“Mən
teatr haqqında danışmaq istəyirəm”
Müsabiqənin
qalibləri mükafatlandırılıb
Mayın 10-da Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında bədii qiraətçilərin
“Mən teatr haqqında danışmaq istəyirəm”
müsabiqəsinə yekun vurulub. Teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov bildirib ki, layihənin məqsədi
uşaq və gənclərə qədim və zəngin tarixə
malik Azərbaycan teatrı, görkəmli sənətkarlarımız
haqqında məlumatlar verməkdən ibarətdir.
Layihənin birinci mərhələsində
Səbail rayonunda fəaliyyət göstərən 17 orta
ümumtəhsil məktəbindən 300-dən çox
şagird iştirak edib və 58 nəfər ikinci mərhələyə
keçib. Bu mərhələdə
iştirakçıların çıxışı dinlənildikdən
sonra münsiflərin qərarı ilə 3 nəfər qalib
elan olunub.
Müsabiqənin qaliblərinə
- 6 nömrəli məktəbin 10-cu sinif şagirdi Ayla Orucova,
160 nömrəli klassik gimnaziyanın 9-cu sinif şagirdləri
Maya Novruzova və Leyla Bayramovaya diplom və mükafatlar təqdim
edilib.
Tədbirdə məktəblilər
bədii proqramla çıxış ediblər. Sonda
teatrın aktyorlarının ifasında şair-publisist Fəridə
Ləmanın ümummilli lider Heydər Əliyevə həsr
etdiyi “Onu zaman seçib” poeması əsasında rejissor, Əməkdar
incəsənət xadimi Bəhram Osmanov tərəfindən
hazırlanmış kompozisiya nümayiş etdirilib.
Mədəniyyət.- 2013.- 15 may.- S.
4.