Azərbaycan-Gürcüstan mədəni əlaqələri inkişaf edir

 

   Mirzə Fətəli Axundzadənin ev-muzeyi təmir-bərpadan sonra açılıb

  

   Xəbər verildiyi kimi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 8-də Gürcüstana səfəri zamanı Heydər Əliyevin yeni abidəsinin və ümummilli liderin adını daşıyan istirahət parkının açılışında iştirak edib.

   Nazirin iştirakı ilə paytaxt Tiflisdə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin ev-muzeyinin təmir-bərpadan sonra açılış mərasimi də keçirilib.

   Ev-muzeyin bazasında Azərbaycan Mədəniyyət Muzeyi də yaradılacaq. Burada xalqımızın mədəni irs nümunələri, azərbaycanlı ədəbiyyat, mədəniyyət xadimlərinin Tiflisdə fəaliyyəti ilə bağlı eksponatlar nümayiş etdiriləcək. Muzey bununla Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcək.

   Nazir Əbülfəs Qarayev səfər zamanı Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, mövcud problemlərin həlli yolları, teatr və muzeylərlə bağlı birgə layihələrin reallaşdırılması, eləcə də iki ölkə sərhədində tarixi-memarlıq nümunəsi olan “Sınıq körpünün bərpası ilə bağlı müzakirələr aparılıb.

   Gürcü nazir səmərəli əməkdaşlığa hazırlıq nümayiş etdirdiyinə görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib, vacib məsələlər barədə fikir mübadiləsi aparıldığını deyib. O həmçinin dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin yubileyi münasibətilə Gürcüstanda keçirilən tədbirlərdə həmkarı ilə birgə iştirakdan məmnunluğunu ifadə edib. Q.Odişaria bu günlərdə Bakıya səfər edəcəyini və əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra işlərə başlanacağını vurğulayıb.

 

 

    Mədəniyyət.- 2013.- 15 may.- S. 3.