Qafqaz Albaniyası irsinə dair
Dövlət Proqramı hazırlanır
Mədəniyyət və Turizm Nazirliyində "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı"nın layihəsi müzakirə olunub. Görüşdə Nazirliyin Mədəni irs şöbəsinin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, AMEA-nın Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya institutlarının, Azərbaycan Turizm İnstitutunun, Dövlət Memarlıq və İnşaat Universitetinin, \"Azərbərpa\" Elmi-Tədqiqat Layihə İnstitutunun və Alban-Udi xristian dini icmasının mütəxəssisləri iştirak ediblər.
Bildirilib ki, ölkə Prezidentinin göstərişinə müvafiq olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildən etibarən Dövlət Proqramının layihəsi üzərində hazırlıq işlərinə başlanılıb və ümumilikdə 30-dan çox mərkəzi və yerli icra hakimiyyəti orqanından, 10-dək elmi institut və universitetdən təkliflər qəbul edilib.
Müzakirə zamanı iştirakçılar Qafqaz Albaniyası irsinin tədqiqinə sistemli yanaşmanın və irsin təbliği sahəsində səylərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Layihənin ümumilikdə məqbul hesab edilərək, dəyişikliklərdən sonra razılaşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilməsi qərara alınıb.
Qeyd
edək ki, ölkə Prezidentinin
fərmanı ilə təsdiq edilmiş
\"Azərbaycan 2020: Gələcəyə
baxış\" inkişaf
konsepsiyasında mədəni irsin
qorunması və səmərəli idarə edilməsi
ölkənin prioritet inkişaf
istiqamətlərindən biri kimi müəyyən edilib
və 2013-2016-cı illər üzrə \"Qafqaz
Albaniyası irsinin tədqiqi, mühafizəsi
və təbliğinə dair Dövlət
Proqramı\"nın hazırlanması əksini
tapıb.
Mədəniyyət.-
2013.- 15 may.- S. 3.