Ulu öndərə həsr olunmuş
inşa müsabiqəsinə yekun vurulub
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkəndin bir neçə orta məktəbinin şagirdləri arasında “Heydər Əliyev - müstəqil Azərbaycanın memarı” mövzusunda keçirilən inşa yazı müsabiqəsinə yekun vurub. Bu münasibətlə keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, səfirliyimizin əməkdaşları, diasporumuzun üzvləri iştirak ediblər.
Mərkəzin direktoru Samir Abbasov dahi rəhbərin həyat yolu, dövlətçilik fəaliyyəti haqqında söhbət açıb. Qeyd olunub ki, ulu öndərin nurlu xatirəsi təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, o cümlədən Özbəkistanda ehtiramla yad edilir.
Sonra müsabiqə qalibləri - Daşkənddəki 147 nömrəli orta məktəbin şagirdi Elnara Baxtimirova (1-ci yer), 48 nömrəli məktəbin şagirdi Santalat Əhmədova (2-ci yer), 147 nömrəli orta məktəbin digər şagirdi Sevinc Cəfərova (3-cü yer) diplom və pul mükafatı ilə təltif olunub.
Mərasimin sonunda ulu öndərin həyat
və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Mədəniyyət.-
2013.- 15 may.- S. 13.