Xalqın qəlbində ucalan lider

 

   “Ölkəmizin hər uğurunda, inkişaf mənzərəsində bu ölməz insanın imzası var”

  

   Mayın 6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş təntənəli konsert proqramı təqdim olundu.

  

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndərin yubileyinin paytaxt Bakıda və respublikamızın bölgələrində, o cümlədən mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd olunduğunu vurğuladı: «Bu tədbirlər Azərbaycan mədəniyyətini, sözün əsl mənasında, daim düşünən böyük şəxsiyyətin xatirəsinə dərin ehtiramın göstəricisidir. Ölkəmizdə bütün sahələrin inkişafında ulu öndərin tarixi xidmətləri var. Lakin diqqət etsək görərik ki, onun fəaliyyət dövrünün böyük bir hissəsi məhz Azərbaycan mədəniyyətinin təbliğinə, çiçəklənməsinə yönəlib. Bu salonun ötən əsrin 70-80-ci illərindəki mənzərəsini xatırlasaq, görərik ki, böyük şəxsiyyət Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, dünya mədəniyyəti incilərinin Azərbaycanda tanıdılması, təbliğinə də böyük töhfələr verib. Burada tanınmış sənətkarların iştirakı ilə hər həftə gözəl konsert proqramları təşkil edilirdi. Yubiley ərəfəsində biz bu ənənəni bərpa etmək qərarına gəldik. Artıq bir neçə həftədir ki, «Azərbaycanda dünya klassik musiqisinin incisi» adlı silsilə tədbirlər keçirilir. Bu, eyni zamanda gənc ifaçılar üçün yeni bir yol açır”.

   Nazir vurğuladı ki, böyük öndərin tarixi xidmətlərini, mədəniyyətimizin inkişafına verdiyi töhfələri Bakının simasında, onun küçələrində, binalarında, memarlıq abidələri və heykəllər, rəsm qalereyaları, musiqi salonları, teatr ocaqlarında görmək olar: “Azərbaycan ulu öndərin əməyi nəticəsində yeniləşmiş bir ölkəyə çevrildi. Onun rəhbərlik etdiyi illərdə sənətkarlara qiymət verilir, onların şərəfinə abidələr ucaldılırdı, teatr və kino sənəti inkişaf edirdi. Heydər Əliyevin əsasını qoyduğu bu yol davam edir və bundan sonra da davam edəcək. Hörmətli Prezidentimizin bu gün Azərbaycanda gördüyü işlər nəticəsində mədəniyyətimiz dünya miqyasında daha geniş tanınır. Bunun təməli ulu öndər tərəfindən qoyulub. Onun dövründə Azərbaycan musiqiçiləri, incəsənət ustaları, mədəniyyət xadimləri bütün dünyanı fəth etməyə başlamışdı. Bu gün əyani olaraq görürük ki, Azərbaycan mədəniyyəti Avropanın, Asiyanın, Amerikanın müxtəlif ölkələrində layiqli şəkildə təmsil olunaraq, ölkəmiz haqqında gözəl təəssüratlarla tanınır. Bu gün Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayır. Çünki bunun üçün hər cür imkanlar, dövlət siyasəti mövcuddur”.

   Nazir qeyd etdi ki, gələcəyə baxarkən keçmişi unutmaq olmaz. Bu gün respublikamızın bütün bölgələrində ulu öndərin adına, xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi bir daha onu sübut edir ki, ölkənin getdiyi yol uğurlu yoldur: «Mədəniyyət və incəsənət xadimlərimiz ulu öndərin xidmətlərinə dərin ehtiramla yanaşır və unutmur. Biz - mədəniyyət sahəsində çalışan insanlar bu təfəkkürü, bu düşüncəni yeni nəsillərə məhz bu formada təlqin etməliyik. Bu siyasət daima dəstəklənməlidir, inkişaf etməlidir, cəmiyyətimizi gələcəyə aparmalıdır. Bugünkü konsertdə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bir əsər də səsləndiriləcək. Bu, görkəmli bəstəkarımız Arif Məlikovun «Əbədiyyət» simfoniyasıdır. Bu, Heydər Əliyevin yoxluğu ilə bağlı hamımızın yaşadığımız və hiss etdiyimiz duyğuların təcəssümüdür. Onun adı, xatirəsi bizimlə əbədi yaşayır. Çünki ölkəmizin hər uğurunda, inkişaf mənzərəsində ölməz liderin əksi, imzası var. Bu musiqi əsərinin buradan səsləndirilməsi bizim ona, kiçik də olsa, təşəkkürümüzdür. Əminəm ki, Heydər Əliyevə bundan sonra çoxlu əsərlər həsr olunacaq. Heydər Əliyevin adı Azərbaycan mədəni ictimaiyyəti üçün əbədi olaraq yaşayacaq».

   Sonra konsert proqramı təqdim olundu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər baş dirijoru, Xalq artisti Rauf Abdullayev) ifasında Xalq artisti Arif Məlikovun ulu öndərə həsr etdiyi «Əbədiyyət» adlı 8-ci simfoniyasının səslənməsi ilə başlanan proqramda daha sonra tanınmış bəstəkarların əsərlərindən parçalar səsləndirildi.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 5.