Şuşa - əsirlikdə olan
mədəniyyət şəhərimiz
Mayın 3-də Bakıdakı
İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Təhsil
Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması” İctimai
Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə “Şuşa - əsirlikdə olan mədəniyyət
şəhərimiz” mövzusunda tədbir keçirilib.
İştirakçılar əvvəlcə
məktəbin həyətində və foyesində Azərbaycanın
dilbər guşəsi Şuşaya həsr edilmiş sərgi
ilə tanış olublar.
Tədbirdə “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı Bayram Səfərov,
Milli Məclisin deputatı Elman Məmmədov,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi
Aparatının rəhbəri Məhəmməd Məhərrəmov
çıxış edərək Şuşanın tarixi irsi
barədə danışıblar.
Bildirilib ki, 1992-ci il mayın 8-də
Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən
zəbt olunması nəticəsində Şuşanın
tarixi abidələri, mədəniyyət ocaqları,
kitabxanalar, kinoteatr, sanatoriya turist bazaları, Şərq musiqi
alətləri fabriki, dövlət rəsm qalereyası,
uşaq sağlamlıq məktəbi talan edilib və
dağıdılıb.
Tədbirdə “Şuşanın
tarixi abidələri və görkəmli şəxsiyyətləri”
adlı sənədli film nümayiş olunub.
Mədəniyyət.-
2013.- 8 may.- S. 10.