“Kamil sənətkar olmaq üçün gərək sənətə
ürəyini verəsən”
Eldar
Hacıyev: “Ümid, zəhmət, səbir,
yaradıcılıq - bütün bunlar bir enerjiyə
çevrilərək xalçaya hopur”
İlk baxışda adi məişət əşyası kimi gördüyümüz xalça əslində yüzilliklərin naxış yaddaşını yaşadan, çox mətləblərdən xəbər verən, zəngin fantaziya və ənənələrə bağlılıqdan yaranan düşüncələrin məhsulu, səbrin zəhmətlə birgə ərsəyə gətirdiyi sənət nümunəsidir. Xalça həm də onu ərsəyə gətirən sənətkarın daxili aləmindən, mənəvi dünyasından xəbər verir. Çünki o, ülvi hisslərlə, xoş duyğularla meydana gəlir. Xalçaçı rəssam Eldar Hacıyevlə söhbətimiz özü və sevimli sənəti haqqındadır.
Sənətə gedən yol...
Eldar Hacıyev 1962-ci ildə Bakıda həkim ailəsində dünyaya göz açıb. İlk dəfə rəssamlıq sənəti ilə mərhum Xalq rəssamı Nadir Əbdürrəhmanovun emalatxanasında tanış olub: “Nadir müəllim atamın yaxın dostu idi. Atamla növbəti görüşlərinin birində “sizin ailədə hamı həkimdir, bu oğlanda rəssamlıq istedadı var, qoy bu sahəyə getsin” - deyərək gələcək taleyimi həll etdi”.
Beləcə o, 20 saylı orta ümumtəhsil məktəbini bitirdikdən sonra 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olur, “Xalçaçılıq və bədii toxuculuq” fakültəsində xalçaçı-rəssam ixtisasına yiyələnir. İnstitutda təhsil aldığı müddətdə və sonralar görkəmli xalçaçı rəssam Lətif Kərimovdan, professor, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyevadan bu sənətin sirlərini öyrənir. Xalça sənətimizin canlı ensiklopediyası Lətif müəllimdən mənimsədiyi ilmələrin sirri onun xalçaçı-rəssam kimi formalaşmasında əhəmiyyətli rol oynayır: “Xalq rəssamı Lətif Kərimovun dərslərini dinləyən üçün bu sənəti sevməmək, bu sənətə bağlanmamaq mümkün deyil. O, sənəti sevdiyi kimi, sevdirməyi də bacarırdı. Tələbələrin öz “dünyasını” xalçaya köçürməsinə yardım edər, gənclərin üslublarına, yaradıcılıqlarına hörmətlə yanaşardı. Lətif Kərimovun dərslərinin birində lövhədə bir naxış çəkdim. Çox xoşuna gəldi. Bir müddət lövhəni silməyə qoymadı. Bu hadisə məni daha da ruhlandırdı, xalçaçılıq sənətinə daha da bağladı. O, sənətin yaşaması üçün çox böyük işlər gördü, kitablar yazdı. Və nə yaxşı ki, bunları etdi”.
Miniatür sənəti
ipək saplar üzərində
Eldar Hacıyev yaradıcılığının diqqətçəkən xüsusiyyətlərdən biri müəllifi olduğu xalçaların müasir günümüzdə qismən az müraciət olunan ipək saplarla toxunmasıdır. Onun miniatür, dini mövzulu və süjet xalçalarını məhz ipək saplar üzərində yaratması insanı heyrətləndirməyə bilmir. Bu nümunələr sırasında Nizami Gəncəvinin, Ömər Xəyyamın əsərlərinə çəkilmiş miniatürlərə, dini mövzuda, pravoslav süjetlərinə, Bibliya motivlərinə həsr olunmuş işləri maraq doğurur.
Xalçada portret janrının ənənələrini davam etdirən rəssamın bu sahədə işləri də diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Məhəmməd Füzulinin, Bülbülün, müxtəlif ölkələrin rəhbərlərinin, görkəmli şəxsiyyətlərin portretlərini böyük ustalıqla işləyib. Hazırda bu işlərin bir çoxu müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.
O həmçinin miniatür işləri xalça üzərinə ustalıqla köçürən az sayda xalçaçı rəssamlardandır: “Əslində bu, bir o qədər də asan deyil. Miniatür işləri ipək xalça üzərinə köçürmək böyük zaman alır. Eskizin hazırlanması da daxil olmaqla, hər iş təxminən bir ilə qədər vaxt aparır. Əvvəllər naxış və ornamentlərlə daha çox işləyirdim. Amma sonradan miniatürlə işləməyə üstünlük verdim. Miniatür sənəti özündə həm tarixi, həm ədəbiyyatı, həm də incəsənəti ehtiva edir. Ornamentlər əks olunmuş xalçaları toxuyarkən, dörddə birini çəkəndən sonra proses digər sahələrdə də təkrar olunur. Ornamentlər bu mənada daha asan başa gəlir. Amma miniatürlərdə təkrar yoxdur, xalçanın hər bir sahəsində süjetlər, insan sifətlərini vermək, fərqləndirmək, çoxsaylı rənglərdən istifadə etmək lazımdır. İndi çəkdiklərimin süjeti çox olur, mürəkkəbliyi ilə seçilir. Atlar, insanlar, təbiət təsvirləri... Miniatür mənə doğma və maraqlı gəlir”.
Rəssam miniatür əsəri toxumaq üçün 40-dək rəngdən yararlanır: “Hər rəssamın öz dəst-xətti, rəng üslubu var. Mən isə qızılı, bənövşəyi rənglərdən daha çox istifadə edirəm və bu, çox maraqlı alınır”.
Xalçaçı rəssam tarixi, ədəbiyyatı da
bilməlidir
Həmsöhbətim deyir ki, bu sahədə kamil sənətkar olmaq üçün gərək sənətə ürəyini verəsən, onu qəlbən sevəsən. Xalçaçı rəssam tarixi, ədəbiyyatı da bilməlidir. Eldar Hacıyevin əsərlərində tarixə, ənənələrə bağlılıq hiss olunur.
Xalçaçı rəssam düşünür, əyrilən iplər sevə-sevə rənglənir, eskiz ona “yol” göstərir, “göz nuru”nun müşayiəti ilə “zaman” gedir və mükəmməl sənət əsəri ərsəyə gəlir.
...Dahi Nizami Gəncəvinin “İsgəndərnamə”si əsasında çəkilən əsərinin miniatürü: ifadəli süjet xətti, İsgəndərin dünyaya gəlməsi, Nüşabə ilə görüşü, evlənməsi və digər məqamlar bir xalça üzərində mükəmməl həllini tapıb. “Yeddi gözəl” əsərində bütün gözəllərin özünəməxsus şəkildə təsviri insanı düşündürməyə bilmir...
Məhəmməd Peyğəmbərin (s.a.s) meracının miniatür təsviri də maraqlı alınıb. Sağda cənnət, solda cəhənnəm, yuxarıda Quranın nazil olması, aşağıda məscid və onun yanında meracın başlanğıcı ifadə olunur. Mələklərlə nur ağacının yanına qalxması təsvir edilir...
Azərbaycan xəritəsi formasında bölgələrimizin özəlliklərinin, tarixi abidələrinin əks olduğu xalça da maraqlı alınıb. Müəllif miniatürlərdə insanları müxtəlif forma və geyimlərdə verir. Üz cizgiləri konkret çəkilməsə də, bir-birindən fərqli təsvirlərlə verilmiş insanlar süjetin cəlb edən iştirakçısıdır. Xalçaya toxunarkən üzərində onlarla insanın ipəkdən təsvirinin verilməsini bir daha hiss edəndə bu sənətin əslində möcüzə olduğunun fərqinə varırsan.
Xalçanın çoxlarına bəlli
olmayan xüsusiyyətləri
Eldar Hacıyevin müəllifliyi ilə indiyədək 100-ə qədər xalça toxunub, onlardan 20-si miniatür işdir. Bir müddət sənətinə ara versə də, yenidən öz işinə qayıdıb. Bu gün də sevdiyi sənətlədir.
Son illərdə xalçaçılıq sənətinin inkişafından danışan rəssam xalçanın çoxlarına bəlli olmayan xüsusiyyətlərindən söz açır: “Xalça adi bir əşya deyil. Müalicəvi əhəmiyyəti var. Bundan başqa, uşaq göz açanda xalça üzərində iməkləyir, yeriyir, bu, onun zövqünü formalaşdırır. Müəllimlərimiz deyərdilər ki, xalça toxuyan qızlar oxuya-oxuya ilmə vuranda xoş emosiya yaranardı. Ümid, zəhmət, səbir, yaradıcılıq - bütün bunlar bir enerjiyə çevrilər, xalçaya hopar və evlərdə yaşayardı. Xalçalarımız çox zəngindir. Hər bölgənin dəst-xətti, üslubu var. Amma Azərbaycan xalçaçılığında ipəkdən toxuma miniatürlərə az rast gəlinir. Daha çox həndəsi ornamentlərdən ibarət olur. Miniatür xalçaçılığı daha çox Cənubi Azərbaycanda yayılıb. Ümumiyyətlə deyim ki, ipəkdə sıxlıq çox verilir. Gözlər tez yorulur, çünki ipək parıldayır. Bu mənada bu sənəti sevməsən, gərək məşğul olmayasan”.
Mükəmməl iş
gec-tez qiymətləndiriləcək
Xalçaçı rəssam hərdən rəsmlər də çəkir. Amma üstünlüyü xalça toxumağa verir. Bir müddət sənətinə fasilə verməyini təəssüf hissi ilə qeyd edir. İşini sifariş əsasında qurmur. Deyir ki, yaradıcı insan ancaq sifariş almaqla iş görsə, özünü sənətə verə bilməz. Əgər əl işi mükəmməldirsə, gec-tez qiymətləndiriləcək.
Növbəti il üçün sərgi təşkil etməyi düşünür: “Əl işlərim müxtəlif dekorativ-tətbiqi sənət sərgilərində nümayiş olunsa da, indiyədək fərdi sərgim olmayıb. Öz sərgimi keçirməyə hazırlaşıram. İnanıram ki, təqdim etdiyim nümunələr maraqla qarşılanacaq. Hazırda tələbələrim yoxdur. Amma bildiklərimi kiməsə öyrətməyi düşünürəm. Ola bilsin, yaxın gələcəkdə ixtisasım üzrə pedaqoji fəaliyyətlə də məşğul oldum”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 15 may.- S. 12.