Sönməyən işıqlar, yaxud üç şəhərin övladı

 

   Naxçıvanda teatr sənətinin təşəkkülündə yazıçı-publisist, ictimai xadim Eynəli bəy Sultanovun böyük xidməti olub. Mədəniyyət tariximizə adını həm də teatr xadimi və tənqidçisi kimi həkk etdirən Eynəli bəy Sultanov dövrünün tanınmış ziyalılarından, geniş dünyagörüşünə malik, dərin məlumatlı, bilikli və istedadlı bir şəxsiyyət olub.   

   Öz evində «Ziyalılar» cəmiyyəti təşkil edəndə çox cavan idi - cəmi 20 yaşı vardı. Naxçıvanın tanınmış sənət adamları, elm, ürfan sahibləri, savadlı gənclər və məsləkdaşları ilə bir araya yığışaraq şəhərin, bütövlükdə Naxçıvan vilayətinin mədəni cəhətdən inkişafı üçün müzakirələr aparır, yollar arayır, nəcib və xeyirxah işlər görürdülər. Bu cəmiyyətdə birləşən insanlar sonralar öz yaradıcılıqları və ictimai fəaliyyətləri ilə Azərbaycanın tanınmış ziyalıları kimi ad-san qazandılar: Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Baxşəli ağa Şahtaxtlı, Nəsrullah Şeyxov və başqaları.

   Eynəli bəy Sultanovun təşkilatçılığı ilə yaranmış ziyalılar cəmiyyətində dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri tez-tez müzakirə edilir, fanatizmə qarşı mübarizənin yolları araşdırılır, məktəblər, kitabxanalar açmaq qərara alınır və digər mədəni tədbirlər həyata keçirilirdi.

   Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixinin ən dolğun səhifələrini təşkil edib. Mükəmməl biliyə malik bu unudulmaz insan əvvəlcə Naxçıvan qəza məktəbində ibtidai təhsil almışdır. Bəzi yazılarda onun hansı gimnaziyada oxuduğu qeyri-dəqiq göstərilsə də, akademik İsa Həbibbəylinin apardığı tədqiqatlar nəticəsində əldə olunan sənədlər əsasında Eynəli bəyin İrəvan gimnaziyasında təhsil aldığı təsdiq edilmişdir. O, burada rus, latın, yunan dillərini öyrənmiş, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və digər fənləri dərindən mənimsəmişdir. Sonralar çox xarici dilləri bilməyi onu tərcüməçilik fəaliyyəti ilə də məşğul olmağa sövq etmişdir. Maraqlıdır ki, o, gimnaziyada oxuduğu illərdə Qori Seminariyasının məzunu şuşalı Firidun bəy Köçərli də müəyyən müddət Eynəli bəyə dərs demişdir. İsa Həbibbəyli yazır: «Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy Sultanov... bir müddət Naxçıvanda yaşayıb-yaratmışdır». Bu müddət ərzində o, şəhərdə teatr mühitinin formalaşmasında böyük zəhmət çəkmişdir. Faktlardan bəlli olur ki, Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edib. O dövrdə Naxçıvanda fəaliyyət göstərən «Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti»nin nümayəndələri Eynəli bəy Sultanovun rəhbərliyi ilə Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» əsərini tamaşaya hazırlamışdılar. Tamaşa ilk dəfə 1883-cü ilin may ayında Hacı Nəcəf Zeynalovun evində göstərilib.

   Eynəli bəy Sultanov Naxçıvanda mədəni-maarif tədbirlərinin təşkilatçısı, tərəqqisevər ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi tanınmışdır. Abbas Zamanov «Əməl dostları» adlı məqaləsində bildirirdi ki, əslində Eynəli bəy Cəlil Məmmədquluzadənin timsalında özünün məslək və əməl dostunu tapmışdır. Bu barədə Mirzə Cəlilin yazılarında da qəribə fikirlərə rast gəlinir. O, həddən artıq çox sevdiyi və dəyərləndirdiyi Eynəli bəyi «səsinə səs verən sirdaş» kimi qiymətləndirib. Başqa mənbələrdən aydın olur ki, Naxçıvanda kitabxana açdırmaq məsələsində də Eynəli bəy Sultanovun böyük əməyi olub. Beləliklə, bu şəhərdə maarifçi mühitin formalaşması onun adı ilə bağlıdır.

   Sonra Eynəli bəy bir müddət İrəvan dairə məhkəməsində tərcüməçi işləyib. Hüquq idarələrində təcrübə qazanaraq prokurorluq orqanlarına işə düzəlib. Onun prokuror köməkçisi işləməsi haqqında da faktlar var. Akademik İsa Həbibbəyli yazır: «Şübhəsiz, bu illərdə Cəlil Məmmədquluzadənin də pedaqoji fəaliyyətdən hüquq idarələrinə qəbulunda, İrəvan şəhərinə köçməsində onun mühüm xidməti olmuşdur. Hətta fikrimizcə, Mirzə Cəlilin rusdilli mətbuat orqanları ilə əməkdaşlığa istiqamətləndirilməsi də Eynəli bəy Sultanovun adı ilə bağlıdır». Bu faktlar inandırıcıdır. Çünki Eynəli bəyin özü də rus dilində çıxan «Novoye obozreniye» qəzetində müntəzəm çap olunurdu. Bu qəzet vasitəsilə o, istedadlı publisist və yazıçı kimi tanınmışdı. Məhz Cəlil Məmmədquluzadənin də rusdilli mətbuata maraq göstərməsi, özünün də etirafına görə, dostunun səsinə səs verməsi kimi səciyyələnir.

   Yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim, vətənpərvər fədai kimi məziyyətləri öz şəxsində birləşdirən Eynəli bəy Sultanovun Azərbaycan mətbuatının inkişafındakı rolu o qədər də geniş araşdırılmayıb. Halbuki 1905-1908-ci illərdə o, «Kaspi» qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olub. Qəzetin səhifələrində olduqca maraqlı, dövrünün ictimai-siyasi hadisələrinə ayna tutan məqalələri, hekayələri və şeirləri dərc edilib. Bir tərəfdə müxbirliklə məşğul olan, onu narahat edən, düşündürən problemlərdən, mövzulardan, qəzetlərə ardıcıl surətdə məqalələr yazıb göndərən Eynəli bəy Sultanov, eyni zamanda insan hüquqlarının keşiyində dayanırdı. 1906-cı ildən etibarən İrəvan dairə məhkəməsinin prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsində çalışıb.

   Eynəli bəy Sultanov mərd, səxavətli, rəiyyətin halına yanan, xeyriyyəçiliklə məşğul olan bir şəxsiyyət kimi də adını tarixə yazıb. Məlumdur ki, o, bəy ailəsində anadan olmuşdur. Atası, ulu babaları - hamısı bəy nəslindən idi. kəndləri, geniş torpaq sahələri, tarlaları, kəhrizləri, bir sözlə, daşınmaz əmlakları çox idi. Araşdırmalar göstərir ki, o, 1907-ci ildə Naxçıvan ətrafındakı Göynük, Sürməlik və Sirab kəndlərindəki şəxsi torpaq sahələrini kəndlilərə paylamışdır. Humanist və mərhəmətli ürək sahibi olan Eynəli bəy xalqının övladlarını həm savadlı, oxumuş, geniş dünyagörüşlü görmək istəyirdi, həm də onların həyat tərzinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmirdi. Xatirələrdən də bəlli olur ki, onun ürəyində böyük millət sevgisi var idi. Bu səbəbdən də həm daxili zənginliklərini - biliyini, savadını, həm də şəxsi əmlakını, var-dövlətini xalqının yolunda fəda etməyi bacarırdı.

   Naxçıvan və İrəvandan sonra Eynəli bəy Sultanov öz nəcib məramını Tiflisdə davam etdirib. Bu unudulmaz şəxsiyyətin Tiflis dövrü fəaliyyəti də maraqlı məqamlarla müşahidə olunub. O zaman Tiflis Azərbaycan mədəniyyətinin beşiklərindən idi. Burada müxtəlif qəzetlər, jurnallar nəşr edilir, cəmiyyətlər, klublar fəaliyyət göstərirdi. Eynəli bəy Sultanov Tiflisdə işıq üzü görən bütün mətbuat orqanlarının, xüsusilə də «Molla Nəsrəddin» jurnalının ən mükəmməl yazarlarından biri idi. «Molla Nəsrəddin» jurnalının və mollanəsrəddinçilərin müdafiəsində dayanan Eynəli bəy Sultanov bir vətəndaş olaraq həmişə xalqının taleyini və gələcəyini düşünüb. Onun bütün yazılarının ruhu da məhz bu məhəbbətdən qidalanıb. Harada yaşamasından, çalışmasından asılı olmayaraq heç zaman Naxçıvanı unutmayan Eynəli bəy mətbuat səhifələrində doğma diyarla bağlı silsilə yazılarla çıxış edərdi: «Naxçıvan xəbərləri», «Naxçıvanda nə danışırlar», «Naxçıvan əhli», «Naxçıvan publikası», «Naxçıvan kişi gimnaziyası» və s. O, Azərbaycan gerçəkliyini rusdilli mətbuatda geniş oxucu kütləsinə çatdırır, xalqını azad insanlar, xoşbəxtlər içərisində, maarifçilər arasında görmək istəyirdi.

   Xeyli müddət Tiflisdə yaşayan Eynəli bəy Sultanov burada da teatr mühitinin inkişafına kömək etmişdir. Tiflis teatrında göstərilən müxtəlif tamaşalar barəsində resenziyalar, ayrı-ayrı aktyorların oyunları haqqında məqalələr yazardı. Teatr tənqidi ilə məşğul olmaqla bərabər, bir pedaqoq kimi də öz bilik və bacarığını gənclərdən əsirgəmirdi. 1912-1916-cı illərdə Tiflisdə fəaliyyət göstərən qadın gimnaziyasında rus dili dərslərini tədris etmiş, sonralar isə ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmışdır. Hətta əlifba islahatı uğrunda da ardıcıl mübarizə aparmış, 1924-cü ildə yeni əlifba komitəsinin Tiflis şöbəsinin katibi olmuşdur.

   Bu unudulmaz qələm sahibi həm də bədii yaradıcılıq sahəsində öz istedadını göstərə bilmişdir. Əsasən dram və nəsr əsərləri yazan müəllifin «Tatarka» («Azərbaycan qızı») pyesi ilk dəfə Naxçıvanda tamaşaya qoyulub. İrəvanda isə kitab halında (1904-cü ildə) çap edilib. Qadın azadlığı məsələsinə həsr edilən pyes dövrün ziddiyyətli məqamlarına, qadına olan ögey münasibətə, əsarətdə yaşayan zərif varlıqların arzularına güzgü tutub. Bu komediya həm də Mirzə Fətəli Axundzadə irsinin davamı kimi də qiymətləndirilə bilər. Tiflisdə yaşadığı illərdə də teatr mühiti ilə bağlı olan Eynəli bəy müxtəlif səhnəciklər qələmə almışdır. Eləcə də böyük müəllimi, ədəbi irsindən daim bəhrələndiyi Mirzə Fətəli Axundzadənin «Molla İbrahim Xəlil kimyagər» və «Hacı Qara» komediyalarını rus dilinə tərcümə edib. Rus ədiblərini də Azərbaycan oxucusuna tanıdan Eynəli bəy Sultanov istedadlı nasir idi. İstər Naxçıvanda yaşadığı illərdə, istərsə də sonralar qələmə aldığı hekayələrdə sadə insanların həyatı, başlarına gələn qəribə əhvalatlar, maraqlı, bədii ümumiləşdirmələrlə qələmə alınıb. O, ilk Azərbaycan nasiridir ki, öz hekayələrini rus dilində yaradaraq təbliğ edə bilib. Onun bütün nəsrində köhnəliyin tənqidi, maarifçi ideyaların təbliği, folklor motivlərinin tərənnümü, qədim adət-ənənələrimizin təsviri öz əksini tapıb.

   XX əsr Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı, eləcə də ictimai fikir tarixində özünəməxsus yer tutan Eynəli bəy Sultanovu bu gün oxuculara tanıtmaq, gənc nəsillərə oxutmaq üçün əsərlərinin latın qrafikası ilə çap edilməsi məqsədəuyğundur. Bu həm də bizim klassiklərimizə olan ehtiramımız və vətəndaşlıq borcumuzdur. Qafqazın üç böyük şəhərində - Naxçıvan, İrəvan və Tiflisdə yaşayıb-yaratmış Eynəli bəy Sultanovun ömür çırağı sönsə də, fədakarlıqla yandırdığı maarifçilik işığının şöləsi mətbuatımızdan, ədəbiyyatımızdan və teatr tariximizdən çəkilməyib...

  

 

   Flora Xəlilzadə,

   Əməkdar jurnalist

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 13.