“Küləklər
məkanı”
Mayın 13-də AzMeCO (“Azerbaijan Methanol Company”) şirkətinin Qaradağ rayonundakı zavodunun ərazisində açıq səma altında heykəl muzeyinin və “Küləklər məkanı” adlı müasir incəsənət sərgisinin açılış mərasimi keçirilmişdir.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri iştirak etmişdir. Muzey Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyevin təşəbbüsü ilə tanınmış Azərbaycan rəssamı Altay Sadıxzadənin layihə və dizaynı əsasında yaradılmışdır.
Bu məkanı divarsız, sərhədsiz muzey də adlandırırlar. Divarsız ona görə ki, muzeyin həqiqətən konkret divarları mövcud deyil. Sərhədsiz ona görə ki, açıq səma altında üfüqün nəhayətsiz məkanında insan zəkasına əsaslanan fantaziya və təxəyyül sərhəd tanımır. “Küləklər məkanı”nda Altay Sadıxzadənin, “YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın, Nyu-Yorkda yaşayan həmyerlimiz Ağa Ousseynovun dəmir, metal konstruksiyadan və Eldar Məmmədovun keramikadan hazırlanmış bir-birindən maraqlı əsərləri nümayiş etdirilir.
17 art obyekti birləşdirən özünəməxsus heykəltəraşlıq kompleksinin zahiri görkəmi ətraf ərazinin təbii landşaftı və mənzərəsi ilə həm təzad, həm də ümumi harmoniya təşkil edir. Ətraf təbiətin səhra rəngi və neft sənayesi zavodları, borular, alov püskürən qüllələrlə əhatə olunmuş mühit birdən-birə səliqə-sahmanla düzənlənmiş, asfalt döşənmiş, ağac və gül kolları ilə bəzədilmiş zavod həyətində qeyri-adi formalara əsaslanan konseptual incəsənətin obyektləri ilə əvəzlənir. Görünür, ideya müəllifləri məhz bu təbii əksliklərin müxtəlif qütblərində gözəlliyin tərənnümünə həsr olunmuş lirik, bir qədər də romantik əhval-ruhiyyəni çatdırmağa çalışmışlar. Adi insanlarda zavod, xüsusən də metanol emal edən zavod haqqında ilkin düşüncələrini kəskin şəkildə dəyişməyi qarşıya məqsəd qoyublar. Zavod haqqında ilkin təsəvvür deyərkən hisli-paslı avadanlıqları, fəhlələrin gündəlik iş geyimləri və s. nəzərdə tutulur. Amma burada yaradılmış səliqə və “Küləklər məkanı”nda nümayiş olunanlar bu təsəvvürləri dağıdaraq, insana və onun əməyinə, insan hisslərinə, gözəllik duyğularına verilən yüksək dəyərlə, əslində humanist düşüncə tərzi ilə qarşılaşırlar.
Açıq səma altındakı bu muzeydə nümayiş olunan, adi halda əhəmiyyətsiz dəmir parçası kimi qəbul edəcəyimiz metal konstruksiyalardan yığılmış qeyri-adi formalar, onların rəngkar məntiqi ilə rənglənməsi, hər bir detalın üzərindəki yazılar və xaotik xətlər bu obyektlərin sadəcə metal tullantıları olmadığını göstərir. Eyni zamanda bu, insanın ətraf aləmə münasibətini, gerçəkliyə hansı gözlə baxdığını, hər yerdə gözəllik axtardığını təzahür etdirir. Buradakı optimizm, konstruksiyaların yalnız formasında deyil, onun ümumi koloritində, məzmununda görünür. Biz metal, dəmir hissələri deyəndə öncə təsəvvürümüzdə bir ağırlıq canlandırırıq. Çünki dəmir xassə etibarı ilə həqiqətən ağır metaldır. Amma müəlliflərin istifadə etdikləri formalar, yel dəyirmanının pərlərini, nəhəng arabanın təkərlərini, arabanı xatırladan formalardan ərsəyə gətirdikləri “Küləklər fabriki”, “Qalaktik uçuş sistemi”, “Naməlum dünya” (A.Sadıxzadə), “Naməlum meteorologiya” (A.Ousseynov), “Kosmik rabitə sistemi” (A.Mahmudova) və s. art obyektlərin isti rənglərinin xoş ovqatı bu sənaye məkanın ümumi görkəmindəki ciddiliyi ortadan qaldırır. Rəssamların rəng palitrasındakı şux rənglər zahirən gərgin auraya daxil olan tamaşaçını öz oyununun sehrli təsiri altına salır, ona müsbət enerji verir. Həm də bu enerjinin qaynağı təkcə rənglər deyil. Eyni zamanda, Xəzər sahillərinin bol günəşli havası, rəssamların öz işlərinə ürək hərarəti ilə yanaşmalarıdır.
Əgər muzeyə təyyarədən baxmış olsaq, gözümüzün önündə uzaq planetləri, bilmədiyimiz sirli göy cisimlərini xatırladan xaotik, lakin özünəməxsus anlamı olan kodlaşdırılmış bir mənzərə ilə qarşılaşmış olarıq. Abşeron torpağının bol enerjisi rəssamların ürəyindən gələn hərarətlə birləşərək sonsuz səmada kainatın nəhayətsizliyinə qovuşur. Diqqətçəkən məqamlardan biri də budur ki, hər bir əsər istər ayrılıqda, istərsə də birlikdə bir tam kimi baxılan, fərdi və bütöv estetikaya malik sənət əsəri kimi qarşımıza çıxır.
Özünəməxsus bədii, estetik və emosional təsir gücü ilə yanaşı, bu muzeyin və “Küləklər məkanı”nın yaranması şirkət rəhbərinin incəsənət sevgisi ilə bərabər, ölkədə yeni sənaye və mədəni inkişafın təzahürünün meydana gəlməsi ilə də əlamətdardır.
Qalib Qasımov,
sənətşünas
Mədəniyyət.-
2013.- 17 may.- S. 8.