Heydər Əliyev və sənət
müasirləri
Ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş çoxsaylı tədbirlər,
xatirə mərasimləri dahi şəxsiyyətə dərin
sayğı və sevginin nümunəsidir
Mayın 7-də Azərbaycan Milli
İncəsənət Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev
və sənət müasirləri” adlı sərgi
açıldı. Sərgidə ümummilli liderin Azərbaycan
mədəniyyətinə diqqət və
qayğısını əks etdirən fotoşəkillər,
ulu öndərin müasirlərinin və onun
yaradıcılığına xüsusi önəm verdiyi rəssamların
tabloları nümayiş etdirilir.
Nümayiş olunan 70-dən
çox fotoda Heydər Əliyevin iştirak etdiyi mədəni
həyatımızla bağlı tədbirlərin bir qismi əksini
tapıb. Ulu öndərin Nəsiminin, Nəriman Nərimanovun,
Cəfər Cabbarlının heykəllərinin
açılışında iştirakı, “Nizami” metro
stansiyasının açılışı zamanı Xalq rəssamı
Mikayıl Abdullayevin eskizləri əsasında
hazırlanmış mozaik pannolara tamaşa etməsi,
1996-cı ildə Xalq rəssamı Maral Rəhmanzadənin 80
illik yubileyi münasibətilə İncəsənət
Muzeyində təşkil olunmuş sərgidə
iştirakı və s. hadisələr fotoların
yaddaşında canlanır. Sərgidə görkəmli heykəltəraş,
Xalq rəssamı Ömər Eldarovun ağ mərmərdən
hazırladığı “Heydər Əliyev” əsəri də
maraqla qarşılandı.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev qeyd etdi ki, Heydər Əliyev
şəxsiyyətinin Azərbaycanın dövlətçilik
tarixində müstəsna yeri var: “Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyevin müdrik siyasəti, tarixi uzaqgörənliyi
dövlət müstəqilliyimizi əbədi və dönməz
etmişdir. Azərbaycanda müasir, demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
təşəkkülü, milli mənəvi dəyərlərə
qayıdış, elmin, təhsilin və mədəniyyətin
inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır. Çox sevindirici haldır ki, bu gün ulu
öndərin 90 illik yubileyi bütün mədəniyyət
müəssisələrində böyük təntənə
ilə qeyd edilir. Bütün bunlar bir daha sübut edir ki, ulu
öndərin mədəniyyət, elm və təhsil sahəsinə
yetirdiyi diqqəti, bizə yadigar qoyduğu mədəni irsi
qoruyaraq gələcək nəsillərə ötürməli,
onun əməllərinin davamçıları
olmalıyıq. Bizim hər birimiz Heydər Əliyev məktəbindən
bəhrələnərək daxilimizdə azərbaycançılıq
təfəkkürü və ideyasını yaşatmalı,
inkişaf etdirməliyik”.
Qeyd olundu ki, ulu öndər milli mədəniyyətimizin,
o cümlədən təsviri sənətimizin inkişafı
naminə misilsiz işlər görmüşdür: “Heydər
Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi
olan rəssamlıq məktəbi ilə
bağlılığı heç kimə sirr deyil. O,
yaradıcı şəxslərlə daim maraqlanmış,
onların yaradıcılığında milli dəyərlərin
əks olunmasına böyük önəm vermişdir. Azərbaycanın
tanınmış sənət adamlarından Mikayıl
Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov,
Ömər Eldarov, Maral Rəhmanzadə və başqaları
ilə dəfələrlə şəxsən
görüşən Heydər Əliyev mədəniyyətimizin
daha da zənginləşməsi üçün
yaradıcı insanlarda öz diqqəti və əməli fəaliyyəti
ilə böyük stimul yaratmışdır. Onun fəaliyyət
dövrünə nəzər salanda, ulu öndərin nə qədər
sərgilərin, heykəllərin
açılışında iştirak etdiyinin şahidi
oluruq. Heydər Əliyevin müasir Azərbaycanın rəngkarlıq
məktəbinin formalaşmasında əvəzsiz rolu
olmuşdur. Bu gün sərgidə nümayiş olunan əsərlər
ümummilli liderin uzun illər boyu ünsiyyətdə
olduğu sənət adamlarının
yaradıcılığında önəmli yer tutur. Heydər
Əliyev bu əsərlərin bir çoxu ilə bilavasitə
tanış olmuş, onların yaradılması prosesində
öz tövsiyələrini vermişdir. Bu boyakarlıq,
qrafika və heykəltəraşlıq əsərlərinin
hamısı Azərbaycan Milli İncəsənət Muzeyinin
kolleksiyasından götürülüb. Bu əsərlərin
sırasında portret, natürmort, mənzərə janrlarını
görmək olar. Təqdim edilən əsərlər sənətkarların
yaradıcılığının müxtəlif dövrlərini
səciyyələndirir”.
Tədbirdə
çıxış edən Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi ki, Heydər
Əliyev sənəti daxilən sevən insan idi: “Onun şəxsən
rəssamlığa münasibəti və bu sahəyə diqqəti
nəticəsində bizim sənət tariximizdə misilsiz əsərlər
yarandı. O, yaradıcı insan idi, incəsənətin
bütün sahələrinə maraq və diqqət göstərirdi”.
Xalq rəssamı, Rəssamlıq
Akademiyasının rektoru Ömər Eldarov
çıxışında ulu öndərlə bağlı
xatirələrini dilə gətirdi. Rəssamlıq
Akademiyasının yaradılmasında ümummilli liderin
göstərdiyi təşəbbüs və dəstəyi
xüsusi qeyd etdi. Xalq rəssamı ulu öndərin
sağlığında yaranmış yeganə heykəl
nümunəsinin də məhz bu muzeydə saxlandığını
bildirdi.
Sərgidə ulu öndərin
müasirləri olan rəssamlardan Tahir Salahovun çox
canlı tərzdə yaratdığı \"Heydər Əliyevin
portreti\" əsəri qonaqlarda böyük maraq doğurdu. Əsərdə
Heydər Əliyev obrazı çox real şəkildə kətan
üzərində əbədiləşdirilib. Səttar Bəhlulzadənin
\"Füzuli\", \"Xəzərdə axşam\",
\"Torpağın arzusu\", Oqtay Sadıqzadənin
\"Akademik Zərifə Əliyevanın portreti\",
\"Şairə Natəvanın portreti\", Elmira
Şahtaxtinskayanın \"Şah İsmayıl Xətai\"
və \"Məhsəti Gəncəvi\" plakat-portretləri,
Mikayıl Abdullayev, Hüseyn Əliyev, Maral Rəhmanzadə,
Böyükağa Mirzəzadə, Tağı Tağıyev,
Xalidə Səfərova, Nadir Əbdürrəhmanov, Toğrul
Nərimanbəyov və digər sənətkarların əsərləri
nümayiş olunur.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 8 may.- S. 2.