“Mənim
oxucularım mənim xalqımdır”
Elçin - 70
Mayın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ömrünün əlli ilini ədəbiyyatımızın, mədəniyyətimizin və elmimizin inkişafına həsr edən Xalq yazıçısı, Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri, ictimai xadim Elçin Əfəndiyevin 70 illik yubileyi qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli yazıçı-dramaturqun həyat və yaradıcılığından bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.
Gecəni mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq XX əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan Xalq yazıçısı Elçinin hekayə, povest, roman, pyes, ssenari, publisistik və elmi-tənqidi yazıları ilə söz xəzinəmizə misilsiz töhfələr verdiyini vurğuladı: “Onun bir-birindən gözəl, rəngarəng sənət inciləri həmişə geniş oxucu kütləsinin, ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Elçinin əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində əldən-ələ gəzərək insanlar arasında mənəvi körpü yaradır. Onun ədəbiyyata bağlılığında, sözə həssas yanaşmasında, orijinal yazı üslubu ilə seçilməsində, sözsüz ki, yaşadığı dövrün, eləcə də böyüyüb, boya-başa çatdığı görkəmli yazıçımız İlyas Əfəndiyev ocağının böyük təsiri olmuşdur”.
Bildirildi ki, Elçinin 100-dən çox kitabı 40-dan çox müxtəlif dillərə tərcümə olunub. "Ağ dəvə", “Mahmud və Məryəm" romanları, “Dolça”, “Bir görüşün tarixçəsi” və digər povestləri, hekayələri yazıçıya böyük oxucu rəğbəti qazandırıb. Nazir Xalq yazıçısının dramaturgiya yaradıcılığını xüsusi qeyd etdi. Bildirdi ki, Elçin “Poçt şöbəsində xəyal” adlı ilk pyesini 26 yaşında yazmış, lakin sovet senzurası bu pyesin tamaşaya qoyulmasına icazə verməmiş, sonralar yazıçı həmin əsəri dramatik povest kimi nəşr etdirmişdir. Elçinin “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Qatil”, “Şekspir”, “Arılar arasında”, “Teleskop” və digər bir-birindən maraqlı pyesləri Azərbaycanın və xarici ölkələrin teatrlarında böyük uğurla tamaşaya qoyulmuş, müəllifə şöhrət qazandırmışdır.
İstedadlı yazıçı “Arxadan vurulan zərbə”, “Sahilsiz gecə”, “Baladadaşın ilk məhəbbəti”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” - ümumilikdə 15-dən çox filmə ssenari yazıb. Xalq yazıçısının eyniadlı romanı əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından təkcə nəsrimizdə deyil, kino sənətimizdə də öz sözünü deyib. Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olan bu ekran əsərinin ana mövzusu eşqdir. Film bir daha göstərdi ki, 30 il bundan əvvəl sevimli yazıçımız tərəfindən qələmə alınmış romanda əksini tapan məsələlər öz aktuallığını qoruyub saxlamaqdadır.
Qeyd olundu ki, Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəblərindən biri əsərlərindəki təbiilik və səmimiyyətdir. Ədib yaşadığı dövrün paradokslarını ustalıqla incələyir, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdurmaqla geniş oxucu rəğbəti qazanır. Onun bədii qəhrəmanları da mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları, istək və niyyətləri, ehtiras və emosiyaları ilə olduqca təbiidir.
Elçin həm də professional tənqidçi, ədəbiyyatşünas və nəzəriyyəçidir. Bu sahəyə aid böyük qələm sahibi fundamental monoqrafiyaların, kitabların, elmi-tədqiqat əsərlərinin və çoxsaylı nəzəri-estetik məqalələrin müəllifidir.
Nazir çıxışında qeyd etdi ki, görkəmli yazıçının əməyi dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin 11 may 2013-cü il tarixli sərəncamı ilə ədibin “Şərəf” ordeni ilə təltif edilməsi buna əyani sübutdur.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək 70 ilin ən azı 50 ilini Elçinlə bir yerdə dost, qələmdaş, qardaş kimi ədəbiyyata xidmət etdiklərini bildirdi: “Elçinin pyesləri, hekayələri, romanları, Azərbaycanın sərhədlərini çoxdan keçib, müxtəlif ölkələrdə uğurla nəşr olunub. Bütün bunlar bizim ədəbiyyatımıza olan ərməğandır, ədəbiyyatımızın taleyində Azərbaycan nəsrinin, dramaturgiyasının yüksək səviyyədə olduğunu sübut edən ən gözəl dəlillərdir. Elçinin yaradıcılığı Azərbaycanın sərvətidir”.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə ədibin yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi. Elçinin yaradıcılığına üç istiqamətdə nəzər salan alim onun yazıçı-dramaturq, Azərbaycan ədəbi tənqidinin ən görkəmli nümayəndəsi və ictimai xadim kimi böyük missiyalar daşıdığını bildirdi.
Çıxışlardan sonra ədibin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası nümayiş olundu. Tamaşa milli teatr tariximizə adını əbədi həkk etdirmiş ölməz aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir.
Səhnə əsərinə Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi İrana Tağızadə quruluş verib. Quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Ərəblinski rolunu Rus Dram Teatrının aktyoru, Əməkdar artist Firdovsi Atakişiyev canlandırır. Digər rolları Xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Namiq Kamal, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları ifa edir.
Tamaşa böyük maraqla qarşılandı. Yubiley gecəsində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış sənət adamları, teatrsevərlər iştirak edirdi.
“Mən ilk
növbədə yazıçıyam”
70 yaşın tamamında yazıçı Elçin jurnalistlərin suallarına həmişəki səmimiyyəti ilə cavab verdi: “Hansı vəzifədə işləməyimdən asılı olmayaraq mən ilk növbədə yazıçıyam, qələm adamıyam. Eyni zamanda, işlədiyim vəzifələrin də məsuliyyətini hiss edən adamam. Ədəbiyyatda yazı masasının arxasında hansı məsuliyyəti hiss edirəmsə, vəzifədə, işdə də həmin məsuliyyəti daşıyıram”.
Xalq yazıçısı hər bir müəllif üçün ən böyük mükafatın oxucu sevgisi və məhəbbəti olduğunu dilə gətirdi: “Müstəqil Azərbaycanın ali mükafatlarını almaq son dərəcə şərəfli bir hadisədir. 10 il bundan əvvəl, 60 yaşım tamam olarkən ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə “İstiqlal” ordeninə layiq görülmüşəm. Bu günlərdə isə Prezident İlham Əliyev məni Azərbaycan Respublikasının digər ali mükafatı - “Şərəf” ordeni ilə təltif etmişdir. Əlbəttə, bunlar mənim üçün son dərəcə əhəmiyyətlidir” .
70 illik yubileyi ərəfəsində 3 mindən çox təbrik teleqramı aldığını deyən Xalq yazıçısı bildirdi ki, bunların 100 nəfəri rəsmi şəxslərdirsə, qalanı tanımadığı oxucularıdır: “Mənim oxucularım mənim xalqımdır. Mən bundan sonra da nə qədər imkanım var, indiyədək göstərdiyim xidmətləri, həm ədəbiyyat sahəsində, həm mədəniyyət sahəsində, həm də bir dövlət qulluqçusu kimi şərəflə, ləyaqətlə davam etdirəcəyəm”.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 15 may.- S. 5.