Astarada kitab bayramı

 

    Mayın 10-da xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin 90 illik yubileyi günündə Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ulu öndərin adını daşıyan parkda VI ümumrayon kitab bayramı keçirildi.

  

   Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun rəhbər işçiləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri tədbirdə iştirak edirdilər. MKS-nin direktoru Nazim Fərəməzov ənənəvi kitab bayramı, nümayiş etdirilən kitablar barədə iştirakçılara geniş məlumat verdi.

   Rayon İcra Hakimiyyətinin başçısı sərgidə nümayiş etdirilən ədəbiyyat nümunələri, yeni nəşrlər, astaralı yazarların kitabları, dövlət qulluqçusu Kamil Kamilovun şəxsi kitabxanasının nümunələri ilə tanış oldu.

   Nümayiş olunan 1000-dən artıq kitab tədbir iştirakçılarının marağına səbəb oldu. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aqil Yaqub digər ziyalılar oxucuların kitaba marağının artırılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdilər.

   Kitab bayramında rayon Dövlət Rəsm Qalereyasının rəsm əsərləri, Kakalos kənd mədəniyyət evi nəzdindəkiNəcib qızlar klubuüzvlərinin əl işləri nümayiş olundu. Şən musiqi sədaları altında keçən tədbir iştirakçılarda xoş təəssürat yaratdı.

  

 

   Natəvan Mədətzadə

 

   Mədəniyyət.- 2013.- 15 may.- S. 11.