Azərbaycanın
turizm imkanları Dubay
sərgisində
Ərəb
turistləri ovçuluq və dağ-xizək turizmi daha
çox maraqlandırır
Xəbər verdiyimiz kimi, mayın
7-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində keçirilən «ATM 2013» beynəlxalq
turizm sərgisində Azərbaycanın turizm imkanları da
nümayiş etdirilib. Sərgidə ölkəmizi mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi
ilə nümayəndə heyəti təmsil edib.
Heyətdə nazirliyin
Turizm şöbəsinin
əməkdaşları, «SW travel»,
«Millennium Tourism and Congress», «Sport Luxury», «Gilan
tourism», «Pasha travel», «Xəzər travel» turizm şirkətləri,
«Chinar Hotel and Spa Naftalan»,
«Fairmont Baku», «Gallery hotel», «Four Seasons», «Kempinski
Hotel Badamdar» və
«Marriott Absheron» mehmanxanalarının
nümayəndələri yer
almışdı.
Turizm şöbəsinin Xarici turizm sektorunun
böyük məsləhətçisi
Cəfər Qarayev sərgi ilə bağlı təəssüratlarını
bizimlə bölüşdü.
Onun sözlərinə
görə, sərgi iki pavilyondan ibarət olub: birinci pavilyonda ərəb ölkələri,
ikinci pavilyonda isə Avropa, Asiya və Afrika
ölkələri təmsil
olunurdu. Sərgiyə 91 ölkədən 2500-ə yaxın şirkət qatılmışdı. Beşulduzlu brend
hotellərin demək olar ki, hamısı
ayrıca stendlə iştirak edirdi. Açılış mərasiminə
Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti,
Baş naziri, Dubay hökumətinin sədri Şeyx Məhəmməd bin Rəşid
əl-Məktum gəlmişdi.
Həmsöhbətimizin sözlərinə görə, ziyarətçilərin
sayı çox olub. Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifai də
Azərbaycanın stendinə
təşrif buyurub, orada müxtəlif müzakirələr aparıb:
«Birləşmiş Ərəb
Əmirliklərindəki diplomatlarımız
da stendimizi ziyarət etdilər. Məlumdur ki, Dubayda yerli iş
adamları çox azdır. Xidmət sahələrində əsasən Hindistan, Banqladeş, Pakistan vətəndaşları
çalışır. Ziyarətçilərin çoxu da
onlar idi. Bizim stendlə həm yerli ərəblər, həm də iştirakçı ölkələrin
nümayəndələri maraqlanırdılar.
Ziyarətçilər daha çox
ovçuluq və dağ-xizək turizmi ilə bağlı suallar verirdilər. Biz özümüzlə “Şahdağ” Yay-Qış
Turizm Kompleksi haqqında ərəb və ingilis dillərində broşürlər,
bukletlər aparmışdıq.
Elektron viza ilə maraqlananlar
da çox idi. Biz yeni
qaydalar barədə məlumat verirdik. Ərəblər daha rahat səfər etməyi sevirlər. Ona görə də
Azərbaycanda elektron vizanın tətbiqi xəbəri onları çox sevindirdi. Bir məqamı da qeyd edim ki,
ərəblər VİP turistlər
hesab olunur, getdikləri ölkələrdə
çoxlu pul xərcləyirlər. Bu baxımdan ərəb turistlərin ölkəmizə
cəlb edilməsi turizm baxımından çox əhəmiyyətlidir”.
Sərgi çərçivəsində
mayın 7-də Dünya
Turizm Təşkilatının
dəstəyi ilə
«Turizm və aviasiya» adlı dünya turizm nazirlərinin forumu olub. 25-ə yaxın ölkənin təmsil olunduğu forumda Azərbaycanın mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifainin çıxışından sonra
forum panellər üzrə
davam etdirilib. Tədbirdən sonra Dubay şeyxi öz iqamətgahında iştirakçılara
böyük ziyafət
verib.
Nazirlik rəsmisi Dubayın kütləvi informasiya vasitələrində sərginin
işıqlandırılmasından da danışdı: «Sərgidə media nümayəndələri
üçün «Media park» adlı xüsusi yer ayrılmışdı.
Azərbaycanın stendi də
onların diqqət mərkəzində idi.
Hər gün bir neçə
dəfə yaxınlaşıb
suallar verirdilər.
Mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov bir neçə kanala müsahibə verdi.
Sərgi
günlərində Mədəniyyət
və Turizm Nazirliyinin Birləşmiş
Ərəb Əmirlikləri
və Körfəz ölkələrindəki nümayəndəsi
«Atlantis Holadays» şirkəti
bizə yaxından dəstək oldu. Sərgidə promo məhsullarla yanaşı, stendimizə
yaxınlaşan hər
bir ziyarətçiyə
Azərbaycan çayı,
milli şirniyyatlarımız
təqdim edilirdi.
Mayın
7-də eyni zamanda
ourazerbaijan.com saytının təqdimatı oldu. İngilis və ərəb dillərində
hazırlanan saytda Azərbaycanın turizm imkanları, mətbəxi,
təbiəti və
s. haqqında məlumatlar
yerləşdirilib».
Azərbaycan nümayəndə heyəti Birləşmiş
Ərəb Əmirliklərinin
Abu-Dabi şəhərində
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə də iştirak edib.
Qeyd edək ki, ölkəmiz 2004-cü ildən
başlayaraq artıq onuncu dəfədir ki, Dubay sərgisində
təmsil olunur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 15 may.- S. 9.