Ulu öndərin mədəniyyət
konsepsiyası məcrasında
“Heydər
Əliyev: mədəniyyət və əbədiyyət”
kitabı işıq üzü görüb
Müstəqil Azərbaycanın
memarı, ümummilli lider Heydər Əliyevin misilsiz dövlətçilik
fəaliyyətini əks etdirən yeni-yeni tədqiqat əsərləri
yazılır. Onun tarixi fəaliyyətinin əsas istiqamətlərindən
biri də mədəniyyət və incəsənətimizin tərəqqisi
ilə bağlıdır. Ulu öndər Azərbaycan mədəniyyətinin
və incəsənətinin böyük hamisi idi.
Hər bir xalqın mədəniyyəti
onun böyüklüyünün, müdrikliyinin, birliyinin təcəssümüdür.
Azərbaycan xalqı qədim tarixi və mədəniyyəti
ilə bütün dünyada tanınmışdır. Milli mədəniyyətimizin
yaranmasında və mənəvi rolunun yüksək dəyərləndirilməsində
tarix boyu bir çox şəxsiyyətlərin xidməti
olmuşdur ki, yeni dövrün də belə nəhəng
şəxsiyyəti Heydər Əliyevdir. Azərbaycan mədəniyyətinin
hərtərəfli inkişafında, xalqımızın zəngin
mənəvi-mədəni irsinin dünya mədəni aləminə
çatdırılmasında Heydər Əliyev çox
böyük rol oynamışdır.
Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin rektoru, filologiya elmləri
doktoru, professor Timuçin Əfəndiyevin “Heydər Əliyev
və milli mənəvi dəyərlərimiz”
monoqrafiyasında və bu günlərdə çapdan
çıxmış «Heydər Əliyev: mədəniyyət
və əbədiyyət» (Bakı, Təhsil, 2013) kitabında
dahi şəxsiyyətin bu sahədə gördüyü
işlərdən nəzəri-analitik üslubda söhbət
açılır.
Dünya şöhrətli siyasətçi
Heydər Əliyevin milli mədəniyyətimizin tarixində
misilsiz xidmətlərindən bəhs edən fotomonoqrafiya dahi
liderin anadan olmasının 90 illiyinə həsr olunub. Kitabda mətn
və şəkillərin vəhdəti əsasında
ümummilli liderin mədəniyyət və incəsənətimizə
tarixi töhfələri əksini tapıb.
Heydər Əliyevin adı onunla
eyni epoxada yaşayıb işləmiş, mənalı
çıxışlarını dinləmiş, canlı
ünsiyyətdə olmuş insanlar üçün olduqca əziz
və doğmadır.
Fotomonoqrafiya ulu öndərin
çoxcəhətli mədəniyyət nəzəriyyəsinin
təbliğinə həsr olunmuşdur. Heydər Əliyev istər
çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə
də qədim və bədii cəhətdən kamil mədəniyyət
və incəsənətimizin ayrı-ayrı sahələrindən
bəhs edərkən bütün bunlara dövlətçilik
nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin
məxəzləri kimi yanaşmışdır.
Ulu öndər deyirdi: “Ədəbiyyatımızın,
incəsənətimizin, mədəniyyətimizin ən
böyük və fərqləndirici xüsusiyyətlərindən
biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə
yeni yollar, yeni cığırlar açırlar, yeni formalar
meydana gətirirlər”.
Müasir ədəbiyyatımızın,
incəsənətimizin və mədəniyyətimizin bəşəri
arenada öz nadir inciləri ilə dünyanı heyran
qoyması, ölkəmizin şöhrətini ucaltması,
xalqımızın qədim mədəniyyətə malik
olması bu müdrik fikri təsdiq edir. Məlum olduğu kimi,
XX əsrdə Azərbaycan mədəniyyətinin
bütün sahələrinin sürətli inkişafı,
geniş miqyasda təbliği və böyük nailiyyətləri
bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin
nəticəsi idi. Onun respublikaya rəhbərlik etdiyi 70-ci illərdən
başlayaraq mədəni və ədəbi irsimizə, təsviri
sənətə, teatra qayğı xeyli dərəcədə
artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı
və gərgin səyləri nəticəsində bu gün Azərbaycan
incəsənəti bütün dünya miqyasında
tanınmışdır.
Onun nəzəri
siyasi irsi, dövlətçilik
və millətçilik təcrübəsi bizim
milli sərvətimiz, tövsiyələri
yaddaşımızın əbədiyyət dərsidir. Bu nəşrin
indi işıq üzü
görməsinin bir əlamətdar cəhəti
də budur ki, öz fəaliyyətində Heydər Əliyev
ideyalarını həyata keçirən Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin 2013-cü ildə 90 illiyi tamam olur.
Təqdim olunan fotomonoqrafiya
1969-cu ildən sonrakı dövrdə - Heydər Əliyev
epoxasında yaşayan mədəniyyət
və incəsənət xadimlərinin həyat və
yaradıcılığına ulu öndərin
göstərdiyi diqqət və qayğı ön
plana çəkilir. Dahi
rəhbərin mədəniyyətimizin böyük
hamisi olması fikri əsaslandırılır.
Kitab geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Mədəniyyət.-
2013.- 15 may.- S. 10.