“Qızıl
kəlmə” mükafatı sahiblərinə təqdim olundu
Mayın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatının təqdimolunma mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mükafatın təqdimat mərasiminin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilməsinin heç də təsadüfi olmadığını bildirdi. Qeyd etdi ki, ulu öndər həmişə qələm adamlarına xüsusi qayğı ilə yanaşmış, kitaba yüksək qiymət vermişdir.
Bildirildi ki, “Qızıl kəlmə” ədəbi mükafatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci ildə təsis edilib, məqsəd yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaqdır: “Mən sevinirəm ki, bu mükafat artıq üçüncü dəfədir ki, qaliblərinə təqdim olunur. Bu o deməkdir ki, mükafatın yaşamağa haqqı var”.
“Qızıl kəlmə” mükafatının bir neçə nominasiyada təsis edildiyini diqqətə çatdıran nazir onun Azərbaycanda bədii yaradıcılığın, tərcümənin, ədəbi tənqidin inkişafına yönəlmiş mükafat olduğunu vurğuladı: “Bu gün Azərbaycan mədəniyyəti öz coğrafi hüdudlarını aşaraq müxtəlif ölkələrdə tanınır. Hər il Azərbaycan kitabları beynəlxalq sərgilərdə nümayiş olunur. Cəmiyyətdə ədəbiyyata, kitaba maraq artır. Kitab özlüyündə heç vaxt ölməyəcək. Çünki qədim İsgəndəriyyə kitabxanasından tutmuş müasir kitabxanalaradək bütün ölkələrdə kitablar xalqların mədəni irsi kimi qorunur”.
Nazir hərbi münaqişələr, müharibələr dövründə kitabların məhv edilməsini bəşəriyyətə qarşı böyük cinayət adlandırdı. Kitabın dəyərini, qiymətini bilmək üçün belə mükafatların təsis edilməsini vacib saydığını bildirdi.
Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu builki müsabiqə barədə məlumat verdi. Bildirdi ki, müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika, orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib, əsərlərin qəbulu martın 1-də başa çatıb.
Mükafat komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınmış nəticə səsə qoyulub, nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin “Ölüm mələyi”, Pərvinin “Qar yağacaq”, poeziya nominasiyasında Adil Cəmilin “Yurd yerim - dərd yerim”, Elçin İsgəndərzadənin “Qürbət hücrəsində”, ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın “Sözü işığa danışdım”, Əsəd Cahangirin “Kim yatmış, kim oyaq?”, bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin “Kuman nəğməsi” kitabları qalib seçilib. “Qızıl kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülünə isə Qismətin “Meqapolis hüznləri” və Elnarə Akimovanın “Yeni təfəkkür və ədəbi tənqid” kitabları layiq görülüb.
Nazir Əbülfəs Qarayev qaliblərə mükafatın rəmzi olan döş nişanı, diplom və pul mükafatını təqdim etdi. Qaliblər mədəniyyət və turizm nazirinə, mükafat komissiyasının üzvlərinə minnətdarlıqlarını bildirdilər.
Sonda mədəniyyət və turizm naziri çıxış edərək “Qızıl kəlmə” ədəbi mükafatının ideya müəlliflərinə - nazirliyin əməkdaşları Vaqif Bəhmənliyə və Çingiz Əlioğluna, mükafatın münsiflər heyətinə təşəkkürünü bildirdi və bir daha qalibləri təbrik etdi.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 8 may.- S. 3.