Elektron vizanın tətbiqi ilə bağlı görüş keçirilib

 

   Mayın 14-də Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxanada Azərbaycanda elektron viza sisteminin tətbiqi ilə bağlı əlaqədar qurumların təmsilçiləriylə görüş keçirib. 

   Görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin Turizm şöbəsinin əməkdaşları, Xarici İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, «Risk» şirkətinin və elektron viza sistemindən istifadə edən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

   Nazirliyin Turizm şöbəsindən aldığımız xəbərə görə, «Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» ölkə Prezidentinin 2012-ci il noyabrın 20-də imzaladığı sərəncamın icrasının təmin edilməsi məqsədilə bu il martın 15-dən elektron viza sisteminin tətbiqinə başlanılıb.

   Bununla bağlı keçirilən görüşdə elektron viza üçün sənədlərin qəbulu üzrə «Risk» şirkətinin nümayəndələri tərəfindən sistemin təqdimatı olub. Eyni zamanda sistemin daha operativ, maneəsiz və mükəmməl işləməsi üçün müvafiq qurumların nümayəndələri təklif və tövsiyələrini bildiriblər.

   Qeyd edək ki, Azərbaycanda elektron viza sisteminin tətbiqindən sonra ölkəmizə gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Bu müddət ərzində Polşa, Koreya, Makedoniya, Yunanıstan, Böyük Britaniya, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdən çoxsaylı turistlər Azərbaycana səfər ediblər.

 

 

   Fəxriyyə Abdullayeva 

 

   Mədəniyyət.- 2013.- 17 may.- S. 9.