Çağdaş kitabxana quruculuğunun banisi

 

   Kürdəmir şəhərində M.F.Axundzadə adına Milli Kitabxananın və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev çağdaş kitabxana quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.

  

   Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, direktor müavini Mələkxanım Hacıyeva, şöbə müdiri Ədilə Abdullayeva, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Əbülfət Mikayılov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Tədbiri Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev açaraq ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında silinməz izlər qoyduğunu vurğulayıb.

   Milli Kitabxananın direktoru Kərim Tahirov ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə, mədəniyyətin bütün sahələri kimi, kitabxana sahəsinin də mühüm inkişaf yolu keçdiyini bildirib, dahi rəhbərin bu sahəyə diqqət və qayğısından danışıb.

   Kürdəmir rayon MKS-nin direktor müavini İradə Mahmudova, rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Əbülfət Mikayılov, YAP rayon təşkilatının sədri Ağəli Kərimov və digər çıxış edənlər ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəlməsində xidmətlərindən bəhs edib, mədəniyyətimizin inkişafına göstərdiyi xüsusi qayğıdan söz açıblar.

   Milli Kitabxananın şöbə müdiri Ədilə Abdullayeva kitabxana tərəfindən hazırlanmış “Heydər Əliyev mədəniyyətimizin banisidir” mövzusunda zəngin elektron məlumat bazasını təqdim edib.

   Sonda iştirakçılar ulu öndərin yubileyinə həsr edilmiş “Heydər Əliyev milli intibahımızın memarıdır” adlı sərgi ilə tanış olublar.

  

 

   Məryəm Əliyeva,

   Kürdəmir rayon MKS-nin

   baş biblioqrafı

 

   Mədəniyyət.- 2013.- 8 may.- S. 15.