Şanlı
adlardan -
böyük elm, mədəniyyət, ədəbiyyat,
ictimaiyyat və həyat adamı - Cəfər Xəndan
Bu sayaq təşbehlər
işlətmək, hər dürlü epitetlər
quraşdırıb-yaraşdırmaq asandır, onlara
yaraşmaq, malik olub layiqincə yaşamaq isə çətin.
Necə ki, tarixi yaradıb-yaşatmaq onu yazmaqdan çətin...
Amma bəzən... (necə
ki, əsasən ötərilik, fövrilik anlaşımlı
bu “bəzən” bu növbəti qəhrəmanımızla da
ilgili bütöv bir ömrü-dövrü əhatə edir)
tarixi yazmağın özü də - daş-qaya
külüngləmək, “iynəylə gor qazmaq” kimi - məcburi
epitetlərlə ifadə edilməyə “məhkum” olunmuş
olur.
Necə ki, “boq”suz bolşeviklər
bizim bu dərəcədə əməlisaleh, istedadlı,
milli əxlaqlı tədqiqatçı, tənqidçi,
şair, ədəbiyyatşünas-alimimizi nəinki məqsəd-məram
ladını, həm də adını (“Molla Nəsrəddin”)
dəyişdirdikləri “Allahsız” jurnalında məsul katib
işləməyə məhkum etmişdilər.
Pozitiv aspektdə təəccüblü
deyilmi ki, “Allahsız”laşdırılmış bu bəndə
28 yaşında Azərbaycan Yazıçılar
İttifaqının üzvü, 38 yaşında filologiya elmləri
doktoru, 39-unda professor olmuşdur! Yəni hər
bəndənin bacarmadığına bu yaşdaca vara
bilmiş birisi yek, tək, bir Allahın varlığına
şübhəylə yanaşa bilərdimi? Və... (neqativ aspektdə) “maraqlı”
deyilmi ki, bu səviyyəli bir kadr
çalışdığı təşkilat və obyektlərin
mütləq əksəriyyətinə ikinci kimi təyin
edilmişdir. Lakin başçısı olduğu sahələrdə
bütün parametrlərilə sübuta yetirirmiş ki, o,
daha çox, birinciliyə layiqdir; otuz yeddi yaşında Azərbaycan
Dövlət Universiteti (indiki BDU) filologiya fakültəsinin
dekanı olanda da, üç il sonra həmin
ali məktəbin rektoru işləyəndə də.
“Uşaq evi”nin böyük yetkini
Bir çox
adlı-sanlılar kimi, Cəfər Xəndanın da tale
kitabına düşüb - bu ata-anasız ünvan. Hətta
özünü tam təsdiq edənə qədər, səlahiyyətli
vəzifələrə qəyyumları tərəfindən təyin-təsdiq
edilənlərin tənələrini də az
eşitməyib. “Uşaq evindən çıxmısan, - get
uşaq-muşaqlara irad tut, göstəriş ver” deyənlər
olub. Ötən əsrin altmış-yetmişinci illərində
müasirlərindən birinin dediyinə görə, onun
aspirantura yoldaşlarından bir qız digərinə: “...bu qədər
ağıl və istedad sahibi məni bəyənsəydi, məmnuniyyətlə
ona ərə gedərdim” - deyə pıçıldayarkən,
onun rəfiqəsi ucadan söylədiyi: “...Gedib “uşaq evi”ndəmi
yaşayacaqsız?!” - replikası ilə Cəfərin
gənclik şaxını əməlli-başlı
sındırıb. Hansı ki, o günədək
yaşadığı çətinliklər, üzləşdiyi
yetimlik, kiçik qardaş və bacısının məhrumiyyətləri
onu o qədər də sındırmayıbmış.
Deyirmiş “həyatdır də, - səadətlər,
firavanlıqlar kimi, əzab-əziyyətlər, məhrumiyyətlər
də bu dünyadan kam almalıdır, ya yox?!”.
Onun bu fəlsəfi-dialektik
baxışı elə-belədən (və yaxud, tək elə
gecə-gündüz mütaliəsindən)
yaranmamışdı, ümum-ictimai həyatın bir
parçası olan şəxsi (ailəvi) həyatından da
qaynaqlanmışdı...
1910-cu ilin 8 mayında
doğulmuş Cəfər dünyaya İrəvan şəhərində
göz açsa da, Bakı, Gəncə şəhərləri
haqda da az eşitməmişdi. Atası müəllim idi və bu ailədə ərzaqi
təamlarla bərabər, irfan-idraki qidalar da işlənirdi.
Bu ziyalı ailə 1918-ci ilin Cümhuriyyət
ab-havasını ovsar edərək, həmin hakimiyyətin elan
olunduğu məkana - Gəncəyə köçür.
Lakin ailə başçıları burada
dünyalarını dəyişir və hələ
ayaqqabılarından İrəvan tozu getməmiş iki
qardaş, bir bacı bu “tanış-tavanasız” şəhərdə
tamam başsız qalırlar. Hər
üçü Gəncə uşaq evinə verilir və
1925-ci ilədək onlar burada qalmalı, burada
“yaşamalı”, sıxılmalı, bir qarın ac yatıb,
iki misil artıq əzab-əziyyət çəkməli
olurlar. Bu şəhərə səkkiz,
uşaq evinə on yaşında düşmüş Cəfər
yeniyetməlik illərindən qardaş-bacısına
valideynlik etməli olur. Qeyri-adi istedad və qabiliyyəti
sayəsində Gəncə Pedaqoji Texnikumuna qəbul olunur,
oranı bitirən kimi Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna daxil olur və paralel olaraq, yeganə himayəçisi
olduğu ailəni dolandırmaqçün on beş
yaşından on doqquz yaşınadək fəhlə
fakültəsində müəllimlik edir. Sonra
aspirantura, bitirdiyi institutda ədəbiyyat kafedrasında
assistent, ömrün iyirmi ikinci ilindən dosent olaraq
çalışmalar.
Və
Bakı...
Deməli, dərya.
O, buraya tək elə qüvvətli gənc ayağıyla
yox, artıq ictimai qulağa dəymiş ad-sanıyla gəlmişdi.
Bir azdan neçə-neçə elmi-populyar əsər,
monoqrafiya və dərsliklərin üstündə oxunası
ad-soyadla, maraqlı şeirlər, publisistik-jurnalistik imza ilə
qədəm qoymuşdu paytaxtına.
Bu şəhərdə daha tez
görünüb, daha isti qəbul edilib - otuz
yaşını yenicə adlamış bu adam.
Tezliklə M.F.Axundov adına Müəllimlər
İnstitutunda dekan olub. Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun kafedra müdiri, qəzet
redaksiyalarında şöbə müdiri, məsul katib
görəvlərində çalışıb. 1941-ci ildə ordu səfərbərliyinə
alınıb, hərbi hissələrdə siyasi rəhbər,
zabit, jurnalist kimi alman faşizminə qarşı
döyüşüb, neçə-neçə ordu qəzetində
aparıcı müxbir, məsul redaktor kimi ciddi işlər
görüb. Ordudan tərxis edildikdən
sonra yenidən öz sevimli işinə başlayıb, yeniyetməliyindən
vurulduğu qələm-kağız, elm-arxiv aləminə
baş vurub. O zamanlar ölkənin baş qəzeti hesab
edilən “Kommunist”də mədəniyyət və məişət
şöbəsinin müdiri, Azərbaycan Dövlət
Universitetinin Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti, filologiya fakültəsinin dekanı
işləyib. 1950-ci ildə isə ovaxtadək də bir
neçə şöhrətli şəxsiyyətin
başçılıq etmiş olduğu bu yeganə
universitetin rektorları siyahısına daha bir ümum-ictimai
tutumlu ad yazılıb: Cəfər Xəndan!
Bu abzasdan sonra, qısaca da olsa,
ayrıca başlıq altında bəhs edəcəyim elmi əsərləri
içərisindən birini həm forma, həm də məzmun-mahiyyət
baxımından xüsusi seçdirməylə qeyd etmək
istərdim: “1906-1946-cı illərdə Cənubi Azərbaycan
xalqının milli azadlıq mübarizəsi və onun bədii
ədəbiyyatda inikası”. Bu, Cəfər Xəndanın
doktorluq dissertasiyasının adıdır. Otuz səkkiz
yaşlı alimin düşüncələri haqda
düşünərkən bu elmi əsər
başlığının özü də az
duyğular oyatmır...
Onun qələm
aləmi
Bu seçdirmədə
(yuxarıda söylənmiş aspektdə) əlavə bir
seçmə. Ədəbiyyatın “yazılı”sı-“şifahi”si
olduğu kimi, ziyalılığın, alimliyin, müəllimliyin
də dərcli-dərcsizi (çaplı-çapsızı)
var. Alimlər, müəllimlər var ki, bir sətrini belə
oxumamış kütlə onu məclis-mərəkədə,
efir-ekranlarda iman-inamlı danışıqlarına, dillərdə
gəzən söhbətlərinə, haqqında eşitdiklərinə
görə canı-dildən sevir, hər barədə qəbul
edir. Deyim ki, Cəfər Xəndan da belə
simalardan olub və “onun qələm aləmi” şəkilli təqdimat
heç də qəribə səslənməməlidir.
Yəni şöhrəti ali auditoriyalarda, elmi tədbirlərdə,
kütləvi informasiya vasitələrində və nəhayət,
canlı xatirələrdə kifayət qədər
yayılıb-“tirajlanmış” bir şəxsiyyətin
sözügedən aləmini aksentləşdirməyə o qədər
də ehtiyac yox. Amma gələcəyin
böyük bir alim-ədəbiyyatşünasının
iyirmi altı yaşında “Bəyaz gecələr” ad-ladında
bir əsər işləməsini necə önə çəkməyəsən?
Yaxud otuz altı yaşınadək “qoşa qanad” qismində
görüb-bilib yazdığı “Azərbaycan ədəbiyyatı”,
“Sabir”, “Cəbhə şeirləri”, “Qafqaz”, “İlk
ayrılıq”, “Mübarizə yollarında” kimi elmi və ədəbi-bədii
kitablarını necə xatırlatmayasan?
Sonralar elmi-tədqiqat,
oçerk-monoqrafiya sahəsində daha çox boşluq (və
ehtiyac) olduğunu görən bu milli insan, əsasən, həmin
yönümə üstünlük verir. 1948-ci
ildən 1961-ci ilə - ömrünün sonunadək biri-birindən
maraqlı, siqlətli elmi-nəzəri əsərlər
üzərində çalışır. Sayca otuza
yaxın, sanbalca bir institut işinə adekvat olan həmin
kitablardan bir neçəsinin adını çəkməklə
kifayətlənmək fikrindəyəm: “XX əsr Azərbaycan
ədəbiyyatı”, “C.Cabbarlının həyat və
yaradıcılığı”, “Mikayıl Müşfiq”, “Molla
Nəsrəddin”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mir Cəlal”,
“Sabir yaradıcılığının sənətkarlıq
xüsusiyyətləri”, “Ədəbi qeydlər”, “Sovet ədəbiyyatı”
(dərslik), “Ədəbiyyatımızın dünəni və
bugünü” və s.
Dövrünün dillər əzbəri
Tarixən xalqlarda
(xüsusən bizdə!) elm, alim şeir-sənətlə, sənətkarla
müqayisədə uduzub. Tutalım, məşuquna
gözəl bir şeir yazan aşiq bu tip milyonlarla
cütlüklər arasında çox asan bir texniki ünsiyyət
(telefon) və ya rahətlokum görüş-qonuş vasitələri
(avtomobil, təyyarə və s.) yaradan ixtiraçıdan
üstün tutulub. Dövrünün ən
parlaq ədiblərinin çox yaxın dost-yoldaşlıq
etdiyi və yüksək dərəcəsini etirafda
bulunduqları Cəfər Xəndan bu gün Səməd
Vurğun və ya Əlağa Vahidin yüzdə biri qədər
xatırlanırmı? Hansı ki, həmin o əvvəlkilər
sonuncu haqda bədahətən (özü də sevgi-rəğbət
dolu) çox misralar qoşublar ki, onlardan biri də belə:
“Gözüm aydın -
gözümə surəti-canan görünür,
Hər kitabı
açırsan - Cəfəri Xəndan görünür!”
Tahir Əhmədalılar
Mədəniyyət.-
2013.- 8 may.- S. 12.