet
oxumaqla keçirə bilməzdi. Həyat
fəlsəfəsini səhnədə açacağına,
pisliklərə hayqıracağına əmin olan istedadlı
gənc 1961-ci ildən taleyini bütünlüklə səhnəyə
bağlayır. Bir çox həmkarları kimi bu sənət
məbədini özünə ikinci ev,
ocaq seçir. Sənədlərini Teatr
İnstitutunun aktyorluq fakültəsinə verib görkəmli
teatr rejissoru, kino aktyoru Adil İsgəndərovun kursuna daxil
olur. İnstitutda görkəmli sənət
ustalarından Mehdi Məmmədovdan, Rza Təhmasibdən sənətin
incəliklərini öyrənir.
1965-ci ildə
görkəmli rejissor Tofiq Kazımovun dəvəti ilə
Milli Dram Teatrının truppasına qəbul edilir. Teatrın səhnəsində ilk dəfə Sabit Rəhmanın
“Yalan” əsərində Fərman obrazını yaradır.
Sonralar “Kəndçi qızı” tamaşasında Aslan,
“Almaz”da İbad, “Yollara iz düşür”də Loğman,
“Söz yarası”nda Lətif və başqa maraqlı
rolları ilə geniş tamaşaçı rəğbəti
qazanır. Kamal Xudaverdiyevin bəxti onda gətirir ki, o, dram
teatrının səhnəsində görkəmli sənət
ustalarından İsmayıl Osmanlı, Möhsün Sənani,
Hökumə Qurbanova, İsmayıl Dağıstanlı,
Ağasadıq Gəraybəyli və başqa müqtədir sənətkarlarla
tərəf-müqabil olur, onlarla çiyin-çiyinə
çalışır. Geniş
yaradıcılıq diapazonuna görə teatra
tamaşaçı axını yaradan ciddi xarakterlər
ustasına çox vaxt dramatik, lirik-psixoloji, faciəvi baş
rollar həvalə olunurdu.
Peşəkar aktyor Dram
Teatrının səhnəsində “Şah Edip”də Şah
Edip, “Sokratı anma gecəsi”ndə Çingiz xan, “Kral Lir”də
Kral Lir, “Mesenat”da Murtuza Muxtarov və başqa qəliz
xarakterli, zəngin mənəviyyatlı,
dünyagörüşlü personajları oynayıb. Bundan əlavə, 10-dan artıq televiziya
tamaşasında bənzərsiz, koloritli obrazlar yaradıb.
“Atayevlər ailəsi” televiziya tamaşasında
yaratdığı İldırım, “Şərqin səhəri”ndə
Cavanşir bəy, “Alov”da Qaşqay, “Yurd yeri”ndə Mahal
kişi və başqa rollarının təfsirində azərbaycançılıq
mövqeyini dəqiq çatdırıb, ictimai eybəcərlikləri
ifşa edən insan xarakterlərini, amalını yüksək
səviyyədə təbliğ edib.
Kinoda ilk dəfə
görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi
“İstintaq davam edir” macəra filmində (1966) polkovnik
Çingizov rolunu oynayıb. Yazıçı
Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin
motivləri əsasında çəkilən bu filmdə Azərbaycan
çekistlərinin və milisinin fəaliyyətindən
danışılır. Filmin çəkilişlərinə
başlayanda rejissor Ə.Atakişiyev həmin illərdə
kinostudiyada direktor vəzifəsində çalışan
A.İsgəndərova xaricdən aktyor dəvət etmək
istədiyini bildirib. Milli kadrların
yetişməsinə və istehsal edilən filmlərdə əsasən
baş və ikinci planlı rollarda azərbaycanlı
aktyorların çəkilməsinə daim şərait
yaradan A.İsgəndərov teatrda böyük nailiyyətlər
qazanan Kamalı həmin rola təklif edir.
Kinoda ilk böyük rolu
olmasına baxmayaraq, Kamal müəllim polkovnik Çingizovun həyat
mövqeyini, iş prinsipini dəqiq çatdırır, filmin
ideya-məzmunu tamamlayan ifası ilə ekran əsərinə
uğur qazandırır. İstedadlı aktyor 16
filmdə irili-xırdalı rol yaradıb, 10 filmi amiranə və
koloritli səsi ilə səsləndirib, 1 “Mozalan” satirik
kinojurnalında çəkilib.
Onun “Nəsimi” filmində
yaratdığı Yusif, “Dağlarda döyüş”də
baş leytenant, “Dədə Qorqud”da Bəybecan, “Ən vacib
müsahibə”də Həsənov, “Otel otağı”nda Erol bəy,
“Vulkana doğru” filmində Usta Əli və başqa
rolları milli kinomuzun sevilən, unudulmayan
personajlarıdır.
Azərbaycan dublyaj sənətinə
uğur gətirən səs sahiblərindən biri idi Kamal
Xudaverdiyev. Onun səs artikulyasiyası
dublyaj sənətinin vacibliyini, monumentallığını təsdiqləyir.
Maraqlıdır ki, digər aktyorlardan fərqli
olaraq Kamal müəllimin dublyaj fəaliyyəti çəkildiyi
filmlərdən azdır. “Birisigün gecəyarısı”
filmində Pçelintsev, “De ki, sevirsən məni” filmində
sürücü, “Gözlə məni”də Kanuryov, “Qanlı
zəmi”də Tunc Vəli, “Od içində vahə”də
İlyaşeviç və başqa personajlar
ifaçılarla yanaşı, Kamal Xudaverdiyevin səsinin
xüsusi rəng çalarları ilə sevilən, unudulmayan
obrazlardır.
Kamal Xudaverdiyev dram
aktyoru olsa da, “Tətil” mozalan satirik kinojurnalında
oynadığı Tofiq Qasanoviç rolu ilə komik
rolların öhdəsindən də məharətlə gələ
bildiyini göstərir. Təəssüflər
olsun ki, onun yaradıcılıq kredosu yalnız dramatik
rolların təfsirində təsdiqlənib.
Kamil aktyorluq fəaliyyətinə
və sənətdə göstərdiyi xidmətlərə
görə Kamal Xudaverdiyev 1982-ci ildə respublikanın Əməkdar
artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb.
Müharibənin, eləcə
də müharibədən sonrakı yoxsulluq illərinin təəssüratı
Kamal Xudaverdiyevin həyatında dərin, kədərli bir iz
buraxmışdı. Həyatda və sənətdə
kamillik mücəssəməsi olan aktyor çox vaxt xəyala
dalar, məşqlərdə və tamaşadan sonra da
qayğılı görünərdi. Tənəzzülə,
böhrana nifrət edən istedadlı sənətkar həmişə
tərəqqiyə, inkişafa can atardı.
Həyatını
bütünlüklə sevdiyi sənətinə bağlayan
Kamal müəllim eyni zamanda gözəl ailə
başçısı idi. Həyatından
artıq sevdiyi Validə xanımla 1974-cü ildə (36
yaşında) ailə qurur. Ömrünün
sonuna kimi də Validə xanıma mehriban ər,
Ağahüseyn və Rövşənə isə
qayğıkeş ata olur.
İnsanlara sevgisinə
görə ətrafındakılar ona hörmətlə
yanaşırdı, yaxınları, doğmaları və həmkarları
bu gün də onu təvazökar, xeyirxah, qürurlu bir insan
kimi xatırlayırlar. Peşəkar
yaradıcılığı ilə könüllərə
yol tapan sevimli sənətkar ürək
çatışmazlığından əziyyət çəkirdi.
Moskvada əməliyyat olunanda belə səhnəsi
və tələbələri üçün darıxır,
yaradıcılıq eşqi ilə yaşayırdı. Xalq qəhrəmanı, polkovnik, çekist
rollarının mahir ifaçısı olan Kamal müəllim
ahıl yaşlarında da maraqlı ata və baba
rollarını yarada bilərdi. Lakin sevimli aktyorun
yaradıcılıqla dolu qəlbi 2008-ci il
aprelin 23-də dayandı. Keçdiyi mənəvi,
gözəl yaradıcılıq yoluna, ibrətamiz şəxsiyyətinə
görə isə unudulmayıb və yaddaşlarda
yaşayır.
Şəhla
Bürcəliyeva,
kinoşünas
Mədəniyyət.-
2013.- 3 may.- S. 12.