Gənc istedadların konserti

 

   Mayın 14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev adına onbirillik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə gənc istedadların konserti keçirildi.

    Proqrama adları gənc istedadların "Qızıl kitab"ına yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, respublika və beynəlxalq müsabiqə laureatları olan musiqiçilərin ifaları salınmışdı.

   Tədbirdə nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, Təhsil sektorunun müdiri Vaqif Babayev, musiqi məktəblərinin direktorları, müəllim və şagirdlər iştirak edirdilər.

   Konsertdə Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Nərgiz HüseynovaEmin Hüseynov (violin), 24 nömrəli musiqi məktəbinin şagirdi Yusif Yusifov (klarnet), G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Atabala Manafzadə (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi Nəcəf Vəliyev (truba), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Ceyla Seyidova (violin) və Nərmin Nəcəfli (fortepiano), R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Ənvər Kərimov (truba) və Bakı şəhər 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdi İbrahim Nəsrullayev (vokal) çıxış etdi. Gənc istedadların ifasında Azərbaycan və Avropa bəstəkarlarından Müslüm Maqomayev, Qara Qarayev, Lüdviq van Bethoven, Nikolo Paqanini və başqalarının əsərləri alqışlarla qarşılandı.

 

 

   Mədəniyyət.- 2013.- 15 may.- S. 2.