Mədəniyyət
və turizm naziri
Serbiyanın kino xadimləri ilə görüşüb
Qarşılıqlı
film həftələrinin, birgə kino layihələrinin təşkili
müzakirə olunub
Mayın 13-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Serbiyanın
tanınmış kinoaktyoru Lazar Ristovski və rejissor Yovan
Markoviçi qəbul edib.
Serbiyalı kino xadimləri görkəmli
rejissor, Xalq artisti Vaqif Mustafayevin dəvəti ilə ölkəmizə
səfərə gəliblər. Kinorejissor Vaqif Mustafayev və
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç,
nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği
və qeydə alınması sektorunun müdiri Yusif
Şeyxovun da iştirak etdiyi görüşdə maraqlı
fikir mübadiləsi aparılıb.
Azərbaycanda kino sənətinin
hazırkı vəziyyəti ilə bağlı qonaqlara məlumat
verən Əbülfəs Qarayev ölkələrimiz
arasında kino əlaqələrinin inkişaf etdirilməsinin,
kino qurumlarımızın əməkdaşlığının
vacibliyini vurğulayıb. Qeyd olunub ki, payız aylarında
ölkəmizdə serb kinematoqrafının seçilmiş
nümunələri nümayiş olunacaq. Eyni zamanda, Azərbaycan
və Serbiya kinematoqrafçıları tərəfindən
“Yol” adlı sənədli film lentə alınacaq.
Rejissor Yovan Markoviç bildirib ki,
film Serbiyada çalışan azərbaycanlılar və Azərbaycanda
yaşayan serblərdən bəhs edəcək.
Görüşdə iki ölkənin
qarşılıqlı film həftələrini təşkil
etmək barədə irəli sürülən ideya bəyənilib
və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi
ilə bağlı təklif hazırlanması
tapşırılıb.
2012-ci ilin oktyabr ayında Bakıda
keçirilən I Beynəlxalq İdman Filmləri
Festivalının münsiflər heyətinə
başçılıq etmiş rejissor Yovan Markoviç
paytaxtımızın ötən müddətdə daha da
gözəlləşdiyini deyib. O, azərbaycanlı həmkarları
ilə birgə kino layihələrində məmnunluqla
iştirak etmək istədiyini bildirib.
İlk dəfə ölkəmizdə
səfərdə olan Lazar Ristovski burada gördüyü
mehribanlıq və qonaqpərvərlikdən
danışıb. Azərbaycan və serb xalqlarının
bir-birinə çox bənzədiyini vurğulayıb.
Sonda mədəniyyət və
turizm naziri bu görüşü kino sahəsində əlaqələrimizin
inkişafına yardım edəcək addım kimi qiymətləndirib.
Əbülfəs Qarayev “Space” televiziya şirkəti ilə
Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə
layihələrdə nazirliyin iştirakı ilə
bağlı fikirlərini açıqlayıb.
Qeyd edək ki, səfər çərçivəsində
serbiyalı qonaqlar Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında və Dövlət Film Fondunda da olublar.
Mədəniyyət.-
2013.- 15 may.- S. 3.