Hotelləri
fərqli edən servisdir
Todori
Kalamaris: “Bakını turizm şəhəri kimi daha çox
tanıtmaq lazımdır”
Bu gün Azərbaycanda turizmin
inkişafı istiqamətində dövlət səviyyəsində
böyük işlər görülür. Biz də “Mədəniyyət”
qəzeti olaraq, ölkəmizdə fəaliyyət göstərən
brend hotellərin baş menecerləri ilə mövcud durum və
perspektivlərlə bağlı müzakirələr
apardıq. Budəfəki müsahibimiz isə “Hilton Baku”
hotelinin baş meneceri Todori Kalamarisdir.
- Cənab Kalamaris, öncə
özünüz və hotelçiliyə necə gəlməyiniz
barədə oxucularımıza məlumat verərdiniz...
- Evliyəm, bir oğlum var. O,
fransız məktəbində təhsil alır. Bakıda
fransız dilli təhsil verən məktəb
olmadığından ailəmi buraya gətirə bilmədim.
Onlar hazırda İstanbuldadırlar. Hotelçiliyə gəlişimlə
bağlı isə onu deyə bilərəm ki, uzun illərdir,
bu sahədəyəm. Artıq 20 ildir beynəlxalq “Hilton”
hotellər şəbəkəsi ilə əməkdaşlıq
edirəm. Hotelçiliyə Afinadakı “Hilton”da
başladım. Bu sahəyə gəlişimdə
dayımın rolu olub. O, hoteldə ön büro müdiri
işləyirdi. Gənc yaşlarımda tez-tez onu ziyarətə
gedirdim. Böyük, dəbdəbəli hotel məni
özünə cəlb edirdi. 21 yaşımda həyatımı
bu sahə ilə bağladım. “Hilton İstanbul”da ön
büro müdiri işlədim, satış direktoru oldum.
Baş menecerlik isə “Hilton Parksa”dan başladı. Daha sonra
İzmirdə “Hilton”un baş meneceri oldum. İzmirdən də
Bakıya gəldik.
- Uzun müddət Türkiyədə
çalışmısınız. Bakıda çətinlikləriniz
olmaz...
- Burada özümü heç əcnəbi
kimi hiss etmirəm, desəm, yalan olmaz. Türk dilini də
yaxşı bildiyimdən olduqca rahatdır. Artıq 7 ay arxada
qalıb, insanlarla tanış oldum, yerli mədəniyyəti
öyrənmək imkanım oldu. Çox səmimi, mehriban,
qonaqpərvər insanlarınız var. Azərbaycan dilində
də müəyyən kəlmələri öyrənmişəm.
İnsanlara onların öz dillərində müraciət etmək
ünsiyyətə əlavə gözəllik qatır.
- Bakıda işləməklə
bağlı təklifi necə qarşıladınız? Burada
gözlədiklərinizlə gördükləriniz
arasında fərqlər oldumu?
- Öncə onu deyim ki, gözlədiklərimlə
gördüklərim arasında müsbət mənada ciddi fərq
oldu. “Eurovision” Azərbaycanın tanıdılması
baxımından çox gözəl fürsət idi və
siz bundan layiqincə yararlandınız. Bakı ilə qiyabi
tanışlığım da bu müsabiqədən
başladı. İnanılmaz dərəcədə müsbət
emosiya aldım. Həmin vaxt Bakıya gələcəyim
müəyyənləşməmişdi. Gördüklərimdən
isə onu deyə bilərəm ki, Bakı inkişafda olan
şəhərdir. Bunu əslində bilirdim. Amma buraya gəldiyimdə
inanılmaz inkişaf sürəti gördüm. İnşaat
sektoru, hotelçilik, turizm, taksilər, hava limanı çox
sürətlə yenilənir. Bütün ölkənin
siması dəyişir. Bakı gözəl şəhərdir,
müasir həyat tərzi var, insanları da çox
mehribandır. Bütün bunlar paytaxtınızın
güclü potensialından xəbər verir. Sadəcə
Bakını turizm şəhəri kimi daha çox
tanıtmaq lazımdır.
- İşlədiyiniz ölkələrlə
Azərbaycan arasında hansı fərqləri müşahidə
edirsiniz, sizcə ölkə turizmi hansı yöndə
inkişaf edir? Bizi adətən Körfəz ölkələri
ilə müqayisə edirlər...
- Ölkənin turizm sektorunun
dirçəlişdə olduğu göz önündədir.
Məncə, bu sahədə Azərbaycanın özünəməxsus
inkişaf yolu var. Düzdür, inkişafın sürətində,
inşaat sektorunda, yeni tikililərdə Körfəz ölkələri
ilə müəyyən yaxınlıq müşahidə
olunur. Ümumi inkişaf baxımından da oxşarlıq
mövcuddur. Körfəz ölkələri kimi, biz də
şan-şöhrəti, möhtəşəmliyi, keyfiyyəti
sevirik. Rəng, dekor, işıqlandırma, yüksək
tavanlar, gözəl istirahət məkanları bizi cəlb
edir. Məhz o səbəbdən buradakı “Hilton” bizim ən
yaxşı hotellərimizdən biridir. Digər hotellər də
burada yüksək səviyyədə təmsil olunurlar. Mənim
sezdiyim Avropa havasının Azərbaycan turizmində
ağırlıq təşkil etməsidir. Avropalaşma
istiqamətində inanılmaz irəliləyiş var.
Qonaqların da çoxu Avropa ölkələrindən
olduğu üçün Azərbaycan hotelçiliyi Avropa
bazarına daha çox uyğunlaşmalı oldu. Azərbaycanlı
müştərilərimiz də bizdən Avropa səviyyəsində
xidmət gözləyirlər. Bütün bunları nəzərə
aldıqda, əminliklə demək olar ki, turizm və
hotelçilik daha çox Avropa yönündə inkişaf
edir.
- Bu gün Azərbaycanda lüks hotellər çoxdur. Bəziləri də açılmaq üzrədir.
Biz tələbi aşmırıq ki?
- Bəli, indiki vəziyyətdə
təklif tələbdən çoxdur. Amma məsəlinin
digər tərəfi də odur ki, bu qədər böyük
işləri tələbdən sonra da görə bilməzsiniz.
Bu dəfə də müştəriləriniz
qapını döyər, onları yerləşdirəcək
məkanınız olmaz. Tutulan yol əslində
doğrudur. Amma bir məsələ diqqətə
alınmalıdır. Tələbin az
olduğu dönəmi maksimum qısaltmaq və müştəri
cəlb etməklə bu sahədə rentabellik yaratmaq
lazımdır. Əks təqdirdə, sərmayəçilər
uzun müddət əlavə xərclərlə hotelləri
saxlamaq imkanını itirə bilər. Otaqlarının
yalnız 30 faizini satan lüks hotellər
üçün bu xüsusilə çətindir. Çünki lüks hotellər xərclərini
azaltmaq üçün xidmət səviyyəsini
aşağı salıb bəlli bir standartın altına
düşə bilmirlər. Buraya həm
işçi sayı, həm avadanlıq, həm də keyfiyyətli
məhsul daxildir. O səbəbdən də
çalışmalıyıq ki, tələb və təklif
arasında qısa müddətdə balans yaradaq. Hökumət və Mədəniyyət və Turizm
Nazirliyi də bu istiqamətdə ciddi işlər
görür.
- Sizcə, hotelçilik bu dönəmi
nə zamana qədər aşacaq? 2015-ci ildə
Avropa olimpiya oyunları Bakıda keçiriləcək.
Bu, dönüş ili ola bilərmi?
- Belə böyük tədbirin
Bakıda keçirilməsi turizmin inkişafı
baxımından mühüm imkandır. Məncə,
2015-ci ildə turizm sektoru artıq bu dönəmi başa vurub
karlı sahəyə çevrilməlidir. Bu məsələ
daha iki və ya üç il uzadıla
bilməz. Bu xüsusda görüləsi işlər də
var. Buradakı hotellər əsasən iş adamları və
biznes üçün işləyir. O biri sahələrdən
turistləri hələ ki, cəlb edə bilmirik. Sahə turizmini inkişaf etdirmək
üçün Mədəniyyət və Turizm Nazirliyi ciddi
işlər görür. Mənim
özümün də daxil olduğum qrup beynəlxalq
konfransların Bakıya salınması ilə bağlı
konsepsiya hazırlayır. Vizanın sadələşdirilməsi
məsələsində də irəliyə doğru
addımlar atıldı, elektron vizaların verilməsinə
başlandı. Ümumiyyətlə, turist
səbirsizdir, deyirlər. O ən rahat, tez viza ala biləcəyi,
vaxt itirməyəcəyi ölkə axtarır. Proses uzun
olduğu zaman tez də fikrini dəyişir və başqa məkanlara
üz tutur. Məsələn, Türkiyəni
götürək. 80-dən artıq
ölkə ilə təktərəfli qaydada vizanı ləğv
etdi, sərhəddə viza verilməsinə başlandı.
- Bakının turizm infrastrukturu
yetərlidirmi? İnkişaf etdirilməli olan
sahələrimiz hansılardır?
- Bakıda yetərli qədər
restoranlar, hotellər, istirahət və əyləncə mərkəzləri
var. Təbii ki, restoran işində müəyyən irəliləyişlər
etmək olar. Regionların mətbəxini,
dünya mətbəxindən müəyyən nümunələri
paytaxta gətirmək mümkündür. Onu
da deyim ki, ölkə rəhbərliyi hər sahədə
inkişafa nail olmağa çalışır və nəticələr
də var. Məncə, zamanla heç bir problem qalmayacaq.
Qeyd etdiyim kimi, ölkəniz, paytaxtınız
davamlı inkişaf edir, yenilənir.
Alış-veriş sahəsində də turist istədiyi bir malı, markanı tapmaqda çətinlik
çəkmir. Düzdür, qiymətlər bir az bahadır. Amma məncə, rəqabət
qiymətlərə də təsir göstərəcək.
Hava limanında yeni beynəlxalq terminal inşa
edilir. Yol və nəqliyyat sistemində
müsbət dəyişiklər edilir. Görülməli
işlərdən biri də marketinqin düzgün
qurulması və bu sahədə işlərin intensivləşdirilməsidir.
Beynəlxalq sərgilərdə iştirak
önəmlidir. İstanbul da bu mərhələni
keçdi.
- Turisti cəlb etmək nə qədər
önəmlidirsə, onu məmnun yola salmaq da bir o qədər
önəmlidir. Əcnəbi hava limanından endiyində
artıq iş başlayır. Turizm sahəsində
çalışan insanlarımız buna hazırdırmı?
- Bəli, çox düzgün
qeyd etdiniz ki, hava limanında “Welcome to Azerbaijan” deyən insanla
iş başlayır. Hotel səviyyəsində isə biz
“qapıçı ilə iş başlayır” - deyirik. Bu baxımdan turizm sahəsində işləyən
insanların hazırlığı çox önəmlidir.
Hotelə gələnə qədər artıq
turistdə ölkə haqqında müəyyən fikir
formalaşır. Bu səbəbdən
işin hər mərhələsində xüsusilə diqqətli
olmaq vacibdir. Gülərüzlü, səmimi
xidmət çox önəmlidir. Xidmət
dediyin gülərüzlüyü sevir. Xoşniyyətli,
öyrənməyə həvəsli gənclərimiz var.
Onları lazımınca yetişdirməklə, xidmət məntiqini
aşılamaqla bu problemləri yoluna qoya bilərik. Unutmaq lazım deyil ki, bizim qonaqlarımız
artıq dünya, Avropa standartlarını bilən
müştəridir. O, eyni münasibəti bütün
“Hilton” hotellərindən gözləyir. Fərqli
münasibət sərgiləyə bilmərik.
- “Hilton Baku” olaraq bu
sahədə problemləri aşmaq baxımından hansı
işləri görürsünüz?
- Öz daxilimizdə treninq
proqramlarımız var. İşçilərimizi treninq məqsədilə
Türkiyəyə, İngiltərəyə və digər
ölkələrə də göndəririk. Təhsilə
çox diqqətlə yanaşırıq. Ölkə səviyyəsində götürsək,
məncə, müasir tələblərə uyğun kadrlar
yetişdirmək məqsədilə məktəblərə,
universitetlərə dəstək verilə bilər. Bizim
kimi insanlar tədrisə cəlb oluna, “master klas”lar təşkil edilə bilər. Məsələnin obyektiv tərəfi də var.
Bundan əvvəl Azərbaycanda böyük hotellər
olmadığından müasir xidməti bilən kadrlar
yetişməyib. İnkişaf sürətli
getdiyi üçün
çatışmazlıqlarımız tez göründü.
Amma onları aradan qaldırmaq
mümkündür.
- Qonaq olduğunuz restoranlarda xidmətdən
məmnunsunuzmu?
- Servisdə problemlər var. Bu
qarşılamadan yeməyə qədər hiss olunur. Bəzi yerlərdə isə bu məsələlər
həllini tapıb. İşçilərin
səviyyəsi standartlara cavab verir. Servis
müəyyən qədər inkişaf etdirilməli,
yanaşma dəyişməlidir. Müştərini
məmnun etməyə çalışmalıyıq. Nəzərə almaq lazımdır ki, bütün
hotellərdə yataq, restoran, lobbi var. Yəni bina olaraq
hamısı aşağı yuxarı eyni imkanlara sahibdir.
Fərqi yaradan xidmət və onun səviyyəsidir.
Müştərilər xidmətə görə
hotel və ölkəni seçirlər.
- Ümumi fikirdə belə bir
yanaşma var ki, Bakı artıq çox yüklənib. Turizm obyektləri, hotellər bölgələrə
daşınmalıdır. Sizin fikriniz necədir?
- Məncə, Bakı çox
yüklənməyib. Digər şəhərlərlə
müqayisə etdikdə bu daha aydın hiss olunur. Amma bu o demək
deyil ki, regionlarda iş görülməməlidir. Şəhər hələ ki, inkişafa
açıqdır. Sadəcə regionlarda
da işlər görülməlidir ki, Bakıdan oraya turist
axını olsun. Turist sadəcə
Bakı ilə kifayətlənməyəcək. Zamanla regionlara da üz tutacaqlar. Regionlar
da buna hazır olmalıdır. Azərbaycanın
təbiəti, mədəniyyəti, musiqisi imkan verir ki, turisti
hər cür məmnun edə biləsən. Eyni zamanda Bakı çox təhlükəsiz şəhərdir,
günün istənilən saatında ailənizlə və
ya tək istədiyiniz yerə gedə bilirsiniz. Bu çox önəmli məsələdir. Hətta
Amerikada, bəzi Avropa şəhərlərində təhlükəsizlik
məsələsi tam həll edilməyib.
- “Hilton Baku”da
lüks hotel havası hiss edilir. Bəs Azərbaycandan
hotelə bir şeylər qatdınızmı? Dizaynda, mətbəxdə
və sair...
- Dizaynda elə bir şey qata bilməsək
də, mətbəxinizdən istifadə etdik. Buna
tələb də var. Əsasən beynəlxalq konfranslar, tədbirlər
olduğu zaman milli mətbəxə aid yeməklər,
şirniyyat mütləq olur. Əcnəbilər
özləri də bunu istəyirlər. Azərbaycan
mətbəxi onlar tərəfindən məmnunluqla
qarşılanır. Yerli müştərilərimiz
isə əcnəbi mətbəxə üstünlük verirlər.
360 dərəcə fırlanan
restoranımız həm yerli, həm də əcnəbi
qonaqlarımızın marağına səbəb olur. 58 dəqiqə ərzində istirahətlərindən
ayrılmadan bütün Bakını görə bilirlər.
Sadiq
Musa
Mədəniyyət.-
2013.- 15 may.- S. 7.