Aşıq
Ulduz Sönməzin yaradıcılıq
gecəsi
Mayın 14-də Rəşid
Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında
tanınmış aşıq, Əməkdar mədəniyyət
işçisi, “Aşıq Pəri” məclisinin
yaradıcılarından olan Aşıq Ulduz Sönməzin
yaradıcılıq gecəsi keçirilib. Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin
birgə təşkilatçılığı ilə
reallaşan tədbirdə AMEA-nın Ədəbiyyat
İnstitutunun direktor müavini, professor Məhərrəm
Qasımlı, professor Qəzənfər Paşayev,
tanınmış aşıq, Əməkdar mədəniyyət
işçisi İsfəndiyar Rüstəmov və digər
çıxış edənlər sənətkarın
yaradıcılıq yolundan söz açıblar.
Bildirilib ki, Ulduz Sönməz
1950-ci ildə Gədəbəydə sənətkar ailəsində
dünyaya göz açıb. Asəf Zeynallı adına
musiqi məktəbini bitirdikdən sonra Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi
çalışıb. Azərbaycan aşıq sənətinə
sonsuz sevgisi, dastanlarımızı dərindən bilməsi
onun əsl sənətkar kimi tanınmasına təkan verib.
Aşıqlıqla yanaşı, bədii
yaradıcılıqla da məşğul olub, üç
şeir kitabı işıq üzü görüb.
Gecədə sənətkarın tələbələri,
sənət dostları ilə yanaşı, Təbriz
aşıqları da çıxış edib və
Aşıq Ulduz Sönməzə yeni-yeni
yaradıcılıq uğurları arzulayıblar.
Sonda gecənin
iştirakçılarına minnətdarlığını
bildirən sənətkar el havalarını ifa edib.
Söz-sənət gecəsi barədə
ətraflı reportajı növbəti sayımızda təqdim
edəcəyik.
Mədəniyyət.-
2013.- 15 may.- S. 2.