Bir rejissorun ilk müsahibəsi
O, uşaq
vaxtı gördüyü bir
italyan filminin cazibəsindən
ömrü boyu
çıxa bilmədi...
O, kinonu seçdi...
25-dən çox
bədii filmin rejissoru
olsa da, quruluşçu rejissor kimi özünü heç vaxt
sınamadı, çətinliklərə, əziyyətlərə
baxmayaraq kinodan heç vaxt
uzaqlaşmadı...
O, kinonu sevdi...
Müsahibim ömrünün 45 ilini Azərbaycan kinosuna həsr edən, səmimiyyəti, təvazökarlığı, məsuliyyəti ilə kino aləminin gözəgörünməz canlı əfsanələrindən birinə çevrilən, ona həvalə olunan filmlərin yükünü titrlərə qədər daşıyan, zəhməti müqabilində aldığı məvacibə yox, filmin uğurlu alınmasına sevinən, hər dəfə rejissoru olduğu kinolentlərə baxarkən “nə yaxşı bu film çəkildi” - deyib Allaha şükür edən, “Azərbaycanfilm” kinostudiyasının rejissoru, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovdur.
Akif Rüstəmov 1945-ci il oktyabrın 27-də Bakı şəhərində anadan olub. Gözünü açanda müharibə görməsə də, müharibənin ağrılarının, acılarının şahidi olub. Atası neftçi, anası evdar qadın olan Akif uşaqlıqdan kinoya bağlanıb. Bir gün kinoteatrda baxdığı “Onlar əsgərlərin ardınca gedirdilər” adlı italyan filmi, sözün əsl mənasında, onun körpə qəlbini ovsunlayıb və gələcək sənət yolunu müəyyənləşdirib.
- Yadımdadır, mən müharibədən bəhs edən o filmə baxandan sonra kinoteatrdan çıxıb ağlaya-ağlaya ora-bura qaçırdım.
İllər keçsə də, bu filmdəki təsirli səhnələr uşaqlıq xatirəsindən silinmir. Möcüzəli aləmlə daha yaxından tanış olmaq üçün Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Milli teatr və kino sənətimizin korifeylərindən biri - rejissor, aktyor və pedaqoq Rza Təhmasibdən sənətin sirlərini öyrənir. 1968-ci ildə təhsilini başa vurub “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi işə başlayır.
- O vaxt kinostudiyanın rəhbəri görkəmli
sənətkarımız Adil İsgəndərov
idi. Kinorejissor Arif Babayev məni
“Uşaqlığın son gecəsi” filminə assistent götürdü. Sonra “Gün
keçdi” filmində
assistent oldum. “Sevil” film-operası
assistent kimi son işim oldu. Günlərin birində rəhmətlik Tofiq Tağızadə mənə
dedi ki, istəyirəm, səni “Qızıl qaz” filminə rejissor götürüm.
Akif Rüstəmovun rejissor
karyerası da “Qızıl qaz”dan başlayır. Kinoya olan
sonsuz sevgisi əhatəsində olduğu
insanların diqqətindən
yayınmır.
Bir anlıq tərəddüd və ya hər şey
film naminə
Günlərin birində o dövrün
nəhəng rejissorlarından
Həsən Seyidbəyli
heç kimin gözləmədiyi bir qərar verir. Akif Rüstəmovu quruluş verdiyi “Nəsimi” filminə rejissor dəvət edir. Bu, 24-25 yaşlı gənc rejissoru qorxuya salır.
- Çünki
“Nəsimi” tarixi bir film idi. İkincisi, kinostudiyada məndən təcrübəli adamlar vardı. Adil müəllimin yanına getdim, dedim ki,
mən işləyə
bilmərəm, çünki
cavanam, bu boyda məsuliyyəti üstümə götürə
bilmərəm. Dedi: “Qadam, get, sənin kimi işçi mənə lazım deyil”.
Adil İsgəndərovun qətiyyəti qarşısında
Akif Rüstəmovun başqa seçimi qalmır və bütün canı-qanı
ilə bu filmdə çalışır,
təcrübə və
hörmət qazanır.
- Nəsimi” filminin çəkilişindən
40 il keçir.
Bu ekran əsərinə
hər dəfə baxanda deyirəm, nə yaxşı ki, bu filmdə
işlədim, nə qalırsa belə filmlərdən qalır, yüz il
də qalacaq...
Akif Rüstəmov sonralar
görkəmli kinorejissor
Tofiq Tağızadə
ilə “Dədə Qorqud” filmində birgə işləyir.
Ümumilikdə tarixi mövzuda
səkkiz filmin, o cümlədən “Babək”,
“Nizami” filmlərində
rejissor kimi çalışır.
- Kinoda kifayət qədər təcrübə qazanan, filmin yükünü çiyinlərində daşımağı
bacaran Akif Rüstəmov niyə quruluşçu rejissor kimi özünü sınamadı?
- Birincisi, sovet vaxtında Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunu
qurtarmayan rejissorlara
film çəkməyə icazə vermirdilər. Hesab edirəm ki, haqlı idilər. Çünki bu institut böyük məktəb idi. Belə baxsaq, bizim ən
yaxşı filmləri
o institutun məzunları
- Şamil Mahmudbəyov,
Həsən Seyidbəyli,
Tofiq Tağızadə,
Eldar Quliyev və başqaları çəkiblər. Bundan
başqa, ali
rejissorluq kursları da vardı, sözün açığı,
ora arada bir təklif oldu, amma getmədim.
Həm imkan yox idi, həm
də fikirləşdim
ki, mən nə Arif Babayevdən,
nə Tofiq Tağızadədən, nə
də Həsən Seyidbəylidən yaxşı
film çəkə bilməyəcəyəm.
Heç
bunlar kimi də çəkə bilməyəcəyəm. Rejissor taleyimlə razılaşdım.
Heç heyifsilənmirəm
də...
“Müharibə haqqında psixoloji film çəkərdim”
Səmimiyyət,
təvazökarlıq... Hiss edirəm ki, Akif Rüstəmovun kövrək ürəyinin
lap dərin qatlarından
çəkmək istədiyi
filmlərin kadrları
boylanır. Mənə elə gəlir
ki, onun quruluşçu rejissor kimi çəkmək istədiyi və çəkə biləcəyi
filmlər milli kinomuzun inciləri sırasında fəxrlə
yer alardı.
- Siz quruluşçu rejissor kimi film çəksəydiniz
hansı janra müraciət edərdiniz?
- Əgər
mənə belə bir təklif eləsəydilər, müharibə
haqqında psixoloji
film çəkərdim.
- Niyə məhz müharibə haqqında? Uşaq vaxtı gördüyünüz
o filmi unuda bilmədiyiniz üçünmü?
- Hə, istəyimin alt qatında o
film dayanır. Müharibə mövzusunda film çəkmək
istəyərdim. Düzdür, hər filmə canını verirsən, amma o filmə biliyimi, təcrübəmi,
ürəyimi, canımı
qoyardım.
- Bəs öz həyatınızdan
film çəksəniz, onun
janrı nə olardı?
- İmkan
verilsəydi, həyatımı
bir balaca başqa cür qurardım. Bir də o fürsət
verilsəydi, çətinliklərə
baxmayaraq, gedib təhsilimi davam etdirərdim.
- Heç kimə sirr deyil ki, filmin
yükünün, ağırlığının
böyük bir hissəsi də məhz elə rejissorun çiyninə düşür.
- Bu belədir.
Rejissorun
yükü çoxdur.
Sovet vaxtı quruluşçu rejissoru filmin “müdafiə nazir”i, rejissoru “qərargah rəisi” adlandırırdılar.
Həm yaradıcılıq, həm
təşkilatçılıq rejissorun üzərinə
düşürdü.
- Onda sizə belə bir sual verim:
rejissorda hansı xüsusiyyətlər olmalıdır
ki, filmi yarıda qoymasın?
- Rejissor həddən artıq səbirli olmalıdır.
Qrupdakı 50-60 nəfərin hamısı ilə dil tapmalı, məqsədə doğru
yönəltməli, yaxşı
atmosfer yaratmalıdır.
Xeyirxahlıq olmasa, qrup dağılar, iş getməz, yaxşı film də ortaya çıxmaz. Birdə ki, hər filmin öz çətinliyi
var. Ürəyini, canını
qoyursan, film çəkilir,
baxanda deyirsən ki, əşi, cəhənnəm olsun çətinlik-filan, əsas
odur ki, film var.
- Hazırda hansı filmi çəkirsiniz?
- İndi
rejissor Fikrət Əliyev İlqar Fəhminin ssenarisi əsasında və şərti adı “Polkovnikin xəzinəsi” olan filmi çəkirik.
İnşallah, avqustda başa
çatacaq.
Belə deyirlər ki,
rejissor istənilən
səhnə əsərinin
baş ifaçısıdır.
Kino və ya
tamaşanın həqiqətən
sevilməsi, ona tamaşaçı rəğbətinin
artması, məhz onun işinin səviyyəsindən asılıdır.
Tamaşa və ya filmin uğursuzluğunun bir nömrəli günahkarı da həmişə rejissor hesab edilir.
Akif Rüstəmov filmin
sevilməsi üçün
əlindən gələni
əsirgəməyən rejissordur.
Onun dünyası kinodur.
Keçmiş barədə
hörmətlə, bu
gün barədə rəğbətlə, sabah barədə ümidlə danışan
nadir sənət adamlarımızdan
biridir. Bu sənətə
gələn gənclərin
istedadına inanan Akif Rüstəmov milli kinomuzun sabahını dünənindən
də işıqlı
gördüyünü deyir.
Napoleon deyirdi ki, səmimiyyət
və dostluq ən çətin tapılan nemətdir.
Akif Rüstəmov səmimiyyəti
və insanlara qarşı olan dostluq münasibəti ilə Azərbaycan kinosunun nemətidir.
Söhbətimizin
sonunda Akif müəllim “Mən ömrümdə birinci dəfədir, müsahibə
verirəm” - dedi. Mənə elə gəlir ki, Akif Rüstəmov
kinomuzdakı fədakarlığına
görə bundan sonra da dövlətimiz
tərəfindən öz
layiqli qiymətini alacaq və müsahibə almaq üçün jurnalistlər
mütləq onu arayacaq.
Təranə
Vahid
Mədəniyyət.-
2013.- 17 may.- S. 10.